Dörd kəndin qaytarılması Prezident İlham Əliyevin tarixi zəfərlər silsiləsinin davamıdır
Qazaxın dörd kəndinin geri qaytarılması dövlətimizin, onun lideri Müzəffər Ali Baş Komandanın tarixi zəfərlər silsiləsinin davamıdır. Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması dövlətimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin diplomatik müstəvidə davamı deməkdir. Bir güllə belə atılmadan dörd kəndin azad edilməsi faktı növbəti dəfə sübut etdi ki, ölkəmiz hərbi müstəvidə olduğu kimi, diplomatiyada da güclüdür və öz istəyini diktə edə bilir.
Bunu açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik baş verənlərin dövlətimizin diplomatik qüdrətinin təntənəsi olduğunu vurğulayaraq bildirib:
“Unutmaq olmaz ki, bu gün erməni kilsəsi və Ermənistan daxilindəki revanşist qüvvələr, habelə xaricdəki erməni diasporu Azərbaycanla Ermənistan arasında istənilən razılaşmanın əldə edilməsinə qarşıdır. Onlar Azərbaycanın tarixi torpaqlarının ölkəmizə qaytarılması reallığı ilə barışmaq istəmirlər. Buna görə də rəsmi İrəvanın ünvanına ciddi ittihamlar səsləndirirlər. Məhz belə bir mürəkkəb situasiyada rəsmi Bakının milli maraqlarımızın müdafiəsi istiqamətində bu cür mühüm razılaşma əldə etməsi ikiqat uğur hesab olunur.
Bu uğuru özünəməxsus edən mühüm amillərdən biri də məlum razılaşmanın heç bir vasitəçinin iştirakı olmadan əldə edilməsidir. Məlumdur ki, dörd kəndin geri qaytarılması və bu kəndlərlə bağlı delimitasiya prosesinin yekunlaşması heç bir vasitəçinin iştirakı olmadan Azərbaycanla Ermənistanın işçi qrupları arasında əldə edilmiş razılaşmaya əsasən baş tutub. Bu isə bir daha vasitəçisiz danışıqların daha uğurlu və effektiv olduğunun göstəricisidir. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında Azərbaycanın vasitəçiyə ehtiyac duymadığını, bu şəkildə baş tutan danışıqların daha səmərəli olduğunu bəyan edib”.
Cəlil Xəlilov, həmçinin bu razılaşmaların Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsi üçün də əlverişli zəmin formalaşdırdığını da qeyd edib.
“Qazaxın dörd kəndinin geri qaytarılması, sərhədlərin delimitasiyası ilə bağlı əldə edilən razılaşmalar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün əlverişli zəmin yaradır. Rəsmi İrəvan sərhədlərin delimitasiyası və Azərbaycanın sülh səylərinin dəstəklənməsi siyasətindən imtina etməzsə, qısa zamanda iki dövlət arasında növbəti uğurlu razılaşmaların əldə edilməsinin şahidi olacağıq”, – deyə polkovnik vurğulayıb.