Prezident Heydər Əsədovla bağlı sərəncam imzalayıb

 

Heydər Xanış oğlu Əsədov yenidən Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, Azərbaycanda dövlət ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin edilir. H.Əsədov ilk dəfə rektor vəzifəsinə 3 aprel 2019-cu ildə təyinat almışdı

Qeyd edək ki, Heydər Əsədov 1959-cu il oktyabrın 24-də anadan olub.

1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun Mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

1978-1984-cü illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb. 1983-1992-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (son illərdə Azərbaycan Dövlət İqtisad İnstitutu adlanıb) müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.

1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.

1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Maliyyə nazirinin müavini təyin edilib, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının baş direktoru, Azərbaycan Respublikası Maliyyə nazirinin müavini, 2007-2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib

Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə 2011-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2019-cu ildə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edilib. 2019-cu ildə Azərbaycan Respublikasında təhsilin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

Üç monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password