Kremlin iki variyant üzərində qurulan strategiyası… – Rusiya nəyi planlayır, ABŞ-nin məqsədi nədir?

 

Rusiyanın Ukraynadakı müharibə ilə bağlı hərbi-strateji planı onun Qərb dünyası ilə qarşıdurması kontekstindən dəyərləndirilməlidir. Müşahidələrdən çıxarılan ümumi nəticəyə əsasən bundan sonra Rusiya ordusu vahid məqsədə doğru yönələn mərhələli və çoxşaxəli hərbi plan çərçivəsində fəaliyyət göstərəcək.

Rusiyanın müharibə ilə bağlı strategiyası demək olar ki, konkretləşib. Bu strategiya iki variant üzərində qurulub.

Onların birincisi strateji variantda müharibəni Rusiyanın şərtləri daxilində mümkün qədər uzatmaq və Ukraynaya hər hansı təşəbbüs əldə etməyə imkan vermədən onu yorucu mövqe döyüşlərinə çəkməkdən ibarətdir. Müharibənin uzadılması o demək deyil ki, Rusiya cəbhəni sürətlə yarıb daha böyük ərazilər zəbt etmək və Ukrayna ordusunu tezliklə məğlub etmək niyyətindən vaz keçir. Axı, uzunmüddətli hərbi planlama gündəlik hadisələr üzərindən yox, müəyyən doktrina əsasında həyata keçirilir.

İkinci strateji variant isə Qərbin Ukraynaya edəcəyi yardımların xarakterindən asılıdır. Yəni, Rusiya prosesləri diqqətlə izləyəcək və görsə ki, ABŞ və Avropa Ukraynaya geniş miqyaslı hərbi tədarükə başlayıb, o zaman ikinci varianta keçəcək. Bu, Rusiyanın sülhə hazır olması variantıdır. Hələlik isə Qərb dünyası Ukraynaya tam istənilən səviyyədə kömək göstərməkdən yayınır.

Əlbəttə, müharibə aparan hər bir tərəf rəqibinin döyüş qabiliyyətini, onun resurs imkanlarını və hansı sxem əsasında fəaliyyət göstərmə ehtimallarını nəzərə almalıdır.

Rusiyanın sözügedən hipotetik strateji planı aşagıdakılardan ibarət ola bilər:

1)Ukraynanın taqətdən salınması nəzərə alınmaq şərti ilə cəbhənin müxtəlif istiqamətlərindən operativ-taktiki hücum əməliyyatları həyata keçirilməli və bu hücumların arası kəsilməməlidir.

2)Rusiyanın əsas zərbə istiqamətinin Ukrayna tərəfindən müəyyənləşdirilməsinin mümkün olmaması üçün ayrı-ayrı istiqamətlərdəki hücumların intensivliyini gah artırmaq, gah da azaltmaq. Belə olan təqdirdə Ukrayna konkret qərara gələ bilməyəcək və qüvvələrini səpələmək məcburiyyətində qalacaq.

3)Arxa cəbhədə əsgər toplanılmasının qrafikə uyğun şəkildə yerinə yetirilməsi, silah və mərmi istehsalının maksimum həddə çatdırılması.

4)Qərb dünyasına qarşı hədələyici tədbirlər və təhdidlər davam etdirilməlidir. “Nüvə dəyənəyi” elə yelləndirilməlidir ki, Avropa ölkələri real təhlükə hiss etsinlər və Ukrayna naminə riskə getməyin mənasız olması fikrinə gəlsinlər.

5)Qərbin Ukraynaya hansı formada silah verməsini hesablamaq şərtilə müharibəni uzatmaqla yanaşı, Ukrayna ordusunun zəif yerlərini, boşluqlarını aşakarlamqla cəbhənin yarılması istiqamətində yavaş-yavaş irəliləmək.

6)Prezident Zelenski daxil olmaqla Ukraynanın yüksək vəzifəli şəxslərinə qarşı sui-qəsd əməliyyatları hazırlanmalıdır. Bu əməliyyatların uğursuzluğu elə də önəmli deyil, əsas məsələ Ukrayna cəmiyyətində Rusiya kəşfiyyatının nə dərəcədə qüdrətli və cəsarətli olması təsvvürünün yaradılmasıdır.

7)Rusiyanın müharibədəki itkilərini aylar və rüblər üzrə planlaşdırmaqla daxili cəmiyyəti buna uyğunlaşmağa meylləndirmək və yalanın dozasını yüksəltmək. Bundan sonra müharibəni başladan tərəfin məhz Ukrayna olduğu tez-tez vurğulanmalıdır.

8)Kreml hər nə qədər döyüşkən ritorika nümayiş etdirsə də sülhpərvər olduğunu da göstərməlidir. Ona görə də Kremlin siyasi texnologiyasında Rusiyanın müharibə istəmədiyini, onun dinc yaşamaq niyyətində olduğunu nümayiş etdirməsi, Vladimir Putinin vaxtaşırı sülh barəsində danışması çox vacibdir.

Bütün sadalananların hamısı mülahizə xarakterli olsa da, Rusiya təxminən buna bənzər strateji əməliyyat həyata keçirir.

Amma maraqlısı odur ki, Kremlin indiyədək etdiklərinin əksəriyyəti Qərbin böyük ölçüdə hər şeyə göz yumması hesabına baş verib. Amerika verdiyi silahlarla Ukraynanın Rusiya ərazisinə zərbələr vurmasına imkan vermir və deyir ki, gərginliyi artırmaq olmaz. Almaniya kansleri Şolts da öz növbəsində söyləyib ki, Ukraynanın Qərb silahları ilə Rusiyadakı obyektləri vurmasına yol verilməməlidir. Bu absurd qadağa yəqin ki, mütləq götürüləcək.

Qərbin bu cür ikibaşlı davranışı artıq Zelenskini də təngə gətirib. O, müsahibələrinin birində etirazla deyib ki, Qərb istəyir ki, Ukrayna elə qalib gəlsin ki, Rusiya məğlub olmasın. Yəni, Qərbin müharibəni öz nəzarətində saxlaması artıq böyük bir sirr deyil. Təbii ki, bunu Rusiya rəhbərliyi də anlayır. Amma Vladimir Putin düşünür ki, Ukraynanın resursu məhduddur və əgər Rusiya bütün imkanlarını lazımi səviyyədə müharibəyə yönəltsə, məqsədlərinə çata biləcək.

Bəs, Qərb niyə bu cür siyasət yürüdür?

“Qərb dünyası” termini konkret məna daşısa da, indiki vəziyyətdə fərqli və ziddiyyətli maraqlar öndə dayanır. Qərbin lideri ABŞ-dir. Çox böyük ehtimalla ABŞ müəyyən dəyişikliklər etmək şərtilə Avropa qitəsində geostrateji güclər balansının köhnə variantını saxlamaq niyyətindədir.

Yəni, Rusiya güc və təhdid mərkəzi kimi qalmalıdır ki, Avropa müstəqil xarici siyasətdən məhrum olsun və bu təhlükədən qorunmaq üçün Amerika Birləşmiş Ştatlarına ehtiyac duysun. Ən azından İkinci Dünya Müharibəsindən sonrakı dövrdən indiyədək məhz bu cür olub. SSRİ dağılandan sonra Rusiya yerdə sürünürdü. 1996-cı ildə çeçen lideri Zelimxan Yandarbiyevin Kremldə Boris Yeltsin ilə görüşü buna bariz nümunədir. Rusiyanın pullanmasının, yenidən ayağa durmasının və dikbaşlığının banisi elə məhz ABŞ-dir.

Amerika Ukraynanın Rusiya qarşısında dəhşətli məğlubiyyətə uğramasına imkan verməyəcək, lakin Rusiya Avropa üçün nə qədər “bostan qorxuluğu” rolunu oynasa da, o, indiki siyasətindən əl çəkməzsə, dərin tənəzzülə sürüklənəcək və kapitalizmin mərkəzi ABŞ-yə möhtac qalacaq. Hələ ki, bunun əlamətləri tam görünmür və Putin fikirləşir ki, Rusiyanın imperiya həyatının əsas qayəsi Ukrayna ilə bağlıdır. Bu, olduqca səfeh siyasətdir. Rusiya imperiya tarixi boyunca indiyədək Qərb dünyası sayəsində yaşayıb. Hətta SSRİ özünü qətiyyən Qərbdən təcrid hala salmaq barədə düşünmürdü və onun texnoloji inkişafında ABŞ-nin müstəsna rolu olub.

Rusiyanın problemləri təkcə siyasi və geostrateji yox, tarixin inkişaf prosesi ilə bağlıdır. Şübhəsiz ki, bu problem Amerikadan da yan ötüşməyib. Lakin öz tarixi inkişaf prosesində Qərb Rusiyadan yox, əksinə Rusiya Qərbdən asılı olub. Ona görə də onun Qərbdən qoparılıb atılması Rusiya Federasiyasının sonunu qaçılmaz edə bilər. Çin tipik Asiya dövlətidir və Rusiyanın öz müqəddəratını onun ixtiyarına verməsi axmaqlıq olardı…

Əlbəttə, Putin çılğın fanatik deyil, realistdir və öz taleyi barədə də fikirləşir. O, Qərbin Ukraynaya zəif hərbi yardım etdiyini görür və bunun daim belə olmayacağını yəqin ki, anlamamış deyil. Artıq Qərb dövlətləri silah istehsalını tədricən artırmağa başlayırlar və çox güman ki, yaxın 2-3 il ərzində ABŞ və Avropada kifayət qədər silah və sursat olacaq. Bunun bir hissəsinin Ukraynaya verilməsi Rusiyanın strateji planlarını alt-üst edə bilər.

 

 

 

Ona görə də Rusiya prezidenti birinci strateji variantda mümkün qədər irəli getməyi planlaşdırsa da, onun ikinci strateji variantında harada dayanmaq da var. Rusiyanın Ukraynada daha çox ərazi qamarlamağa can atmasının başlıca səbəbi bazarlıq masası arxasında alış-verişə girişmək məqsədi daşıyır.

Qərbin Ukraynaya lazımı səviyyədə kömək etdiyini görən Rusiya bunu kritik məqam hesab edəcək və geriyə qayıtmaq, özünü xilas etmək naminə uca səslə sülh barəsində danışacaq. Belə ki, Vladimir Putin müharibə başlayandan indiyədək mütəmadi olaraq sülhdən söz salır. Bu, psixoloji, imformativ- təbliğat üsuldur, çoxfunksiyalı məqsəd daşıyır və “KQB”-nin köhnə texnologiyasının təzələnmiş modifikasiyasıdır. Kreml rəhbəri düşünür ki, onun beynəlxalq ictimaiyyət üçün istifadə etdiyi fəndləri anlayan yoxdur. Putin demək istəyir ki, baxın, mən hər dəfə sülhə çağırıram, lakin ukraynalılar inadlarından əl çəkmirlər, müharibədə isə günahsız insanlar ölür.

O, elə bir uydurulmuş reallıq yaratmaq fikrindədir ki, hadisənin mahiyyəti, onun mənbəyi və səbəbləri arxa plana itələnsin. Daha doğrusu, istənilir ki, Rusiyanın beynəlxalq hüququ pozması və Ukraynaya qarşı işğalçılıq müharibəsi aparması unudulsun və hamı sülhdən danışsın.

Bəs mücərrəd sülhü təklif edən kimdir? Putin. Deməli, Ukraynada müharibə aparan, şəhərləri viran qoyan, dinc əhalinin üzərinə bombalar tökən işğalçı Rusiya özünü sülh carçısı kimi tanıtdırmağa çalışacaq.

Beləliklə, Rusiya hadisələrin ümumi dinamikasına uyğun strateji kurs tutacaq. Bunun üçün çoxgedişli və mürəkkəb kombinasiyalardan istifadə ediləcək. Kreml mümkün olanı həyata keçirir, əgər Qərb sözdə yox, əməldə sərt tədbirlər görməyə başlasa, Moskva buna adekvat reaksiya verərək geriyə çəkilmək məcburiyyətində qalacaq. Hələlik isə Qərbin davranışlarından çıxarılan qənaətə görə, Ukraynada gedən müharibə uzanacaq…

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password