Mehdiyevin bankı ən problemli banklar sırasında – Rüstəmovun bankı isə…
Ölkə banklarının əsas səmərəlilik göstəricilərindən biri əlbəttə ki, onların verdikləri kreditlərin həcmi və bu kreditlərin qaytarılması vəziyyətilə birbaşa əlaqəlidir. Çox vaxt bankların müflisləşməsinə səbəb olan əsas amillərdən biri problemli kreditlərin həcminin yüksək olmasıdır.
Ölkə banklarında vaxtı keçmiş kreditlərin həcminə görə “lider” banklar müəyyənləşib.
Bununla bağlı “fed.az”-ın dərc etdiyi siyahıdan bəlli olur ki, ümumi kredit portfelində ən çox problemli kredit faizinə malik olan bankların ilk beşliyində Ramiz Mehdiyevin ailə bankı sayılan “Bank BTB” də var. Bu bankın problemli kreditləri ümumi kredit portfelinin az qala 10 faizini – 9.26 faiz təşkil edir ki, bu da mənfi mənada kifayət qədər yüksək göstəricidir.
Əslində, bir çox bank ekspertlərinin dediyi kimi, bir çox banklar öz rəsmi hesabatlarında problemli kreditlərin gerçək həcmini gizlədərək, daha aşağı rəqəmlər dərc edirlər. Bu da müştəriləri “qorxutmamaq” üçün edilir. Çünki problemli kreditlərin çoxluğu bankın gələcəyini sual altına alır.
Ancaq hər halda, rəsmi göstəricilər belə onu deməyə əsas verir ki, “Bank BTB”-nin kredit portfelində vəziyyət ürəkaçan deyil.
Vaxtı keçmiş kreditlərin faiz göstəricilərinə aid siyahıya isə 18 faizlə “Bank Avrasiya” başçılıq edir.
İlk vaxtlarında Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq sədri Rüfət Aslanlıya məxsus olduğu bildirilən bu bankın maliyyə göstəricilərində geriləmələr, kiçilmələr məhz R.Aslanlı 2016-cı ildə vəzifəsindən azad ediləndən sonra müşahidə olunmağa başladı. Belə görünür ki, hələ də bu bankı problemli kreditlər sarıdan çətin vəziyyətdən çıxarmaq mümkün olmayıb.
“Müəmmalı taleyi” olan “Naxçıvan Bank”ın da vaxtı keçmiş kreditləri çoxdur – 13,6%.
Demək olar, ən yaxşı göstərici isə Mərkəzi Bankın sabiq sədri, Baş nazirin müşaviri Elman Rüstəmova aid olduğu bildirilən “Bank Respublika”ya aiddir – ümumi portfelin cəmi 0,83%-i.