Türkiyədə 28 Fevral Prosesinin generalları əfv edilib
Türkiyədə postmodern çevriliş kimi tanınan 28 Fevral Prosesinin təqsirli yüksəkrütbəli hərbçilərindən bəziləri səhhətlərindəki problemlərə görə əfv edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq qərarı ölkənin yeni qanunvericilik və digər rəsmi elanları dərc edən Rəsmi Qəzetində diqqətə çatdırılıb.
Sənədə əsasən, 28 Fevral işi üzrə təqsirli şəxslərin həbs müddətinin qalan hissəsi səhhətlərindəki problemlərə görə ləğv edilib.
Qərara görə, cəzası ləğv edilmişlər Fevzi Türkeri, Yıldırım Türker, Cevat Temel Özkaynak, Erol Özkasnak, Çevik Bir, Hacı Sülük, Aliefter Aslan, Avni Yılmaz, Sevda Yüksel, Gülbey Sarıoğlu, Süleyman Tuna, Abdulhekim Yılmaz, Çetin Doğan ve Aydan Erol olub.
Qeyd edək ki, ehtiyatdakı ordu generalı Çetin Doğan hələ martın 1-də xəstəxanaya yerləşdirilmişdi. Aprelin 22-də xəstəxanadan çıxan 84 yaşlı Doğan həbsxanaya göndərilmişdi. Çətin Doğanın “Davamlı xəstəlik və yaşlanma” hesabatı bir il idi ki, prezident Ərdoğanın imzasını gözləyirdi.
Xatırladaq ki, 28 Fevral Nəcməddin Ərbakanın baş nazir, Tansu Çillərin isə baş nazirin birinci müavini və xarici işlər naziri olduğu 28 fevral 1997-ci ildə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası nəticəsində açıqlanan qərarlarla “irticaçılığa” (mürtəceyə) qarşı iddiası ilə başlayan ordu və bürokratiya mərkəzli bir çevriliş prosesidir. Proses Ərbakanın istefası və 54-cü Türkiyə Nazirlər Kabineti olan “Refahyol” hökumətinin dağılması ilə sonuclanıb. Türk siyasi tarixinə daxil olan qərarların həyata keçirildiyi dövrdə Türkiyədə siyasi, inzibati, hüquqi və sosial sahələrdə dəyişikliklər baş verib. Baş verən hadisələr Türkiyədə daha əvvəl baş vermiş çevrilişlərdən fərqli olaraq daha zərif, daha yumşaq, daha səssiz və daha soyuqqanlı kimi xarakterizə edilərək postmodern çevriliş də adlandırılır.