ABŞ yol ayırıcında: Bayden, yoxsa Tramp?
Noyabrda ayında ABŞ-də keçiriləcək prezident seçkisində iştirak edəcək əsas rəqiblər bəllidir: Ağ Evin hazırkı sahibi Co Bayden və keçmiş prezident Donald Tramp.
Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir
Məqalədə qeyd olunur ki, hər iki namizədlə bağlı müəyyən suallar var:
“Baydenin yaşı və xəstəliyi ona prezidentlik yarışında əngəl ola bilər. Ona görə belə ehtimallar da səslənir ki, Bayden mübarizədən geri çəkilərək, partiyadaşlardan birinə üstünlük verəcək. Trampla bağlı isə müəmma bundan ibarətdir ki, ona qarşı müxtəlif məhkəmə işləri var və araşdırmalar yekunlaşmayıb.
Namizədlərlə bağlı müzakirələrlə yanaşı, Vaşinqtondakı dairələri bir sual da narahat edir: kənar dövlətlər seçkiyə yenə müdaxilə edəcəklərmi?
Trampla Hillari Klintonun yarışanda Rusiyadakı dairələrin namizədlərdən birinə qarşı kiberhücumlar təşkil etdiyi və saxta ünvanlardan dezinformasiyalar yaydığı iddia edilmişdi. Bir qrup ekspert məhz bu hücumların nəticəsi olaraq, Klintonun Trampa məğlub olduğunu bildirmişdi. Hazırda Rusiya ilə yanaşı, İran və Çinin də adı çəkilir.
ABŞ Milli Kəşfiyyat Agentliyinin rəhbəri Avril Hayns bir müddət əvvəl Senatda keçirdiyi görüşdə Rusiya, Çin və İranın prezident seçkilərinə müdaxilə etməyə çalışacağını söyləmişdi. Onun sözlərinə görə, Rusiya, Çin və İranın qeyri-hökumət təşkilatları da daxil olmaqla, seçkilərə təsir etməyə çalışan xarici aktorların sayı artır.
ABŞ dövlət katibi Entoni Blinken də hesab edir ki, Rusiya və Çin seçkilərə müdaxiləyə hazırlaşır. ABŞ dövlət katibi Pekinin seçkilərə müdaxilə cəhdləri barədə faktlara malik olduğunu iddia edir. Halbuki Çin lideri Si Cinpin ötən ilin noyabrında Asiya və Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının San-Fransiskoda keçirilən sammitində Baydeni inandırmağa çalışmışdı ki, Pekin Amerikadakı seçkilərə müdaxilə etməyəcək. Əslində seçkiyə müdaxilə Çin üçün heç nəyi dəyişməyəcək. Tramp vaxtilə Çinə qarşı sərt iqtisadi qaydalar tətbiq etmişdi. Bayden prezidentliyi dövründə Trampın bu siyasəti davam etdirib, Çin məhsullarına vergiləri artırıb”.