Azad edilmiş ərazilərdən 600 nəfərə aid insan qalığı müəyyən edilib
27 aprel 2024-cü il tarixə ümumilikdə azad edilmiş ərazilərdən ən azı 600 nəfərə aid insan qalığı müəyyən edilib.
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının kütləvi informasiya vasitələri üçün brifinqində Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin rəis müavini – Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev deyib.
Orxan Rzayev bildirib ki, onlardan 124-ü 2022-ci ildə, 133-ü 2023-cü ildə, 48-i isə 2024-cü ildə aşkar edilib: “İstintaq zamanı genetik profilləri çıxarılaraq məlumat bankına yerləşdirilməsi və itkin düşmüş şəxslərin ailə üzvlərindən götürülmüş bioloji nümunələrdən çıxarılan genetik profillərlə eyniləşdirmə aparılması, habelə təqdim edilən sümüklərin insana aid olub-olmaması, neçə şəxsə mənsub olması, ölümün səbəbi və sair sualların aydınlaşdırılması üçün 362 məhkəmə tibbi-kriminalistik ekspertizası və Ermənistan tərəfindən Şuşa və Xankəndi şəhərlərində təhvil verilmiş meyit qalıqları üzrə 54 (1-i 2024-cü ildə), işğaldan azad edilmiş ərazilərdə aşkar edilmiş meyit qalıqları üzrə 71 (20-i 2023-cü ildə, 3-ü isə 2024-cü ildə), ölkə ərazisindəki naməlum şəhid məzarlıqlarında dəfn edilmiş şəxslərin meyit qalıqları üzrə 193 (1-i 2023-cü ildə, 8-i isə 2024-cü ildə) olmaqla, ümumilikdə 318 (21-i 2023-cü ildə, 12-i isə 2024-cü ildə) məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. Onlardan 252 məhkəmə tibbi-kriminalistik və 23 məhkəmə molekulyar-genetik ekspertizalarının rəyləri tərtib edilərək, istintaq orqanına təqdim edilib”.
O qeyd edib ki, insan qalıqlarının aşkar olunması ilə bağlı bir neçə istiqamət var: “Orada bərpa işləri həyata keçirilir. Bu zaman aşkar olunan insan qalıqları ilə bağlı koordinasiyalı şəkildə yaradılmış qrup hadisə yerinə ezam olunur, insan qalıqları aşkar edilir, daha sonra şəxsiyyəti müəyyənləşdirilməsi üçün işlər həyaya keçirilir. Xocalı rayonu ərazisində tikinti işləri zamanı 3 kütləvi məzarlıq aşkar edilib”.