Bricit bacarıqsız Makrondan bezdi, işə başlayır – Deyli Meyl
2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırlaşan Fransa son zamanlar təhlükəsizlik problemləri ilə gündəmdədir. Britaniya mətbuatı iddia edir ki, Fransa liderinin zəif və uğursuz gedişləri səbəbindən onun həyat yoldaşı Bricit Makron “cilovu ələ almağa” başlayıb.
Bu barədə “Hürriyyət” məlumat yayıb.
Bildirilir ki, Fransa Prezidenti Emmanuel Makron mart ayında Marseldə idi. Narkotik ticarətinə qarşı mübarizə aparacağını vəd edən Makron şəhərin bəzi hissələrini döyüş meydanına çevirən qanqsterləri qorxutsa da, hazırda cinayətkarlar yenə də iş başındadır.
Məqalədə həmçinin keçən həftə “Milçək” ləqəbli və 13 cinayətdə mühakimə olunan məhbus Məhəmməd Əmranın həbsxana konvoyundan qaçmasına diqqət çəkilib. Belə ki, hücum zamanı güllə yarası alan 2 mühafizəçi hadisə yerində ölüb, 3 mühafizəçi ağır yaralanıb. Makron məsələni nəzarətə götürdüyünü və 500 polisin səfərbər edildiyini bildirsə də, Əmra və onun əlaltılarının izinə düşmək mümkün olmayıb.
Makronun bacarıqsızlığı siyahısına Yeni Kaledoniyadakı iğtişaşlar da əlavə olunub. Burada 5 nəfər ölüb, onlarla insan yaralanıb və əraziyə 200 milyon avro ziyan dəyib. Makron zorakılığa son qoyacağını vəd etsə də, əks nəticə ortadadır.
Dünən isə Fransanın paytaxtı Parisin şimal-qərbində yerləşən Rouen şəhərində sinaqoqu yandırmağa cəhd edən şəxs polis tərəfindən güllələnərək öldürülüb.
Britaniya mətbuatı yazır ki, Makronun asayişi qoruya bilməməsi fransızları ciddi narahat edir.
“Makron bundan daha zəif görünə bilməzdi” yazan “Deyli Meyl” Fransa liderinin “çöküşün astanasında” olduğunu bildirib: “Makron gələn ay keçiriləcək Avropa Parlamenti seçkilərində partiyasının getdikcə dərinləşən çöküşünü geri qaytara bilməsə, uğursuzluğa məhkumdur”.
İngilis mediası yazır ki, Makronun özündən 24 yaş böyük olan həyat yoldaşı Bricit Makron baş verənlərdən son dərəcə narahatdır və “cilovu” ələ almağa çalışır.
Parisdən olan mənbələr birinci xanımın çox qəzəbləndiyini və Makronun baş məsləhətçilərini ləğv etməyə çalışdığını iddia edir və bunu “Madam qanadının qisası” adlandırırlar.
“Xanım Makron bacarıqsız ərindən o qədər bezib ki, Parisdə bəziləri onun artıq prosesi ələ almaq istəyindən danışır”, – “Deyli Meyl” qeyd edib.