Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin ayırdığı milyonlar Gəncədəki evlərin bərpasına necə çatmaya bilər?
Ötən gün elektron mediada 44 günlük Vətən müharibəsi zamanı Ermənistan ordusu tərəfindən Gəncə şəhərində raket zərbələrinə məruz qalaraq ev-eşikləri dağıdılan onlarla ailənin müharibənin başa çatmasından 4 il keçməsinə baxmayaraq hələ də evsiz qalmış sakinlərin şikayətləri yayılıb.
Evləri terror nəticəsində dağılmış şəxslər bildiriblər ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayev 4 ildir ki, yüzlərlə Gəncə sakinini sözün həqiqi mənasında Kərbala müsibəti yaşatmaqdadır. Şikayətçilər bildirib ki, Prezident İlham Əliyev hələ müharibə dönəmində Gəncədə raket zərbələri nəticəsində dağıdılan evlərin bərpasına göstəriş vermiş, bunun üçün büdcədən milyonlarla manat məbləğində vəsait ayırmışdı. “Həmin vaxt bu missiya tutduğu vəzifə səbəbilə Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayevə həvalə olunmuş, ona tapşırılmışdı. Lakin Prezidentin verdiyi göstərişə rəğmən 700-dən çox ev və obyektin tikinti və təmiri prosesi məqsədli şəkildə ləngidilir. Ətraflı bu lingdə: https://gundeminfo.az/manset/112593-gence-sakinleri-ermeni-terror-neticesinde-dagilmish-evlerinin-berpasini-teleb-edirler-.html
Aktualinfo.org Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən müharibə zonasından kənar Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində dağıdılmış evlərə ayırdığı vəsaitlər ətrafında araşdırma aparmışdır. Yalnız dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi 2021-2024-cü illərdə təkcə Gəncə şəhərində qəzalı vəziyyətə düşmüş, dağıdılmış evlərin təmir və bərpasına 22 783 404 manat dövlət vəsaiti ayrılıb. Burada erməni təcavüzü nəticəsində Ağcabədi, Goranboy və Beyləqan, Füzuli, Tərtər və Naftalan şəhərlərində də dağıdılmış evlərin bərbasına birgə ayrılan vəsaitlər də var ki, Gəncə şəhərinə nə qədər vəsait ayrıldığı bəlli olmur. Onları da üstünə gəlsək təkcə Gəncə şəhərində qəzalı vəziyyətə düşmüş, dağıdılmış evlərin təmir və bərpasına otuz milyon manatdan çox dövlət vəsaitinin ayrıldığını görmüş olarıq.
Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində bir neçə rayon və şəhərdə dağıdılmış evlərin bərpası üzrə keçirilən tenderlərin nəticələri aşağıdakılardır.
“Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri, Ağcabədi, Goranboy və Beyləqan rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri” üzrə dövlət satınalmalarının vahid internet portalında keçirilməmiş açıq tenderin nəticəsini açıqlayıb və “Parlaq-N” MMC ilə 2.596.000 manat məbləğində satınalma müqaviləsi bağladığını 17.05.2024-cü il tarixdə elan edib.
Qeyd edək ki, sözügedən mərkəz Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması ilə bağlı bir tenderin nəticəsini də 15.05.2024-cü il tarixdə açıqlayıb. bu satınalma müqaviləsi isə 1.062.000 manat məbləğində dəyərləndirilib və “AZ GRAFT CONSTRUCTION” MMC ilə bağlanılıb.
Mərkəz eyni məqsədlərlə 1.539.900 manat məbləğində satınalma müqaviləsini də “İNŞAAT SERVİS-2” MMC ilə 27.03.2024-cü ildə bağlayıb.
Mərkəz tərəfindən Gəncə şəhəri və Füzuli rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri”nin satın alınması ilə bağlı bir satınalma müqaviləsi də 14.03.2024-cü il tarixdə “AZ GRAFT CONSTRUCTION” MMC ilə bağlanılıb. Müqavilənin qiyməti 2.150.417,77 mamat təşkil edib.
Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri”nin satın alınması üzrə “İNŞAAT SERVİS-2” MMC ilə 1.500.000 manat məbləğində satınalma müqaviləsi də 24.07.2023-cü il tarixdə bağlanılıb.
Mərkəz eyni məqsədlərlə 2.000.000 manat məbləğində satınalma müqaviləsini də “CONCO” QSC ilə 21.07.2023-cü ildə bağlayıb.
Mərkəz tərəfindən 18.07.2023-cü il tarixdə Gəncə şəhəri, Füzuli və Tərtər rayonlarındakı bərpa işləri üzrə 2.000.000 manat “AZ GRAFT CONSTRUCTION” MMC ilə, Gəncə şəhərində, Ağcabədi, Goranboy və Beyləqan rayonlarındakı bərpa işləri üzrə isə 4.300.000 manat “Parlaq-N” MMC ilə satınalma müqavilələri bağlanılıb.
Mərkəz eyni məqsədlərlə yalnız Gəncə şəhərindəki bərpa işləri üzrə 800.000 manat məbləğində satınalma müqaviləsini də “CONCO” QSC ilə, 1.678.604,07 manatlıq satınalma müqaviləsini isə “İNŞAAT SERVİS-2” MMC ilə, Gəncə şəhəri, Füzuli və Tərtər rayonlarındakı bərpa işləri üzrə isə 2.192.164,02 manat məbləğində “AZ GRAFT CONSTRUCTION” MMC ilə 11.01.2023-cü ildə bağlayıb.
Mərkəz yalnız Gəncə şəhərindəki bərpa işləri üzrə 2.501.600 manat məbləğində satınalma müqaviləsini “Parlaq-N” MMC ilə 24.08.2022-ci ildə bağlayıb.
Gəncə şəhərindəki bərpa işləri üzrə 2.000.000 manat məbləğində satınalma müqaviləsini “İNŞAAT SERVİS-2” MMC ilə 07.06.2022-ci ildə bağlanılıb.
Mərkəz Gəncə şəhərində eyni məqsədlərlə 3.000.000 manat məbləğində satınalma müqaviləsini də “CONCO” QSC ilə 03.06.2022-ci ildə bağlayıb.
Gəncə şəhəri, Füzuli və Tərtər rayonlarındakı bərpa işləri üzrə 4.000.000 manat məbləğində satınalma müqaviləsi də “AZ GRAFT CONSTRUCTION” MMC ilə 25.05.2022-ci ildə bağlayıb.
Gəncə və Naftalan şəhərləri, Ağcabədi, Goranboy və Beyləqan rayonlarındakı bərpa işləri üzrə 4.000.000 manat məbləğində satınalma müqaviləsi də “Parlaq-N” MMC ilə 07.04.2022-ci ildə bağlanılıb.
Gəncə şəhərindəki bərpa işləri üzrə 3.500.000 manat məbləğində satınalma müqaviləsini “İNŞAAT SERVİS-2” MMC ilə 11.03.2022-ci ildə bağlanılıb.
Gəncə şəhəri, Füzuli və Tərtər rayonlarındakı bərpa işləri üzrə 3.500.000 manat məbləğində satınalma müqaviləsi də “AZ GRAFT CONSTRUCTION” MMC ilə 09.02.2022-ci ildə bağlanılıb.
Gəncə şəhərindəki bərpa işləri üzrə 2.170.500 manat məbləğində satınalma müqaviləsini “İNŞAAT SERVİS-2” MMC ilə 26.10.2021-ci ildə bağlanılıb.
Gəncə şəhəri, Füzuli, Cəbrayıl və Tərtər rayonlarındakı bərpa işləri üzrə 3.118.700 manat məbləğində satınalma müqaviləsi də “AZ GRAFT CONSTRUCTION” MMC ilə 26.10.2021-ci ildə bağlanılıb.
Gəncə və Naftalan şəhərləri, Ağcabədi, Goranboy və Beyləqan rayonlarında kı bərpa işləri üzrə 2.035.100 manat məbləğində satınalma müqaviləsi də “PARLAQ-N” MMC ilə 26.10.2021-ci ildə bağlanılıb.
Gəncə şəhərindəki bərpa işləri üzrə 1.030.800 manat məbləğində satınalma müqaviləsini “CONCO” QSC ilə 26.10.2021-ci ildə bağlanılıb.
Göründüyü kimi dövlət Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin görülməsinə satınalmalar yolu ilə külli miqarda vəsait ayırıb. İşlər də göründüyü kimi bir neçə şirkət vasitəsi ilə həyata keçirilib. Bu vəsaitlər yalnız Gəncədə dağılmış evlərin təmir bərpasına çatmaya bilərmi? Və yaxud necə çatmasın?
Qeyd edək ki, satınalmalarda qalib çıxan bu şirkətlərin barəsində Dövlət Vergi Xidmətinin məlumatlarından əlavə açıq mənbələrdə heç bir xəbərə rast gəlinmir.
“PARLAQ-N” MMC 18.01.2012-ci ildə Qarabağ Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat, hüquqi ünvanı FÜZULİ RAYONU, HORADİZ ŞƏHƏRİ, XANLAR, ev 5, qanuni təmsilçisi Nazim Həsənov İsgəndər oğludur. Vergi bəyannaməsini vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.
“AZ GRAFT CONSTRUCTION” MMC 06.08.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat, hüquqi ünvanı LAÇIN RAYONU, TAXTA KÖRPÜ, qanuni təmsilçisi Qasımov İsgəndər Bəhman oğludur. Vergi bəyannaməsini vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırda 69422.84 manat vergi borcu var.
“İNŞAAT SERVİS-2” MMC 31.08.2009-cu ildə dövlət qeydiyyatına alınıb. Əvvəlki adı “VETEKS” olub. Nizamnamə kapitalı 50 manat, hüquqi ünvanı , BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, CƏFƏR XƏNDAN, ev 40 A, m. 17, qanuni təmsilçisi Aslanov Vüqar Məzahir oğludur. Vergi bəyannaməsini vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.
“CONCO” QSC 03.03.2015-ci ildə Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2000 manat, hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, SƏMƏD VURĞUN, ev 81A, m. 1/2/3, qanuni təmsilçisi Şıxseyidov İlham Ağa oğludur.
Göründüyü kimi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində bir neçə rayon və şəhərdə dağıdılmış evlərin bərpası ancaq bu şirkətlərə həvale edilib. Bu isə müəyyən şübhələrə yol açır. Çünki açıq tender prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına səbəb olur.
Qeyd edək ki, elektron medianın yaydığı məlumatlara görə Ərazi Tikinti-Planlaşdırma Mərkəzində satınalmalara nəzarətin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Namiq Hümmətovun əlində olduğu bildirilir. Ərazi Tikinti-Planlaşdırma Mərkəzi İdarə Heyətinin sədri Ramin Abdullayevin adı da son vaxtlar bir sıra qanunazidd əməllərdə hallanmaqdadır. Burada Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun əlinin də olması istisna deyil. Gəncə şəhərində raket zərbələrinə məruz qalaraq evləri dağıdılan onlarla ailənin narazılığının görünməyən tərəflərini növbəti yazılarımızda təqdim edəcik.
Aktualinfo.org