44 nəfərlik siyahı necə tərtib edilib? – Seyidov Azərbaycana qarşı qurulan plandan danışdı
ABŞ, Avropa Birliyi və Avropa Parlementi tərəfindən Azərbaycana qarşı olan təzyiqlərin heç bir əhəmiyyəti yoxdur. Çünki bu kimi məsələlərin qaynağı bizə məlumdur. Bakı Dövlət Universitetinin 100 illik yubileyində Prezident İlham Əliyev Azərbaycan gəncliyinə xitabən belə demişdi: “Bəzi Qərb ölkələrinin Azərbaycan xalqının yaxşılığına, inkişafına dair nəsə düşündüyünə inanmayın. Belə olsaydı, Azərbaycanın ən çətin dövründə, ərazisi işğal altına düşdüyü vaxtlarda, 1 milyon qaçqını olduğu zamanda kömək edərdilər, əl uzadardılar”. Ona görə də, həmin qərb ölkələrinin “Azərbaycana xoş günlər arzulayırıq” kimi işlətdiyi sözlərin altında başqa niyyətlərinin də olduğuna əmin olmalıyıq.
Bunu Azərbaycanın AŞPA-da nüməyəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.
“Bu gün bəzi qərb dövlətləri və təşkilatları Azərbaycanda gedən prosesləri qəbul etməməyə özlərində güc tapmırlar. Yeni reallığa qarşı çıxmaq imkanları da yoxdur. Ona görə də, bu reallığı qəbul edib Azərbaycanla ünsiyət qurmağa məhkumdurlar. Amma digər tərəfdən isə hər fürsətdə Azərbaycana qarşı təzyiq etməyə çalışırlar”, – deyə o qeyd edib.
Millət vəkili hesab edir ki, erməni diasporasının Avropada, Amerikada gördüyü “işlər” də tək onlarla bağlı deyil: “Bu, bəzi siyasətçilərin, qurumların, təşkilatların, dövlətlərin gücündən istifadə edərək Azərbaycana olan təzyiq elementidir. ABŞ-nin Nümayənədlər Palatasında Azərbaycanla bağlı 44 nəfərin adı qeyd edilmiş qondarma siyahı təqdim edilib. Görünən odur ki, Azərbaycanın apardığı 44 günlük müharibə bunlara nə dərəcədə təsir edib. Azərbaycana qarşı təzyiq üçün başqa “yol” tapmamaları da bunu təsdiq edir”.
Səməd Seyidova görə, təxminən eyni anda Avropa Parlamentinin Azərbaycana qarşı qondarma sanksiyaların qəbuluna etdiyi çağırışlar bir mərkəzdən idarə olunan prosesdir:
“ABŞ Dövlət katibinin bu ərəfədə Azərbaycan Prezidenti ilə telefon danışığı, bundan öncə göndərilən təbrik məktubları, “uğurlar arzulayırıq” demələri, dəstək verməyə hazır olduqlarını söyləmələri bir əllə sığallamaqla, digər əllə vurmaq pinsipinə əsaslanır. Amma bütün bunlar Azərbaycan cəmiyyəti üçün gün kimi aydın ola məsələlərdir. Bütün bu cəhdlərə baxmayaraq onlar heç nə edə bilmir. Azərbaycan bu gün elə bir gücə, nüfuza, təsirə malikdir ki, artıq özü Ermənistanı danışıqlar masasında əyləşməyə məcbur edib. İndi sərhədlərin dəqiqləşməsi müstəvisində aparılan proses də bunun əyani göstəricisidir”.