Şuşa ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər.
Dövlət başçıları Şuşada birinci yaşayış kompleksində olublar.
Buraya avtobusla gələn dövlət başçılarına Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov kompleks barədə məlumat verdi.
Aydın Kərimov: Hörmətli cənab Prezident qarşı tərəfdə bu yaxınlarda üçüncü kompleksin təməlini qoyub. 2026-cı ilin sonunadək Böyük Qayıdış proqramı üzrə şəhərdə 111 çoxmərtəbəli ev tikiləcək. Bunlar, dördmərtəbəli, beşmərtəbəli, altımərtəbəli evlər olacaq. Biz artıq onlardan 23-nü tikmişik.
Bura isə bayraq meydanımızdır. Bu bayrağı cənab Prezident ucaldıb. Burada Zəfər muzeyi, həmçinin digər yaşayış kompleksi tikiləcək.
Prezident İlham Əliyev: Biz birinci yaşayış kompleksinə yaxınlaşırıq.
Aydın Kərimov: Bu, XIX əsrə aid memarlıq abidəsidir, gimnaziya olub.
Prezident İlham Əliyev: Bunlar yeni evlərdir, Şuşa şəhərinin ənənəvi memarlıq üslubunda tikilib.
Aydın Kərimov: Üzləmədə yerli daşdan istifadə olunur.
Prezident İlham Əliyev: Qədim Şuşa evləri əsasən bu daşlarla tikilib.
Aydın Kərimov: Buraya artıq 244 nəfər – 58 ailə köçüb.
Ali qonaq kompleksdə və mənzillərdə yaradılan şəraitlə tanış oldu.
Bildirildi ki, 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir. Mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə birinci yaşayış kompleksinin açılışı olub. Artıq yaşayış kompleksinə köç qrafikinə əsasən 58 ailə olmaqla 224 nəfər köçürülüb.
Avtobusla şəhəri gəzən Belarus Prezidentinə Şuşada görülən işlər barədə məlumat verildi.
Prezident İlham Əliyev: Burada, Şuşada xüsusi memarlıq üslubu mövcuddur. Vəhşilər gəldilər, hər şeyi dağıdıblar. Soldakı “Qarabağ” mehmanxanasıdır. Mənim atamın vaxtında tikilib. Biz buraya qayıdanda o, artıq yarıdağılmış vəziyyətdə idi, vur-tut iki mərtəbəsi fəaliyyət göstərirdi. Biz onu əsaslı şəkildə təmir etdik. Saatlı məscidi də dağıdılmışdı, bax, soldadır. Biz onu da bərpa etdik.
Aydın Kərimov: Keçmiş baş poçtun binasıdır, indi bura dövlət xidmətləri mərkəzi olacaq. Bu park isə şuşalıların sevimli istirahət yeri olub.
Prezident İlham Əliyev: Meriyanın binası, Şuşanı azad edən vaxt bizim Bayrağımız burada ucaldılıb. İndi biz oranı da əsaslı şəkildə bərpa etmişik.
Mədəniyyət paytaxtı Şuşa ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub.