Bakı-İrəvan xəttində yeni gəlişmə: Sülh sazişinin imzalanma tarixi yaxınlaşdı
Azərbaycanla Ermənistan arasında sülh prosesinə dair görüşlər intensivləşib.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun fikrincə, təmasların sıxlaşması gərginliyin qalxmasına zəmin yaradır:
“Azərbaycanla Ermənistan arasında dialoq müxtəlif səviyyələrdə intensivləşib. Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan, o cümlədən xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanla yanaşı, parlament sədrlərinin görüşləri də artır. Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova ilə Alen Simonyan arasında növbəti görüş mayın 16-da Cenevrədə gerçəkləşəcək. Bundan əvvəl parlament sədrləri martın 22-də eyni şəhərdə görüşmüşdülər. Bu görüşlər sülh və çərçivə sazişinin imzalanması tarixini yaxınlaşdırır.
Görüşlərin intensivləşməsinin başqa bir əhəmiyyəti də var, ortam yumşalır, tərəflər bir-birlərinə qarşı sərt ritorikadan çəkinməyə başlayıblar. Qarşımızda Türkiyə-Yunanıstan münasibətləri örnəyi var. İki ölkə arasında mübahisə yaradan mövzulara baxmayaraq, Ankara ilə Afina mübahisələri dərinləşdirmək və bununla qarşıdurmanı gücləndirmək əvəzinə, ortaq nöqtələr tapmağa imkan verən siyasətə üstünlük verməyə başlayıb”.