Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib
Prezident İlham Əliyevə və Prezident Aleksandr Lukaşenkoya Şuşanın Baş planı barədə məlumat verildi.
Şəhərin Baş planı hazırlanarkən onun tarixi simasının qorunub saxlanılması əsas götürülüb. Azərbaycanın mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulub. Baş planda Şuşada orta, yüksək və qarışıq sıxlıqlı yaşayış binalarının inşası, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binaların və abidələrin yerləri əksini tapıb. Hazırda Baş plan əsasında Şuşada bərpa və yenidənqurma işləri davam etdirilir.
Aydın Kərimov: Bu, 20 illik perspektiv üçündür. Burada şəhər inşa edəcəyik, gördüyünüz kimi onu çox yükləməyəcəyik.
Prezident İlham Əliyev: Yükləməyəcəyik ki, yer çox olsun, sərbəstlik olsun.
Prezident Aleksandr Lukaşenko: Tamamilə doğrudur.
Aydın Kərimov: Tarixi məhəllələr çoxdur. Əlbəttə, bütün bu işlərə başlamaq üçün, cənab Prezidentin göstərişi ilə əvvəlcə Zəfər yolu, tunellər tikildi. Siz bu gün həmin yoldan keçdiniz. Bu, böyük həcmdə işdir – 9 viaduk, 7 tunel. Bu, bizim Füzulidən Şuşaya rahat getməyimiz üçündür. İlk işlər infrastrukturun bərpası üzrə aparılıb. Burada hər şey dağıdılmışdı. Hətta istilik şəbəkəsi çəkdik, indi də şəhərə qaz çəkilib. Bizdə yaşayış kompleksində mərkəzləşdirilmiş istilik sistemi var. Orada artıq istilik və isti su verilir. Su təchizatı üçün dağlarda sututarlar yaratmışıq ki, daimi suyumuz olsun, su çatışmazlığını hiss etməyək. Küçə-yol şəbəkəsi. Bu, 56 kilometr uzunluqda şəhərdaxili yol şəbəkəsi, 81 küçə və müxtəlif kateqoriyalar – 10-12 metr enindən dar yollaradək. Təbii ki, şəhər mədəniyyət paytaxtıdır. Hazırda bizdə rəsmi olaraq 196 abidə var. Lakin təəssüf ki, gördüyünüz kimi, onların əksəriyyəti, demək olar, hamısı bu vəziyyətdədir. Cənab Prezidentin və hörmətli Mehriban xanımın səyləri sayəsində biz onlardan bəzilərinin bərpasına başlamışıq. Biz bu məhəllədə bir neçə binanın konsepsiyasını hazırlayırıq.
Prezident Aleksandr Lukaşenko: Pis olmazdı.
Prezident İlham Əliyev: Çünki onun möhkəmliyinə də, necə istifadə olunmasına da baxmaq lazımdır. Dağılmış evlərin bir hissəsi belə də qalacaq. Konservasiya olunaraq, burada nələrin baş verməsi barədə xatirə kimi saxlanılacaq.
Aydın Kərimov: Bu, bərpa olunmuş abidələrdən nümunələrdir – Mehmandarovların malikanəsi, Saatlı məscidi, Yuxarı məscid, Xalça evi, Vaqifin məqbərəsi.
Prezident İlham Əliyev: Şair Vaqifin məqbərəsi, onun köhnə şəkilləri yoxdur, yəqin ki, buradadır. O da tamamilə dağıdılmışdı. İlk bərpa etdiyimiz abidələrdən biridir.
Aydın Kərimov: Bulaqlar bərpa olunur. Hər məhəllədə, – burada 16 məhəllə olub, – məscid, bulaq və hamam olub. Hamamlardan yalnız biri qalıb, bulaqların hamısı demək olar ki, yararsız vəziyyətə salınıb. Əsas binaların yerləşəcəyi ümumi planlaşdırma belədir. Bəziləri artıq tikilib, bəziləri tikilir. Azad olunanda bu mərkəz belə görünüşdə idi. Beşmərtəbələr köhnə və əsasən dağılmış vəziyyətdədir. Yeni Baş plana uyğun olaraq, belə görünəcək. Bu yay onu təhvil verəcəyik. Tarixi ərazidə belə kiçik evlər olacaq. Bax, orada gözəl terraslı, yaşıllıqların olduğu belə kompleks tikiləcək. Həm ofislərin, həm mağazaların olduğu biznes-rayonun, habelə digər ərazinin də salınması nəzərdə tutulub. Bu, Sizinlə indicə olduğumuz həmin yaşayış kompleksidir. O, belə planlaşdırmaya malikdir. Bu isə şəhər məktəbimizdir. Artıq tikilib və sentyabrda öz şagirdlərini qəbul etməyə hazırdır, 300-ə yaxın şagird burada təhsil alacaq.
Prezident İlham Əliyev: Təxminən 1000 nəfərlik olacaq.
Aydın Kərimov: Şəhər xəstəxanamız 90 çarpayılıqdır. Payıza qədər onun tikintisi başa çatacaq. O, şəhərin yuxarı hissəsində yerləşir. Bu, “realnı” məktəbinin binasıdır, o, musiqi və incəsənət kolleci kimi fəaliyyət göstərəcək. Hazırda sahəsinə görə Şuşada ən böyük abidədir. Bu isə poçt binası və dövlət xidmətləri mərkəzidir.
Prezident İlham Əliyev: O, əvvəl belə idi.
Aydın Kərimov: Sovet modernizmi. Yəni, olduğu kimi.
Prezident İlham Əliyev: Biz onu olduğu kimi, həmin üslubda bərpa edirik.
Prezident Aleksandr Lukaşenko: Bəli, bu, gözəldir.
Aydın Kərimov: “Qarabağ”, “Şuşa” mehmanxanaları. Bu, “Yasəmən” mehmanxanasıdır. Belə butikli tarixi otel. Şuşanın yaxınlığında Daşaltı kəndi var.
Prezident İlham Əliyev: Bax, bu, Şuşadır. Yuxarı qayanı görürsən, bax, o, həmin qayanın üstündədir. Üç tərəfdən dik qayalardır.
Aydın Kərimov: Burada isə ətəkdə kənddir. Həmin kənd hazırda özəl sektor tərəfindən turizm obyekti kimi tikilir.
Prezident İlham Əliyev: Orada mehmanxana da olacaq.
Aydın Kərimov: Bu yaxınlarda cənab Prezident bizim rayonda Şuşa ilə Laçın arasında tikiləcək ilk qəsəbənin təməlini qoydu, buradan 18 kilometr məsafədədir. Turşsu qəsəbəsi. Çox gözəl mənzərəli yerdir, 323 ev, yəni ailə. İlk 50 ailə artıq noyabr ayında köçəcək.
Prezident İlham Əliyev: Bu il.