İlham Əliyevə təbriklər gəlməkdə davam edir

 

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Müstəqillik, suverenlik, bərabərlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı qardaşlıq və dostluq zəminində yaradılmış Türk Dövlətlərin Təşkilatının sadiq olduğu təməl prinsiplərdəndir. Azərbaycan Respublikasının təşkilat çərçivəsində tərəfdaşlıq və inteqrasiya proseslərinin inkişafına verdiyi töhfə nəinki üzv dövlətlərimizdə, həmçinin bütövlükdə regionumuzda sülh, sabitlik, təhlükəsizlik və rifahın möhkəmləndirilməsinə xidmət edir.

Əminəm ki, Sizin təşəbbüsünüz əsasında bu ilin iyul ayında Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi əməkdaşlığımızı daha da gücləndirəcəkdir.

Zati-aliləri, fürsətdən istifadə edərək Sizə bir daha dərin ehtiramımı bildirir, Azərbaycan xalqının rifahı naminə işlərinizdə yeni uğurlar diləyirəm”.

***

Rumıniyanın Prezidenti Klaus Verner İohannisdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

“Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə təbriklərimi çatdırır, xalqınıza firavanlıq və əmin-amanlıq arzulayıram.

Ölkələrimiz arasında sıx əlaqələr möhkəm prinsiplərə və ümumi strateji maraqlara əsaslanır. Rumıniya ilə Azərbaycan Respublikası arasında ikitərəfli və ya regional səviyyədə həyata keçirilən çoxsaylı layihələr münasibətlərimizin mükəmməl səviyyəsini əyani şəkildə nümayiş etdirir.

Azərbaycan Rumıniya üçün Cənubi Qafqaz regionunda yaxın və etibarlı strateji tərəfdaşdır. Sizi əmin edirəm ki, Rumıniya strateji tərəfdaşlığımızı gücləndirmək üçün ciddi səylər göstərir. Mən tam inanıram ki, bizim birgə səylərimizlə ikitərəfli əməkdaşlıq enerji, nəqliyyat, təhsil, ticarət və investisiya kimi böyük əhəmiyyət kəsb edən sahələrdə bundan sonra da inkişaf edəcəkdir.

Eyni zamanda, Rumıniya Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında dialoqu dəstəkləmək üçün qətiyyətlə fəaliyyət göstərməyə davam edəcəkdir.

Cənab Prezident, xahiş edirəm mənim xüsusi ehtiramımı qəbul edəsiniz”.

***

17:02

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

“Zati-aliləri.

Ölkəniz və xalqınız üçün əlamətdar gün olan Müstəqillik Günü münasibətilə İsrail Dövləti və xalqı adından Sizə və Azərbaycan vətəndaşlarına səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Xalqlarımız arasında uzun illərdir davam edən dostluq ildən-ilə dərinləşmiş və mühüm əhəmiyyət kəsb edən strateji tərəfdaşlığa çevrilmişdir. Ölkələrimiz arasındakı əlaqələr Azərbaycan xalqı ilə yəhudi xalqı arasında əsrlər boyu davam edən möhkəm təməl üzərində qurulan dostluq münasibətlərinə əsaslanır. Bizim tarixi əlaqələrimiz bu gün qarşılıqlı hörmət, etimad və səmimi münasibətlərə əsaslanan tərəfdaşlığa çevrilib və bu, genişlənməkdə, möhkəmlənməkdə davam edir.

İqtisadi, siyasi, təhlükəsizlik sahələrində ikitərəfli dialoqumuz və əməkdaşlığımız yeni zirvələrə yüksəlib və əminəm ki, bu əlaqələrimiz gələcəkdə də inkişaf edəcəkdir. İsraildə xeyli sayda Azərbaycan yəhudiləri yaşayır və bizim cəmiyyətimizin bu şərəfli üzvləri xalqlarımızı birləşdirən canlı körpü rolunu oynayır.

Keçən il bir sıra səmərəli müzakirələr aparmaq üçün gözəl ölkənizə səfər etmək Mixal və mənim üçün xüsusi şərəf oldu. Mən Sizin və birinci xanımın bizim nümayəndə heyətimizə göstərdiyiniz səmimi qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirirəm.

Biz xalqlarımız arasında möhkəm dostluq münasibətlərini yüksək qiymətləndiririk. Mən vəzifədə olduğum müddətdə əlaqələrimizi daha da genişləndirməyə sadiqliyimi bildirirəm. İmkanlar genişdir və ikitərəfli əlaqələrimizi möhkəmləndirməyə davam etmək üçün xalqlarımızın xoş niyyəti var.

Fürsətdən istifadə edərək, COP29-da iştirak etmək üçün dəvətə görə Sizə minnətdarlığımı bildirirəm. İqlim dəyişikliyi ilə bağlı məsələlərin həlli yollarının tapılmasına yönəlmiş bu mühüm beynəlxalq toplantıya ev sahibliyi etməyə hazırlaşdığınız vaxtda Sizə uğurlar arzulayıram. Mən şəxsən bu ilin sonunda bu mühüm tədbirdə iştirakı səbirsizliklə gözləyirəm.

Bir daha Sizə, birinci xanıma və bütün Azərbaycan xalqına sülh və rifah arzulamaqdan şərəf duyuram.

Hörmətlə və ən xoş arzularla”.

***

16:30

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

“Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə, Sizin şəxsinizdə hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər, xalqınıza xeyir-bərəkət və tərəqqi arzu edirəm.

Fürsətdən istifadə edərək, ölkələrimizi və xalqlarımızı birləşdirən həmrəylik əlaqələrini təqdir edir, bundan fəxarət hissi duyduğumuzu bildirirəm. Xalqımızın azadlıq və müstəqillik hüquqlarına dəstək verən mövqeyinizi yüksək qiymətləndirirəm.

Xahiş edirəm, ən xoş arzularımı qəbul edəsiniz”.

***

15:43

Albaniya Prezidenti Bayram Beqaydan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

İcazə verin, ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırım.

Mən Albaniya və Azərbaycanın dostluğun, əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində əldə etdiyi böyük nailiyyəti xüsusi olaraq məmnunluqla qeyd edirəm. Biz dostluq münasibətlərinin və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsində çox maraqlıyıq. Əlaqələrimizin hər iki ölkənin mənafeyinə uyğun olaraq yeni səviyyələrə yüksəldilməsinin əhəmiyyətini vurğulayıram.

Fürsətdən istifadə edərək bu ilin martında Azərbaycana səfərim zamanı mənə göstərilən qonaqpərvərliyə görə Sizə səmimi-qəlbdən təşəkkürümü bildirirəm.

Zati-alinizə və Azərbaycan xalqına davamlı uğurlar, inkişaf, firavanlıq və xoşbəxtlik arzulayıram”.

***

İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherd Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və həmvətənlərinizə İsveçrə Federal Şurası və İsveçrə vətəndaşları adından təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Bu fürsətdən istifadə edərək ölkənizə və vətəndaşlarınıza xoşbəxt, uğurlu gələcək arzu edirəm.

Beynəlxalq hüquqa və BMT-nin Nizamnaməsində təsbit olunmuş ümumbəşəri prinsiplərə hörmət sülh və firavanlıq dünyasına doğru səylərimizdə bizim ən yaxşı bələdçimiz olaraq qalır. Məmnunam ki, ölkələrimiz arasında belə səmərəli əlaqələr davam edir.

Əminəm ki, biz gələcək illərdə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığımızı inkişaf etdirə və dərinləşdirə biləcəyik.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin”.

***

14:54

İsveçin Kralı XVI Karl Qustav Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm”.

***

Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

“Zati-aliləri.

Əlamətdar bayram – Azərbaycan Respublikasının müstəqilliyinin 106-cı ildönümü münasibətilə Kraliça Raca Zarit Sofia ilə birlikdə Zati-alinizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.

Əminik ki, Malayziya ilə Azərbaycan arasında mövcud olan möhkəm dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daha da inkişaf edəcəkdir.

Uca Allahdan Zati-alinizə cansağlığı, Azərbaycan Respublikasına və onun xalqına davamlı sülh, rifah və tərəqqi arzulayırıq”.

***

14:08

San-Marino Respublikasının Kapitan-Regentləri Alessandro Rossi və Milena Qasperoni Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına San-Marino xalqı adından və öz adımızdan təbriklərimizi, ən xoş arzularımızı çatdırırıq.Bu əlamətdar gündə Zati-alinizə ən yüksək ehtiramımızı bildirir, uğurlar diləyir, Azərbaycan xalqına firavanlıq və rifah dolu gələcək arzu edirik”.

***

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

“Zati-aliləri.

Gürcüstan hökuməti adından və şəxsən öz adımdan Sizi və xalqınızı Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İcazə verin Sizə və Azərbaycan xalqına dərin ehtiramımı ifadə edim, sülh, rifah və uğurlar arzulayım.

Gürcüstan və Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq dərin, uzun əsrlik dostluq ənənəsinə əsaslanır ki, bu da ölkələrimizin səmərəli əməkdaşlığının inkişafı üçün mühüm amildir.

Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycanla ikitərəfli və mehriban qonşuluq münasibətlərinin dərinləşməsi bizim hökumətimizin ən əsas prioritetidir. Gürcüstan ilə Azərbaycan arasında qarşılıqlı etimad və dəstək prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq ölkələrimizin əlaqələrinin dinamikasının güclənməsinə müsbət təsir göstərmişdir. Əminəm ki, əməkdaşlığımız daha da möhkəmlənəcək və regionda rifahın, sabitliyin təmin olunmasına öz töhfəsini verəcəkdir.

Zati-aliləri, fürsətdən istifadə edərək Sizə bir daha dərin ehtiramımı ifadə edir, qardaş Azərbaycan xalqına firavanlıq, əmin-amanlıq və nailiyyətlər diləyirəm”.

***

12:01

İndoneziya Respublikasının Prezidenti Coko Vidodo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Zati-alinizə böyük məmnuniyyətlə İndoneziya Respublikasının hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Bu xüsusda icazə verin İndoneziya ilə Azərbaycan arasındakı dostluq münasibətlərinə görə Sizə səmimi təşəkkürümü bildirim. Əldə edilən nailiyyətlər dövlətinizin uğurlu siyasətinin təsdiqidir. İnanıram ki, xalqlarımızın qarşılıqlı olaraq bir-birinə təklif edəcəyi çox məsələlər var və əməkdaşlığımızın ölkələrimiz üçün əhəmiyyətli faydalar hasil edəcəyinə əminəm.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə bir daha dərin ehtiramımı ifadə edirəm”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password