Xankəndidə rus konsulluğu necə açıla bilər? – Şərtlər bu cürdür: Sabiq nazir açıqladı

 

Rusiya tərəfinin bu il Azərbaycanın Qarabağ bölgəsində baş konsulluq açmaq niyyəti heç də birmənalı deyil. Bu, daha çox presedentlərlə bağlı olan bir məsələdir. Azərbaycanın Rusiya ərazisində iki konsulluğu fəaliyyət göstərir. Yekaterinburq və Sankt-Peterburqda Azərbaycanın konsulluğu mövcuddur.

Bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O qeyd edib ki, bunun qarşılığında Rusiyanın Azərbaycan ərazisində yalnız səfirliyi var:

“Mən xarici işlər naziri olan vaxtda da Rusiya tərəfindən Azərbaycanda konsulluğun açılması məsələsi gündəmə gətirilmişdi. Rusiya tərəfi Gəncədə konsulluq açmaq niyyətini ifadə etmişdi. Hətta bununla bağlı müəyyən danışıqlar da aparıldı. Amma sonra proses dayandı. İndi isə Karasin səviyyəsində (Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər üzrə Komitəsinin başçısı Qriqori Karasin) bu məsələ qaldırılıb”.

Sabiq nazir hesab edir ki, Azərbaycan ərazisində Rusiyanın konsulluq açması ancaq Xarici İşlər Nazirlikləri arasında olan rəsmi müraciət əsasında gündəmə gələ bilər:

“Rusiya tərəfi bununla bağlı rəsmi şəkildə müraciət etməlidir. Çünki bu, kimin harada ürəyi istədi gəlib konsulluq açmaq istəyinə bağlı olan məsələ deyil. Diplomatiyada isə konsulluqların açılması paritet əsaslarda formalaşdırılır. Azərbaycanın Rusiyada səfirlikdən əlavə iki konsulluğu varsa, bu, eyni qaydada olan prinsiplərə uyğunlaşır. Yəni Rusiya da Azərbaycanda iki konsulluq açmaqla bağlı rəsmi müraciət etmək hüququna malikdir”.

Elmar Məmmədyarov bildirib ki, konsulluğun açılması ilk növbədə təhlükəsizlik məsələsi ilə bağlıdır:

“Konsulluğun açılması daha çox kimə xidmət edəcək məsələsi şərti ilə mümkün olur. Rus vətəndaşları Xankəndidə yaşamır. Hələlik orada rus da yoxdur. Qarşı tərəf burada rus vətəndaşı yaşamasa belə başqa arqumentləri də əsaslandıra bilər. Bu mərkəz və digər amillərlə bağlıdır. Vaxtilə Qəbələdə olan rus hərbi kontigentinin mövcudluğunu əsaslandırıb Gəncədə Rusiya konsulluğunu açmaq istəyirdilər. Deyirdilər Qəbələ kiçik bir bölgə olduğuna görə Gəncəni seçirik. Bu sözsüz ki, kəşfiyyat məlumatları ilə əlaqəlidir. Maraqlısı isə odur ki, Rusiya Naxçıvanda konsulluq açmaq istəmir. Çünki Naxçıvanda Türkiyə və İranın konsulluğu olduğu halda Rusiyanın da burada konsulluq açmasında elə bir problem yoxdur. Əslində bu gün Rusiya Zəngəzur dəhlizi və İran üzərindən açılacaq yola olan marağı kontekstində Lənkəran və yaxud Astarada konsulluq açaraq prosesləri yaxından izləyə bilər. Məntiq də bunu deyir. Xankəndidə isə konsulluğu açmaq məntiqini başa düşmək çox çətindir”.

Xatırladaq ki, Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər üzrə Komitəsinin başçısı Qriqori Karasin Azərbaycandan olan həmkarı Səməd Seyidovla görüşü zamanı Azərbaycanın Qarabağ bölgəsində konsulluq açmaq niyyətində olduqlarını bəyan etmişdi.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password