Rəisinin ölüm xəbəri ilə hərəkətə keçdilər – İranda vəziyyət dəyişir
İran Prezidenti İbrahim Rəisinin ölümü hakimiyyət üçün təhlükəli məqamdır. Bununla belə, bu kontekstdə Tehranın xarici siyasətində dəyişiklik gözləməyə dəyməz.
Bu barədə “Sky News” yazır.
Nəşrin təhlilinə görə, İran hazırda həssas dönəmdən keçir. Rəisi İranın dini lideri Əli Xameneyidən sonra ölkədə ikinci mühüm şəxs idi. Mənbə iddia edir ki, onun ölümünün ciddi nəticələri olacaq, amma bu cür durumlarda hakimiyyəti qorumaq üçün Tehranın mexanizmləri var. Məsələn, 1979-cu ildə məhz bu məqsədlə qurulan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bundan sonra İranda əsas oyunçu olacaq.
İyulda keçiriləcək erkən seçkilərə qədər ölkəyə I vitse-prezident Məhəmməd Möhbər rəhbərlik edəcək.
Nəşr iddia edir ki, Möhbər Xameneyiyə Rəisi qədər yaxın deyil. Amma rejimə sadaqətli, bir sıra sahələrdə özünü təsdiqləmiş təcrübəli fiqurdur.
“Çox güman ki, Rəisinin varisi ali dini liderin seçdiyi namizəd, əlbəttə, sərt mühafizəkar xəttin tərəfdarı olacaq. İndiki məqamda mötədilliyə qayıtmaq asan deyil. Eynilə, İranın xarici siyasət və ya Qəzzadakı müharibədə iştirakında ciddi dəyişiklik gözləmək lazım deyil. Mümkün qədər hər şey həmişəki kimi olacaq”, – məqalədə deyilir.
İbrahim Rəisi 2021-ci ildə 41 faiz səslə prezident seçilmişdi. Bu, 1979-cu il inqilabından bəri ən aşağı göstəricidir.