Yaşar Gülər generalları toplayıb təlimat verdi – “Qardaş ölkələrlə…”
Türkiyə müdafiə naziri Yaşar Gülərin sədrliyi ilə ordu komandanlığı ilə toplantı keçirilib.
Toplantıya Baş Qərargah rəisi, ordu generalı Mətin Gürak, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ərcümənt Tatlıoğlu, Quru Qoşunları komandanı general Səlcuq Bayraktaroğlu, Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal Kadıoğlu, nazir müavinləri Alpaslan Kavaklı, Bilal Durdan və xarici ölkələrdəki hərbi qüvvələrin komandirləri qatılıb.
“Yaşadığımız coğrafiyanın hibrid yanaşma ilə formalaşdırılması üçün səylərin göstərildiyi yeni dövrün izlərini diqqətlə izləyirik. Müttəfiqlik əlaqələrimiz olan təşkilatlar və ölkələrlə ortaq strategiyalar hazırlayarkən, mənsub olduğumuz türk coğrafiyasının qüdrətinin əsl potensialını ortaya qoyacaq imkanları da reallaşdırmağa çalışırıq. Səmimi bir yanaşma ilə dəstəklədiyimiz qardaş ölkələr Türkiyəyə bənzər silahlı qüvvələr modeli qurmağımızı istəyirlər. Onların bu yanaşmaları bu müqəddəs səyin nə qədər uğurlu olduğunun ən mühüm göstəricisidir”, – Yaşar Gülər vurğulayıb.
Müdafiə naziri terrorla mübarizdən də danışıb:
“Qəhrəman ordumuz terrorla mübarizədə yeni təhlükəsizlik konsepsiyamız çərçivəsində təhdidləri sərhədlərimizə çatmadan mənbəyində aradan qaldırır, PKK/KCK/PYD-YPG, İŞİD və FETÖ terror təşkilatları başda olmaqla, hər cür təhdid və təhlükəyə qarşı mübarizəmizi yüksək templə və fasiləsiz davam etdiririk.
Keçmişdə keçirilən məhdud hədəfli və ardıcıl hərbi əməliyyatlar əvəzinə bu gün davamlı və hərtərəfli əməliyyatlar həyata keçirilir, terror təşkilatlarına böyük zərbə vurulur və terrorla mübarizədə böyük uğurlar əldə edilir”.