Putindən bircə gün öncə ABŞ-ın Çinə qarşı addımı…
Qərbdə müasir dövr xarici siyasət konsepsiyasının “ataları” sayılan Henri Kissincer və Zbiqnev Bjezinski SSRİ dağılandan sonra dəfələrlə vurğulayıblar ki, bundan sonra Qərbin 1 nömrəli hədəfi Rusiya ilə Çini bir-birindən uzaq saxlamaq, onların yaxınlaşmasına, müttəfiqliyinə imkan verməmək olmalıdır. Son 20 ildə, təqribən 2005-dən sonra ABŞ hər şey etdi ki, Rusiya ilə Çin tarixlərində olmadıqları qədər bir-birinə yaxın olsunlar və bundan udan ən çox Çin oldu.
Bu barədə ekspert Natiq Cəfərli qeyd edib.
O bildirib ki, ABŞ Çini strateji təhlükə elan etmişdi, amma Rusiyanı Çinin qucağına itələməklə bu ölkənin gücünə güc qatdı:
“Çin-Rusiya ticarət dövriyyəsi 2023-də 240 mlrd. dollar olub, Çin 2023-də Rusiyaya 110,9 mlrd. dollarlıq mal satıb, 2022-ci ilə nisbətən artım 47% olub, Rusiya isə Çinə 129,3 mlrd. dollarlıq mal satıb, 2022-ci illə müqaisədə artım 12,7%-dir.
Yəni Rusiya Çinə möhtac qalıb, həm mallarını alır, həm də Mendeleyev cədvəlində nə qədər element, faydalı qazıntılar varsa, hamısını Çinə ucuz qiymətə satır. Çin Rusiyadan dünya bazarından 25-30% ucuz neft-qaz, 20% ucuz taxta-şalban, 25% ucuz metallar, 30% ucuz əlvan metallar alır. Bunun hesabına istehsalın maya dəyəri Çində kəskin düşür, malları ucuzlaşır: Çində inflyasiya 0% civarındadır. Sonra da ABŞ Çin mallarının yenə rüsumunu artırır ki, bəs “haqsız rəqabət” aparırlar.
Dünyada məntiq ölüb, uzun zamana yayılan, arxasında ciddi “siyasi mühəndislik” dayanan strategiya məhv olub. Putin Çinə səfərə gedir, bundan 1 gün əvvəl ABŞ Çin mallarına qarşı rüsumları kəskin artırır – nəticədə Çin Rusiya ilə daha da yaxınlaşır, yaxınlaşdıqca Rusiyanı özündən daha çox asılı vəziyyətə salır, Rusiya öz xammalının qiymətini Çin üçün daha çox endirməyə məcbur olur, Çinin istehsal etdiyi məhsulların maya dəyəri daha da ucuzlaşır, rəqiblərini qiymət və keyfiyyətdə udur; ABŞ yenə Çinə qarşı sanksiya qoyur ki, bu rəqabətə davam gətirsin, nəticədə Çin Rusiya ilə bir az yaxınlaşır – bax belə “qısır döngədə” ilişib qalan siyasət yürüdürlər”.
O xatırladıb ki, Kissincer ölümündən bir neçə ay əvvəl məsələni düzəltməyə çalışdı, o yaşda Çinə səfər etdi, ABŞ-da siyasətçilərə ağıl verməyə çalışdı, amma onu eşidən olmadı:
“ABŞ siyasətindəki keyfiyyətin kəskin düşməsi dünya üçün təhlükəyə çevrilib, Rusiyanı Çinin xammal bazasına çevirməklə Avropanı zəflədir (son 70 ildə Avropanın iqtisadi yüksəlişi həm də SSRİ-nin/Rusiyanın ucuz xammalı hesabına idi), Avropa isə dünya üçün çox mühimdir, Avropanın zəifləməsi sivilizasiya üçün xoş heç nə vəd etmir…”