“Azərişıq”da talanan milyonlara Vüqar Əhmədovla Kamil Hüseynovdan başqa daha kimlər şərikdir
Məmməd Abbasbəyli “Azərişıq” ASC-nin saxtalaşdırdığı satınalmalarda nə qədər paya sahibdir ki, bütün bunlara göz yumur
İfadetv.com saytının redaksiyası hələ mart ayının 3-də və aprelin 4-də “Azərişıq” ASC tərəfindən keçirilmiş satınalmalarda, tender prosedurlarının təşkili zamanı yol verilən qanun pozuntularının araşdırılması, “Azərişıq” ASC-nin təsərrüfat-maliyyə fəaliyyətinin yoxlanılması məqsədi ilə maliyyə-təftiş komissiyasının yaradılması və qurumun son 3 illik fəaliyyətinin yoxlanılması məqsədi ilə Dövlət Təhlükəsizlik Xidmətinə, Baş prokurorluq yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə, Respublika Hesablama Palatasına İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Dövlət Vergi Xidmətinə digər yuxarı instansiya dövlət qurumlarına müraciət etmişdi.
Müraciətdə “Azərişıq” ASC-nin Satınalma Komissiyası tərəfindən satınalma planlarına daxil edilmiş Açıq Tenderlərin böyük əksəriyyətinin qanunla müəyyən edilmiş qaydada təşkil edilməməsi, tenderlərin keçirilməsi ilə əlaqədar nə iddiaçılara dəvət elanının, nə də tender prosedurunun nəticələri barədə qanunda nəzərdə tutulmuş qaydada ictimaiyyətə heç bir açıqlama verilmədiyi öz əksini tapmışdır.
Aztoday.az portalının apardığı araşdırmadan məlum olur ki, “Azərişıq” ASC son üç il ərzidə “Enerji Construction” QSC-yə ümumi dəyəri 71 152 563 manat olan 9 dövlət sifarişi verib. Bizim apardığımız araşdırmada isə məlum oldu ki, ASC son bir il ərzində “Harmony İndustrial Construction and Engineering Group” MMC ilə ümumi dəyəri 10 376 913 manat olan 3 satınalma müqaviləsi bağlayıb. Bütün bunlar ASC-nin işğaldan azad olunmuş ərazilərin elektrik təchizatına ayrılmış dövlət vəsaitlərinin az bir hissəsidir ki, 81 milyon manatı keçib. ASC bütün bunların hamısını da dövlət satınalmalarını saxtalaşdırmaq yolu, formal keçirilmiş tender vasitəsi ilə edib. Bir daha qeyd edirik. Bütün bu kimi ciddi faktlar “Azərişıq” ASC-nin maliyyə- təsərrüfat işini yoxlamağa kifayət etmirmi?
İfadetv.com saytının yuxarıda sadalanan aidiyyatı dövlət qurumlarına ünvanladığı məktublara yalnız Dövlət Vergi Xidmətindən cavab verilib. Dövlət Vergi Xidmətin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini, vergi xidməti müşaviri Kamran Səfərəliyev tərəfindən imzalanmış 01.04.2024-cü il tarixli cavab məktubunda qeyd olunur ki, ” “Azərişıq” ASC-də (VÖEN: 9900069391) törədilən qanunsuz əməllər barədə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və digər orqanlara ünvanlanmış, baxılmaq üçün İqtisadiyyat Nazirliyinə göndərilmiş 11.03.2024-cü il tarixli müraciətinizə Dövlət Vergi Xidmətin Milli Gəlirlər Baş İdarəsində baxılır. Müraciətinizə baxılmasının nəticəsi barədə Sizə qanunla müəyyən olunmuş müddətdə cavab veriləcəkdir.”
Göründüyü kimi “Azərişıq” ASC-nin dövlət satınalmalarında yol verdiyi çox ciddi qanun pozuntularına iki aydır ki, heç bir araşdırma səlahiyyəti olan qurum cavab verməmiş, və yaxud da vermək istəməmişdir. Niyə? Çünki dövlətin “Azərişıq” ASC-yə ayırdığı, Səhmdar Cəmiyyətin isə əvvəlcədən əlbir olduğu şirkətlər vasitəsi ilə taladığı pullardan bu qurumların hər birinə də dolayısı yollarla pay çatır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli isə efirlərdə, elektron medida istehlakçı hüquqlarının müdafiəsindən, istehlak bazarına nəzarətin gücləndirilməsindən, dövlət xidmətlərinin vahid mərkəzdən aparılmasından, əlçatanlığın və keyfiyyətin artırılmasında, ünvanlılığın və şəffaflığın təmin edilməsindən ağız dolusu danışır, millətin başını aldadır.
Məmməd Abbasbəyli nə qədər şəffaflıqdan dəm vursa da insanlar ona deyil, sosial şəbəkələrdə və elektron mediada “Azərişıq” ASC-nin dövlət satınalmalarında yol verdiyi təkzib olunmamış faktlara inanır. İfadetv.com-un araşdırma qrupu “Azərişıq” ASC tərəfindən keçirilmiş satınalmalarda yol verilən qanun pozuntuları barədə media orqanlarına şikayət etmiş iş adamlarının açdığı faktları bir sıra yeni məlumatları bir daha diqqətinizə çatdırır.
Daha ətraflı bu linklərdən tanış ola bilərsiniz: https://aztoday.az/news/239347.html və https://yenisoz.az/gundem/1184-azrisiq-asc-d-aciq-tenderlr-niy-gizli-skild-kecirilir-iii-yazi.html
“Vedi construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nurəddin Sadıqov tərəfindən “Azərişıq” ASC-nin keçirilməsini planlaşdırdığı açıq tenderdən əsassız olaraq kənarlaşdırılması ilə bağlı Respublikanın Baş prokurorluğuna və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış şikayət məktubunun bir surəti də ictimailəşdirilməsi məqsədi ilə Aktualinfo.org saytının redaksiyasına təqdim olunub. Sözügedən məktubdan bəzi məqamları diqqətinizə çatdırırıq. Şikayətçi yazır:
“Məlumat üçün bildiririk ki, “Azərişıq” ASC tərəfindən “Elektrik xəttlərinin daşınması və bütövlüyünü təmin etmək üçün zəruri mal-materialların satın alınması üzrə” 06 fevral 2023-cü il tarixdə 55685 nömrəli müsabiqə elan edilmiş, tələb olunan sənədlərin təqdim olunmasının son tarixi 27 fevral 2023-cü il, təkliflərin son təqdim olunma tarixi 07 mart 2023-cü il, zərflərin açılış tarixi isə 09 mart 2023-cü il tarixi kimi müəyyən edilmişdir.
“VEDİ CONSTRUCTİON” MMC -nin rəhbərliyi açıq tender müsabiqəsində iştirak etməyi qərara almış, həmin tarixdə bizdən tələb olunan sənədlər və təkliflər zərfi satın alan təşkilata təqdim edilmiş, iddiaçı kimi satın alan təşkilat tərəfindən qeydiyyata alınmışıq. Tender prosedurunda 09 mart 2023-cü il tarixdə zərflər paketi açılmış, bizim təklif etdiyimiz qiymət digər iştirakçıların təklif etdiyi qiymətdən sərfəli olmaqla ən aşağı olmuşdur. Sonradan, tenderin təkliflərinin qiymətləndirilməsi və müqayisəsi üçün əlavə vaxt tələb olunması nəzərə alınaraq tender təklifinin qüvvədə olma müddətinin və tender təklifi təminatının qüvvədə olma müddətinin uzadılması barədə bizə təklif göndərilmiş, həmin təklif bizim tərəfimizdən müsbət qarşılanaraq tender təkliflərinin qüvvədə olma müddəti və tender təklifinin təminat müddətinin uzadılması ilə bağlı cavab məktubları portal vasitəsilə sizə təqdim edilmişdir. Məhz bu tarixdən, yəni tender təklifləri zərfinin açıldıqdan sonra satın alan təşkilat tərəfindən bizə qanunda və Əsas Şərtlər Toplusunda (ƏŞT) nəzərdə tutulmayan tələblər və sənədlər tələb edilməyə başlanılmışdır.
Qanunvericilikdə tələb və təqdim olunması qadağan edilsə də, “Azərişıq” ASC Satınalma Komissiyasının tələb etdiyi həmin sənədlər bizim tərəfimizdən təqdim edilmiş, lakin buna baxmayaraq, əsassız olaraq qanunvericilkdə nəzərdə tutulmayan əsaslarla 07.04.2023-cü il tarixli cavabla “bizim təklifimizin tender komissiyasını qane etmədiyi və müvafiq icra hakimiyyəti orqanına müraciət etdiyiniz” kimi cavab yazılmışdır.
Bundan sonra, 11 may 2023-cü il tarixdə tender təklifimizin kənarlaşdırılması barədə 4 nömrəli protokola Əlavə bizə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, “təqdim etdiyiniz mal-materialların qiymətləri ilə ehtimal olunan qiymət arasında kəskin fərqlər olduğundan 08.04.2023-cü il tarixində texniki rəylərin verilməsi və qiymətləndirilmə aparılması üçün aşağıdakı cədvəldə göstərilən mal-materialların nümunələrinin təqdim olunması üçün sizə sorğu göndərilmişdir. Sorğumuza cavab olaraq nümunələrin tərəfinizdən təqdim olunmayacağı bildirilmişdir. Şirkətinizin Tenderin Əsas Şərtlər Toplusunun formal tələblərində təqdim etdiyiniz sənədlərdə (İddiaçının son 3 (üç) illik və fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi cari işlər və müqavilələr barədə məlumatlar; (Arayış formasında imzalanıb möhürlənərək skan formasında PDF formatında təqdim olunmalıdır). Şirkətinizin bu sahədə təcrübəsinin olmadığı, oxşar layihələrin tərəfinizdən həyata keçirilmədiyi tender komissiyası tərəfindən aşkarlanmışdır.”
Buradan sonra şikayətçi “Azərişıq” ASC-nin Satınalma Komissiyasının etiraz məktubunda göstərilənləri “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri ilə əsaslandırır və tenderdən kənarlaşdırılmalarını qanunsuz hesab edir.
Aktualinfo.org-un dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığı araşdırmada məlum oldu ki, “Azərişıq” ASC tərəfindən 2023-cü ildə 7 açıq tenderin nəticələri açıqlanıb ki, onların arasında “Vedi construction” MMC-nin nümayəndəsinin qeyd etdiyi “Elektrik xəttlərinin daşınması və bütövlüyünü təmin etmək üçün zəruri mal-materialların satın alınması üzrə” 06 fevral 2023-cü il tarixdə başlanılmış 55685 nömrəli açıq tender müsabiqəsinin nəticələri dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməyib.
Müsabiqədə iddiaçı kimi iştirak edənin verdiyi məlumatda göstərilir ki, təkliflərin son təqdim olunma tarixi 07 mart 2023-cü il, zərflərin açılış tarixi isə 09 mart 2023-cü il tarixi kimi müəyyən edilmişdir. Belə olan təqdirdə 09 mart 2023-cü il tarixdə zərflər paketi açılmış açıq tenderin nəticəsi 5 iyun 2023-cü il tarixə qədər nə üçün açıqlanmayıb. Qanunvericilikdə əgər tender baş tutmayıbsa, onun baş tutmama səbəbləri göstərilməklə 30 bank günü ərzində yenidən tender elan olunmalıdır. Əgər satınalan tərəf hər hansı bir səbəbdən tender prosedurun uzadırsa, bununla bağlı iddiaçı tərəflərə yazılı bildiriş göndərilməli, dövlət satınalmalarının vahid internet portalında tender prosedurunun hansı tarixədək uzadılmasının səbəblərini göstərilməklə bildiriş yerləşdirməlidir.
Ancaq göründüyü kimi “Azərişıq” ASC-nin Satınalma Komissiyası tender prosedurunun təşkili zamanı çox ciddi qanun pozuntularına yol vermişdir. Belə ki, dövlət satınalmalarının vahid internet portalında “Azərişıq” ASC-nin Satınalma Komissiyası tərəfindən sözügedən tenderin keçirilməsi ilə əlaqədar nə iddiaçılara dəvət elanı, nə tender prosedurunun uzadılması barədə bildiriş, nə də tamamlanmış açıq tenderin qalibi barədə heç bir məlumat yerləşdirilməyib. Bu isə tenderin saxtalaşdırıldığını deməyə əsaslar verir.
“Azərişıq” ASC tərəfindən keçirilmiş satınalmalarda ciddi korrupsiya hallarına yol verildiyi barədə daha bir məlumatı da “Enerji Constraction”MMC-nin təsisçisi Yusif Eldar oğlu Yusifli “Yeni Müsavat”a deyib.
“Azərişıq” ASC-nin qeyri leqal sifarişlərini həyata keçirmiş daha bir şikayətçi, sahibkar, “Enerji Construction” Qapalı Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi və direktoru Yusif Eldar oğlu Yusifli də gördüyü işlərə görə “Azərişıq” ASC tərəfindən ona və 250 işçisinə, mal-material, maşın-texnika sahiblərinə külli miqdarda – 5 milyon manatdan yuxarı pulun ödənilməməsi ilə bağlı mətbuata açıqlamalar verib. MMC-nin direktoru buna “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun ən yaxın dostu Kamil Hüseynovun səbəbkar olduğunu qeyd edib və bildirib ki, “təsisçi olmaqla bərabər MMC-nin direktoru da olmuşam. Şahin Mollayev vasitəsi ilə Kamil Hüseynovla tanış oldum. Kamil Hüseynov özünü mənə “Azərişıq” sədrinin ən yaxın dostu olaraq tanıtdı. Mənimlə tanış olandan sonra Kamil Hüseynov dedi ki, “Azərişığ”ın rayonlarda, işğaldan azad edilmiş Qarabağda görəcəyi işlər var, həmin işləri görə bilərsən? Mən də tapşırılan işləri görə biləcəyimi dedim. İlk olaraq Şəmkirin Qapanlı, Bayramlı, Gədəbəyin Qasımlı, Əyrivəng kəndləri təqdim olundu. Kəndlərdə görüləcək işlərin smetasını çıxarıb Şahin Mollayevə verdim, o da Kamil Hüseynova təqdim etdi. Bundan az sonra Kamil Hüseynovla görüşdük, iş həcmləri, smetaları bir daha təqdim etdim, görüləcək işlərin qiymətləri ilə razılaşdıq və işə başladıq. Mənə dedi ki, işə başlayandan sonra görülmüş işlərin smetasını təqdim edəcəksən, həmin görülən işlərin dəyərinin üzərinə 10 faiz qoyulmaqla sənə veriləcək”.
“Enerji Construction” QSC-nin direktoru Yusif Yusifli mətbuata açıqıamasında qeyd edir ki, “işləri görüb qurtarandan sonra “Azərişıq” nümayəndələri, yerli, regional “Azərişıq” idarələrinin rəisləri gəldilər. “Enerji Constraction”la “Azərişıq” arasında rəsmi müqavilə bağlandı, gördüyüm işlərin Forma 2-ni “Azərişıq”a təqdim etdim. Yerli şəbəkənin, regional şəbəkənin və “Azərişıq”ın rəhbər şəxsləri Forma 2-ləri və sənədləri qəbul etdilər. Bütün gördüyümüz işlərə baxış keçirib təhvil aldılar.”
Sahibkar deyib ki, “çox qısa müddətə Füzulidən Şuşaya yüksək gərginlikli elekrtik xəttləri çəkdik. Mən Qarabağda tapşırılan işləri gördüyüm müddətdə maliyyə məsələlərini Kamil Hüseynov öz üzərinə götürdü. O, özünü “Azərişıq” rəhbərinin ən yaxın dostu kimi təqdim etdiyindən, ona inamım vardı. Ödənişlər, müqavilələr Kamil Hüsyenovun rəhbərliyi altında həyata keçirildi”.
Yusif Yusifli həmçinin deyib ki, “bəzi işlər var ki, ödənişi ümumiyyətlə edilməyib. Kamil Hüseynova demişəm ki, vəsait, ödəniş lazımdır, çünki borc aldığım adamlar məni sıxır, evimə gəlir, məni narahat edirlər. Kamil Hüseynov da deyib ki, görülən işlərə görə hələ müqavilə bağlanmayıb, müqavilə bağlanandan sonra ödəniş olacaq. Sonradan öyrəndim ki, gördüyüm işlərə görə müqavilələr başqa firmalarla bağlanıb. Pul başqa firmalara köçürülüb və oradan da mənimsənilib”.
Daha ətraflı bu linklərdən tanış ola bilərsiniz: https://gundeminfo.az/manset/110898-azerishiq-prezidenti-hebs-olunur-.html
Bu açıqlamalardan da göründüyü kimi “Azərişıq” ASC-özbaşınalıqlar baş alıb gedir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarının ölkədə şəffaf və azad rəqabət əsasında həyata keçirildiyini dəfələrlə açıqlayıb. Lakin sahibkar Yusif Yusifli açıqlamalarından belə çıxır ki, “Azərişıq” ASC-də satınalmalara ümumiyyətlə nəzarət yoxdu. Hər şey əvvəlcədən planlaşdırılır, dost-tanışlardan iş icraçıları müəyyən edilir, tenderlər isə formal olaraq keçirilir və guya satınalmaların qanun çərçivəsində keçirildiyi görüntüsü yaradılır.
Qeyd edək ki, “Azərişıq” ASC tərəfindən təşkil olunan milyonluq tenderlərdə şübhəli satınalma müqaviləsi bağladığı bir şirkət də “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bu şirkət 2019-2023-cü illər ərzində satınalmalarda bir çox dövlət qurumlarının ölkə boyu keçirdikləri 162 tender və kotirovka sorğularının qalibi olub. Mətbuat orqanlarının apardığımız araşdırmalar zamanı məlum olub ki, “Harmony İndustrial Construction and Engeering Group” MMC əsasən tibb müəssisələrinin keçirdiyi satınalma müsabiqələrində öndə gedir. Liftlərə texniki servisi xidmətindən tutmuş dezinfeksiya xərcləri, tikili və avadanlıqların cari təmiri, maşın və avadanlıqların əsaslı təmirnə qədər, inzibati binalarının qazlaşdırılması işlərindən tutmuş, Şəki şəhərində yolların asfalt-betonla əsaslı təmiri işlərinə, Laçın rayonu, Ərdəşəvi yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunmasından tutmuş bir çox tender və kotirovkaların qalibi olub. Əsasən də Səhiyyə Nazirliyinə tabeli tibb müəssisələrinin texniki xidmətin göstərilməsi və ehtiyyat hissələrinin satınalınmasını həyata keçirib.
Bəs əsasən liftlərə texniki servisi xidməti göstərən bu şirkət “Azərişıq” ASC-nin milyonlarla manata ölçülən tenderini necə udub?
“Azərişıq”ASC tərəfindən 29 sentyabr 2023-ci il tarixində “Kəlbəcər rayonu Cermux, Laçın rayonu Cağazur, Tərtər rayonu Talış(Ağuçuq), Ağdam rayonu Çullu və Goranboy rayonu ərazisində yerləşən hərbi hissələrin elektrik enerjisi ilə təmin olunması məqsədilə elektrik veriliş xəttinin çəkilməsi və KTM-lərin quraşdılması işlərinin” təkliflər sorğusu üsulu ilə satın alınmasına dair müsabiqədə iştirak edən “Harmony İndustrial Construction and Engineering Group” MMC şirkəti qalib elan olunmuş və müvafiq satınalma müqaviləsi bağlanmışdır. Satınalma müqaviləsinin dəyəri 7.132.240,66 manat təşkil edib və 18.10.2023-cü il tarixdə açıqlanıb.
Laçın rayonu, Ərdəşəvi yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq ÖİN xətlərinin çəkilməsi və KTM-in quraşdırılması işlərinin satın alınması üzrə təşkil olunmuş satınalma da qalib “Harmony İndustrial Construction and Engineering Group” MMC olub. Bu müqavilənin dəyəri 934.796,5 manat hesablanıb və 26.12.2022-ci ildə satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.
“Azərişıq” ASC Laçın rayonu, Pircahan yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq ÖİN xətlərinin çəkilməsi və KTM-in quraşdırılması işlərin də “Harmony İndustrial Construction and Engineering Group” MMC-yə verib. Bu satınalmanın dəyəri isə 2.309.877,64 manat hesablanıb və 14.11.2022-ci ildə satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.
Göründüyü kimi “Azərişıq”ASC son bir ərzində “Harmony İndustrial Construction and Engineering Group” MMC ilə ümumi dəyəri 10 376 913 manat olan 3 satınalma müqaviləsi bağlayıb.
Dövlət Vergi Xidmətinin reystr məlumatlarına edilən dəyişiklikdə göstərilir ki, MMC ilk olaraq “PİRAMİDA-F.R.” kimi 28.02.2005-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi kimi Orucov Əlövsət Bilal oğlu göstərilsə də arxasında yüksək çinli bir dövlət məmurunun durduğu istisna edilmir. Nədənsə MMC-nin adını 19.06. 2020-ci ildə dəyişdirərək “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” qoyublar. Buna səbəb isə çox güman ki, “PİRAMİDA-F.R.” MMC-nin adının bir sıra şübhəli satınalmalarda hallanması olub. “Piramida F.R” MMC-nin təkcə 2020-ci ildə dəyəri 1 milyon manatdan çox olan satınalma müqaviləsi imzalayıb. Maraqlıdır ki, həmin vaxt şirkətin 542 min manat vergi borcu olub. Bu barədə mediada da çoxsaylı məlumatlar yazılıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin MMC -yə vergi öhdəliklərini vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlamaları üzrə – Səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 1 622 631.02 manat əlavə vergi, 878 867.47 manat maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa vergi bəyannamələrini vaxtında təqdim etməməyə görə MMC -yə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Göründüyü kimi MMC-nin üzərində vergi yoxlamaları və maliyyə sanksiyaları ilə birgə 2 501 495.49 manat yerinə yetirilməmiş vergi öhdəliyi var. Bəs “Azərişıq”ASC üzərində vergi öhdəliyi olan riskli bir MMC-nin satınalmalarda iştirakına necə yol verib? Burada “Azərişıq”ASC-nin satınalmalarda yol verdiyi bu kimi qanunsuzluqlarda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin də xüsusi payı var. Xidmətin rəsmiləri tenderlər üzrə satınalma müqaviləsi bağladıqda bu MMC-nin başdan ayağa risk olduğunu görməyiblərmi?
Qeyd edək ki, bu iki sahibkarın elektron mediada açıqladığı məlumatlar və riskli bir MMC ilə bağlanan müqavilələr barədə aparılan araşdırmalar kifayət edir ki, “Azərişıq” ASC-nin maliyyə- təsərrüfat fəaliyyəti yoxlanılsın. Bir mətbuat orqanı olaraq müraciətimizdən sonra Dövlət Vergi Xidməti artıq səhmdar cəmiyyətdə yoxlamalara başlayıb və güman ki, yaxın günlərdə məlumat veriləcək.
Amma maraqlıdır, Respublika Hesablama Palatası, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti niyə susur, nə gözləyir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli sahibkar, “Enerji Constraction” MMC-nin təsisçisi və direktoru Yusif Eldar oğlu Yusiflinin tender keçirilmədən “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun ən yaxın dostu Kamil Hüseynovla görüşməsi, iş həcmləri, smetaları bir daha təqdim etməsi, görüləcək işlərin qiymətləri ilə razılaşdıqları barədə “Yeni Müsavat”a verdiyi açıqlamalara niyə cavab vermir?
Məmməd Abbasbəyli niyə bütün bu faktlarla bağlı ünvanladığımız sorğulara cavab vermir, çıxıb sahibkarın yalan danışdığını, bizim yanlış informasiyalar yaydığımızı demir? Çünki, açıqlamağa üzü yoxdu. Çünki, “Azərişıq” ASC -nin rəsmiləri ilə o da əlbirdir. “Azərişıq” ASC -nin satınalmalarda qanunsuzluqlara yol verməsinə birinci şəraiti məhz o, özü yaradır. Heç şübhəsiz o, buradan müəyyən paya da sahibdir. Yoxsa bütün bu kimi ciddi faktlara ömrü boyu göz yummazdı.
P.S. Aldığımız son məlumatlardan o da aydın olur ki, “Enerji Constraction” MMC-nin təsisçisi və direktoru Yusif Eldar oğlu Yusifli “Azərişıq” ASC-də KamilHüseynovu tanımamışdan əvvəl ən bahalı “Galenvagen” markalı avtomobillər sürüdü, ən gözəl villalarda yaşayırdı indi isə “tender oyunbazlığına” düşdükdən sonra ona çatası 10 milyon manata qədər vəsaiti ala bilmədiyinə görə digər firma və mmc-lərə də külli-miqdarda borcllu qalıb. Kamil isə ona get ay batandan sonra gəl mahnısı oxumaqdadır. Eləcə Yusif kimi ona qədər digər sahibkarlar da “Azərişıq” ASC-də iş icra etmələrinə baxmayaraq onlara da çatacaq milyonlarla manat vəsait nədənsə verilmir. Bu barədə gələn sayımızda.
İfadətv.com-un araşdırma qrupu