“Heç kim zənglərimizə cavab vermədi…” – İranlı nazir PA rəhbərinin dediklərini təsdiq etmir…

 

İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş mayın 19-da Prezident, xarici işlər naziri və yüksək vəzifəli şəxslərin helikopter qəzasında həlak olması barədə mətbuata danışıb. Onun dedikləri Prezident Aparatının rəhbəri Qulamhüseyn Esmailinin bir neçə gün əvvəlki açıqlamaları ilə ziddiyət təşkil edir.

Esmaili bildrmişdi ki, qəzadan dərhal sonra Təbrizin imam-cüməsi Ayətullah Ali-Haşimi ilə telefonda danışıb. “Ondan soruşdum ki, nə olub? O, bizə nə baş verdiyini bilmədiyini dedi, harada olduğunu soruşduqda da bilmədiyini dedi. O, yalnız görə bildiyini təsvir etdi, gördüklərini təsvir etdi, məsələn, ətraf ağaclarla əhatə olunub…. Ayətullah Ali-Haşimlə üç, ya dörd dəfə telefonla danışdım. Qəzadan 3 saat sonra belə o, sağ idi…”

Nazir Mehrdad Bəzrpaş isə deyir ki, 3 helikopter saat 13:15 radələrində Təbrizə uçub və Prezidentin helikopteri protokol və anqar standartına görə ortada idi: “Cənab Mehrabian, Prezident Aparatının rəhbəri Esmaili və digər yaxınları, aparat rəhbərinin müavinləri, müxbirlər və Prezidentin bəzi mühafizəçiləri ön helikopterdə olublar. Saat 13:40 radələrində uçuş heyətlərinin bir-biri ilə danışdığını gördüm və bunun səbəbini helikopterimizin göyərtə mühəndisindən soruşdum. Dedi ki, Prezidentin helikopterini itirmişik. Bizim helikopterin pilotu ərazidə axtarış apardı, lakin heç bir iz tapmadı və biz ən yaxın nöqtəyə, Sunqun mis zavodunun ərazisinə eniş etdik. Axtarış səyləri başladı və helikopterdəki şəxslərin telefonlarına zəng etdik. Əmir-Abdullahiyanın, vilayət valisinin və cənab Ali-Haşimin telefonlarına zəng vurduq, amma cavab verən olmadı və biz narahat olduq. Bu zənglər saat 14:30 radələrinə qədər davam edib.

Məhz o vaxt ölkənin Kosmik Fəzanı İdarəetmə Mərkəzi ilə minimal əlaqə quruldu və biz helikopterin təxmini mövqeyini öyrəndik. Hələ də xilasedicilərə məlumat verməmişdik və uzaqda, Vərzeqan rayonunda idik. İşi bölüşdürdükdən sonra zavodun sexində olan 5-6 maşınla dağa doğru yola çıxdıq və eyni zamanda, helikopterin yerini tapmaq üçün əyalət mərkəzinə və əlavə olaraq xilasedici qüvvələrə məlumat verdik.

Axtarış əməliyyatına saat 14:30 radələrində başladıq və bir saat sonra hava yağışlı və dumanlı oldu. Yaxın görmə vəziyyəti pozuldu, kömək alınsın deyə, ətraf kəndlərə səpələndik.

Mobil telefon antenası (GPS) əsasında ərazini dəqiq müəyyən etmək üçün həmin ərazidə üç BTS antenası lazım idi. Ətraf ərazinin və Uzi (Vərzeqan ərazisindəki yaşayış məntəqəsi – red.) kəndinin sərhədlərini müəyyən etmək üçün bir BTS antenası var idi. Biz koordinasiya qərargahı toplantısı təşkil etdik və Tehrandan rəsmilər gəldilər. Artıq gecə idi və biz vilayətin, Təbriz Universitetinin, özəl sektorun və s. dronlarından istifadə etdik. Hava tamamilə dumanlı idi. O cür havada işləmək çətin olan termal dron istisna olmaqla, ümumən dronla axtarış çətin idi”.

Nazir bildirib ki, tədricən axtarışa yeni qüvvələr əlavə olunub. Onun sözlərinə görə, Sepah” Quru Qoşunlarının komandanı general Pakpur və “Sepah”ın baş komandanı general Səlami bölgəyə gəlib və ərazidə axtarış əməliyyatını sürətləndiriblər: “Qırmızı Aypara qüvvələri, ordu, “Sepah”, “Bəsic” və könüllülər işə girişdi. Pilotsuz təyyarələrin qabiliyyəti helikopterin yerini daha dəqiq müəyyən etməyə kömək etdi. Saat 22:00 radələrində diqqəti geniş radiuslu bir nöqtəyə yönəltdik. Ərazinin meşə olması ucbatından sıx bitki örtüyü ilə birlikdə duman görmə qabiliyyətini çətinləşdirirdi. Buna görə meşəliyi metrə-metrə yoxlamaq lazım idi. Səhər saat 4:30 radələrində qüvvələrimiz əsas məqama çatdı, kəşfiyyat-axtarış əməliyyatı bitdi. Bütün hal-qəziyyə aydın oldu: helikopterin göyərtəsində olmuş şəxslər şəhid olub. Bundan sonra cəsədlərin yeri və onların şəxsiyyətinin müəyyənləşdirilməsi məsələsi gündəmə gətirildi. Bu əməliyyatda ordu çox böyük iş gördü”.

Qeyd edək ki, yollar və şəhərsalma naziri Prezident Aparatının rəhbəri Esmailidən fərqli olaraq Təbrizin imam-cüməsi Ayətullah Ali-Haşimlə telefon danışığı olması barədə heç nə deməyib. Bundan başqa o, helikopterin Türkiyədən göndərilən AKINCI PUA-sının köməyi ilə tapıldığını da dilinə gətirmək istəməyib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password