Suverenliyin bərpası istiqamətində növbəti addım: Dəqiqliklə icra olunan PLAN
Azərbaycan sərhədçiləri Qazaxın azad edilmiş dörd kəndini nəzarətə götürüblər. Bu barədə baş nazirin müavini Şahin Mustafayevin xidməti məlumat yayıb. Bildirilib ki, delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun dörd kəndinin – Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin olunub. Mayın 24-də Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən nəzarətə götürülüb.
Mayın 24-də işğaldan azad edilən dörd kənddə Azərbaycanın Dövlət bayrağı ucaldılıb, Dövlət Himni səsləndirilib. Dövlət Sərhəd Xidməti Baş Qərargahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi, general-mayor Vüsal Sultanov bununla bağlı Prezident İlham Əliyevə məruzə edib.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Suverenliyin bərpası istiqamətində növbəti addım
Qeyd edək ki, 30 ildən artıq işğal altında qalmış sözügedən kəndlərin geri qaytarılması Azərbaycanın suverenliyinin bərpası istiqamətində yürütdüyü siyasət və atdığı addımların növbəti uğurlu təzahürüdür. 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın imza atdığı kapitulyasiya aktına əsasən, Ağdam, Kəlbəcər və Laçının döyüşsüz işğaldan azad edilməsi, ardınca antiterror tədbirləri ilə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə rayonlarının suverenliyimiz altına qayıtması növbəti prosesin məhz bu zamana qədər işğal altında qalmış kəndlərimizlə bağlı olacağının göstəricisi idi.
Qazaxın kəndləri üzərində nəzarətin tam bərpa olunması bir daha Azərbaycanın doğru siyasət yürütdüyünü təsdiqləyir. 44 günlük müharibə ilə başlayan, antiterror tədbirləri ilə davam etdirilən suverenliyimizin tam bərpası prosesi dörd kəndin geri qaytarılması ilə yeni mərhələyə qədəm qoyub. Bu uğurların əsasında Azərbaycanın müstəqil siyasi kursu, hərbi və iqtisadi qüdrəti, beynəlxalq səviyyədə artan çəkisi və bölgənin lider dövləti olması, ən əsası isə sarsılmaz xalq-iqtidar birliyi dayanır.
“Bir qarış torpağımız belə, işğal altında qalmayacaq”
Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu məsələ 2020-ci il qələbəsindən dərhal sonra Bakının sülh gündəliyinin əsas prioritetlərindən biri olub. Ali Baş Komandanın “bir qarış torpağımız belə, işğal altında qalmayacaq” bəyanatı bu gün bir daha özünün rəsmi təsdiqini əməldə tapır. Hər şeyin vaxtında və dəqiq ölçülüb-biçilmiş zərgər dəqiqliyi ilə reallaşdırılması Azərbaycanın ali rəhbərliyinin yürütdüyü siyasətin məntiqi nəticəsidir.
İflasa uğrayan məkrli planlar
Qeyd edək ki, tarixi qələbəmizdən sonra istər sərhədlərin müəyyənləşdirilməsi, istərsə də sülh danışıqlarının nəticəsiz qalması istiqamətində kənar müdaxilələrin qarşısı səbir və təmkinlə alındı. Ermənistanı yenidən revanşizmə səsləyən, bölgədə separatizmi körükləməyə çalışan, işğal altında qalan kəndlərin geri qaytarılmasını əngəlləyərək vəziyyətin gərginləşməsini istəyənlərin planları Bakının dəmir siyasi iradəsi, uzaqgörən siyasəti və diplomatik gedişləri ilə ortadan qaldırıldı. Azərbaycan Prezidentinin irəli sürdüyü ikitərəfli danışıqlar formatı sülh prosesinin əsasını təşkil etdikdən sonra, İrəvan Bakının tələbləri ilə razılaşmaqdan başqa çarəsinin qalmadığını gördü. Prezident İlham Əliyevin bir cümləlik “bu kəndlər işğaldan dərhal azad olunmalıdır” xəbərdarlığı qarşı tərəfin Azərbaycanın tələbini gözardı etməyin onlar üçün nələrə səbəb olacağını anlaması üçün kifayət etdi.
İlham Əliyevin xalqımıza bayram hədiyyəsi
Mayın 24-ü həm də İlham Əliyevin növbəti müddət üçün prezidentlik fəaliyyətinə başlamasının 100-cü günü idi. Prezident kimi yeni dönəmə başlamamışdan öncə andiçmə mərasimində çıxışı zamanı qarşıya qoyulan hədəfləri açıqlayan dövlət başçısı qısa zaman kəsiyində bu istiqamətdə nə dərəcədə uğurlu addımların atıldığını öz əməli fəaliyyəti ilə göstərdi. Bir aydan az bir müddətdə dörd kəndin qaytarılması istiqamətində aparılan danışıqlar, Ermənistanla ilk dəfə olaraq dövlət sərhədinin bir hissəsinin rəsmən razılaşdırılması dövlət və milli maraqlarımıza əsaslanan bu fəaliyyətin ən bariz nümunəsidir.
Kəndlərimiz üzərində nəzarətin bərpası həm də 28 May – Müstəqillik Günü ərəfəsinə təsadüf edir. Bu səbəbdən bunu həm də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımıza bayram hədiyyəsi kimi də qiymətləndirə bilərik.
Yeni inkişaf mərhələsi başlayır
İndi işğaldan azad edilən bu kəndlərimizlə bağlı yeni inkişaf mərhələsi başlayır. Yuxarı Qarabağ, Şərqi Zəngəzur da daxil olmaqla, işğaldan azad edilmiş bütün ərazilərimizdə başladılan bərpa-quruculuq prosesi ən qısa zamanda Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılıya da çatacaq. Bu torpaqlar əsl sahiblərinə qovuşacaq və həyat yenidən qaynayacaq.
Prezident İlham Əliyevin “Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!” bəyanatı bu tarixi anla daha da geniş miqyas aldı. Biz bu gün bu torpaqlarla yanaşı, artıq əbədi olaraq Bağanıs Ayrımdayıq, Aşağı Əskiparadayıq, Xeyrımlıdayıq, Qızılhacılıdayıq….