İnsanlar niyə elektron ticarətə üstünlük verirlər?
Mərkəzi Bankın məlumatına görə, ötən il Azərbaycanda elektron ticarətin dövriyyəsi təxminən 41 milyard manat olub. Ölkədaxili elektron ticarət əməliyyatlarının həcmi 39 milyard, ölkəxarici isə təxminən iki milyard manat təşkil edib. Yəni ötən il xaricdən onlayn formada iki milyardlıq alış-veriş etmişik. Beş il öncə bu rəqəm ümumilikdə ölkə üzrə iki milyard olub.
Kifayət qədər böyük olan bu artım nəyin göstəricisidir?
“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:
Elektron ticarəti artıran səbəblər
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, son illərdə elektron ticarət üzrə istər dövriyyədə, istərsə də əməliyyatların sayında ciddi artım müşahidə olunur. Ölkəmizdə elektron ticarətin sürətlə artmasına təsir edən amillər mövcuddur:
“Azərbaycanda informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı qəbul olunub. Ölkənin tranzit informasiya dəhlizi imkanlarının genişləndirilməsi, beynəlxalq internet magistrallarına alternativ və yüksəksürətli birləşmələrin təmin edilməsi proqramın məqsəd və vəzifələrindəndir. Bu da vətəndaşların elektron ticarət imkanlarına əlçatanlığının təmin olunmasında ciddi rol oynayır. “Azexport” elektron ticarət portalının dəstəyi ilə sahibkarlara yerli və beynəlxalq bazarlarda elektron ticarət əməliyyatları həyata keçirmək üçün yeni dəstək mexanizmləri təqdim olunub, müxtəlif təlim və seminarlar həyata keçirilib ki, bunlar da elektron ticarətə olan marağın artmasına dəstək olub. Elektron ticarətin böyüməsinə əsas təkanverici amillərdən biri COVID-19 pandemiyası olub. Qapanmalar insanları və biznesləri elektron ticarətdən istifadəyə məcbur etdi”.
Nağdsız dövriyyənin əsas stimulu
A.Qədəşovun sözlərinə görə, elektron ticarət hər kəs üçün daha sərfəlidir:
“Elektron ticarət müəyyən xərclərdən – icarə haqqı, kommunal xidmətlər, mühafizə və təmizliyə görə ödənişlərdən azaddır. Düzdür, elektron ticarət platformalarının saxlanması üçün də resurs tələb olunur, lakin bu, ənənəvi ticarətdə olduğu qədər deyil. İstehsalçı elektron ticarəti seçməklə xərclərə qənaət edir. Bu da məhsulun maya dəyərinin aşağı düşməsi ilə nəticələnir. Elektron ticarət müxtəlif məhsullar üzrə araşdırma və müqayisəli təhlillərin aparılması üçün rahat mühit təqdim edir. Elektron ticarətdə qısa müddət ərzində müxtəlif təchizatçıların təkliflərini araşdırıb ona uyğun qərar vermək olur. Statistika da göstərir ki, əhalinin böyük qismi bir məhsulu almamışdan öncə ilkin araşdırmanı müxtəlif internet platformaları üzərindən həyata keçirir. Elektron ticarət nağdsız dövriyyənin əsas stimuludur. Nağdsız dövriyyənin genişlənməsi bankların likvidlik səviyyəsinin qorunmasında ciddi əhəmiyyətə malikdir. Banklar tərəfindən nağdsız ticarət əməliyyatlarının aparılması qarşılığında müxtəlif bonus mexanizmləri bazara təqdim olundu. Bu da dövriyyənin artmasına ciddi təkan verdi”.
Ekspertin fikrincə, elektron ticarətin növbəti mərhələsi kimi süni intellekt, artırılmış reallıq və virtual reallıq kimi texnologiyalardan istifadə etməklə rəqəmsal biznes mühitinin yaradılması hədəflənir:
“Elektron ticarətin qlobal pərakəndə ticarətdə payı da son 10 ildə 20 faiz üzərindədir. Hazırda ölkəmizdə internet infrastrukturu genişləndirilir, sosial şəbəkələrin imkanlarından marketinq aləti kimi istifadəyə daha çox diqqət ayrılır, mobil telefonların elektron ticarət üçün imkanları genişlənir”.
Qlobal statistikalar göstərir ki…
A.Qədəşov qeyd edib ki, gələcək illərdə elektron ticarətin həcmində daha böyük artımlar gözlənilir:
“Qlobal statistika göstərir ki, 2023-cü ildə 2.64 milyard insan elektron ticarətdən istifadə edib. Ekspertlər proqnozlaşdırırlar ki, bu rəqəm 2024-cü ildə 2.71 və 2025-ci ildə 2.77 milyard olacaq. Beynəlxalq elektron ticarət sahəsində liderlərdən olan “Amazon” platformasının ABŞ, Kanada və Meksika bazarlarında istifadə olunan qolu 2022-ci ildə bir ay ərzində üç milyarddan artıq ziyarət olunub. Bəzi hallarda elektron ticarət asudə zamanın dəyərləndirilməsi kimi də qiymətləndirilə bilər. Araşdırmalar onu göstərir ki, insanlar elektron ticarət platformalarında zaman keçirib alış-veriş etməyi ənənəvi mağazalardan alış-veriş ilə əvəzləyiblər. Texnologiyanın daha əlçatan və münasib olacağını, həmçinin yeni yetişən nəslin bu istiqamətə daha maraqlı olmasını nəzərə almaqla deyə bilərik ki, elektron ticarət növbəti illərdə ənənəvi ticarətə daha ciddi rəqib olacaq”.
İnternet istifadəsi yaşı gəncləşir
Rəqəmsal marketinq mütəxəssisi Samir Mehdiyev isə bildirib ki, onlayn ödənişlər də elektron ticarətin artmasına təsir göstərir:
“Elektron ticarətin artımının əsas səbəbi insanların onlayn alış-verişə olan marağıdır. İnsanlar artıq oturduqları yerdən istədikləri hər şeyi – geyim, ərzaq – sifariş edə bilirlər. Xarici alış-verişin də artmasına səbəb bu amillərdir. Banklar, onlayn ödəmə platformaları və şirkətlərin onlayn ödəmə zamanı təqdim etdiyi üstünlüklər rəqəmlərin artımına təsir göstərir. Daxili dövriyyədə xüsusi çəki kommunal, kredit ödənişləri və s. digər onlayn ödənişlərdir. Onlayn ödəmə ilə elektron ticarət dövriyyə rəqəmləri fərqli göstərilməlidir. Əvvəllər bu rəqəmlərin böyük hissəsi paytaxt əhalisinin payına düşürdü. Artıq ən ucqar kənddə yaşayanlar belə onlayn ödənişləri rahatlıqla edə bilirlər. İllər keçdikcə onlayn ödənişlərin həm sayı, həm də məbləğinin artacağını düşünürəm. Çünki mobil telefon və internet istifadəsi yaşı gəncləşir, orta və yuxarı yaş insanlar da bu imkandan aktiv istifadə edirlər”.