Kupman: “Avropa Komissiyası COP29 çərçivəsində Azərbaycana kömək etmək niyyətindədir”
“Avropa Komissiyası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycana kömək etmək niyyətindədir”.
Bunu müsahibəsində Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Qert Yan Kupman deyib.
O qeyd edib ki, bu gün Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevlə görüşərək COP29-u müzakirə edəcək:
“Biz elə bu gün COP29-u da müzakirə edəcəyik, günortadan sonra COP sədri olan nazirinizlə görüşəcəyik. Hazırda təfərrüatı açıqlaya bilmərəm, lakin mütləq COP29 çərçivəsində Azərbaycana kömək təklif edəcəyik. Hesab edirik ki, COP Azərbaycan üçün böyük nailiyyətdir, bu, bərpa olunan enerji, enerji səmərəliliyi, iqlim dəyişikliyi ilə mübarizə sahəsində gördüyünüz işlərin etirafıdır. Biz bunu açıq və çox güclü şəkildə dəstəkləmək istəyirik”.