Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma: TENDER BELƏ KEÇİRİLİR!
10 gün əvvəl-Aprelin 19-da Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildəki fəaliyyəti haqqında Milli Məclisdə hesabatı təqdim edildi. Palatanın sədri Vüqar Gülməmmədov palatanın 2023-cü ildəki fəaliyyəti haqqında hesabat məruzəsində bildirdi ki, Audit və analitik fəaliyyət üzrə dövlət maliyyəsinin idarə edilməsində ümumi nöqsan məbləği 1971,9 milyon manat müəyyən edilmişdir.
Bütün auditlər üzrə aşkarlanmış hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal edilməsi ilə əlaqədar müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilmişdir.
Dövlət büdcəsinin formalaşdırılması və xərclənməsi üzərində maliyyə nəzarətinin səmərəliliyini təmin etməyə yönəlmiş hesabatda xüsusi ilə diqqəti çəkən fakt dövlət satınalmaları ilə bağlı oldu: 31 uyğunluq audutundən 27-də dövlət satınalmalarında ciddi nöqsanlar aşkar edilib.
Deputat Vahid Əhmədov Hesablama Palatsının 2023-cü ildə və ondan əvvəlki hesabatlarında ən çox ciddi nöqsan sahəsinin satınalmalar və tender fəaliyyəti olduğunu bildirdi: “Satınalmalarla əlaqədar nə qədər mübarizə aparsaq da, qanunda dəyişikliklər etsək də faktiki olaraq satınalmalarda ciddi problemlər mövcuddur. İkinci ən ciddi məsələ mühasibat uçotu və hesabatlılıqdır. “Mühasibat uçotu haqqında” qanun qəbul etmişik. Hesabatda, yoxlamalarda da görünür ki, “Mühasibat uçotu haqqında” qanun müəssisələr və təşkilatlar tərəfindən düzgün yerinə yetirilmir.”.
Ardınca isə ekspertlər də dövlət satınalmalarında ciddi nöqsanların olduğunu bildirdilər. İqtisadçı-ekspert Allahverdi Aydın isə Dövlət satınalmalarına nəzarət edən qurumun – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qanunazidd fəaliyyətinə, qurumda çalışan əməkdaşların yeni Qanundan xəbərlərsiz olduqlarına diqqət çəkdi. (Ətraflı bu linkdə: https://yenixeber.org/arasdirma/166883-%E2%80%9Ctenderl%C9%99r%C9%99-n%C9%99zar%C9%99t-ed%C9%99n-qurumun-qanunundan-x%C9%99b%C9%99ri-yoxdur%E2%80%9D-%E2%80%93.html
***
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 04.04.2024-cü il tarixdə müvafiq tenderlə “TEKSTIL TƏMINAT MH” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə 664.954,9 manatlıq müqavilə bağlayıb. Müqaviləyə görə “TEKSTIL TƏMINAT MH” MMC Dövlət Xidmətini Hərbi geyim forması və ləvazimatlarla təmin etməlidir.
№ | Başlıq | Miqdar | Ölçü vahidi |
1 | Furajka | 259 | ədəd |
2 | Papaq | 123 | ədəd |
3 | Palto | 186 | ədəd |
4 | Gödəkcə | 827 | ədəd |
5 | Qış kiteli və şalvar | 1427 | dəst |
6 | Şlyapa | 12 | ədəd |
7 | Yubka | 30 | ədəd |
8 | Günyə | 100 | ədəd |
9 | Səkkizgüşəli Ulduz | 500 | ədəd |
10 | Məharət dərəcəsi | 150 | ədəd |
11 | Səhra çantası | 200 | ədəd |
12 | Qış səhra geyim forması | 750 | dəst |
13 | Köynək | 1245 | ədəd |
14 | Əlcək | 100 | cüt |
15 | Laklı tufli | 695 | cüt |
16 | Çəkmə | 113 | cüt |
17 | Qalstuk | 300 | ədəd |
18 | Şərf | 100 | ədəd |
19 | Qısaqol mayka | 3550 | ədəd |
20 | Şalvar qayışı | 200 | ədəd |
21 | Qalstuk üçün sıxac | 210 | ədəd |
22 | Döş nişanı | 1807 | ədəd |
23 | Gündəlik geyim üçün kokarda | 569 | ədəd |
24 | Gündəlik geyim üçün poqon (ali zabitlər üçün) | 1772 | cüt |
25 | Qol nişanı | 1734 | ədəd |
26 | Yaxa nişanı | 3463 | ədəd |
27 | Aypara | 250 | ədəd |
Xatırladaq ki, bu tərəflər arasında ilk belə əməkdaşlıq deyil… Ötən il də eyni predmetlər üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə “TEKSTIL TƏMINAT MH” MMC-nin əməkdaşlığı olub…
Biz “Yenixeber.org” olaraq tərəflər arasında bağlanan sonuncu müqavilə ilə bağlı bir sıra məqamlara aydınlıq gətirmək məqsədi ilə bu ayın 4-də Dövlət Xidmətinin rəisi cənab polkovnik Mürsəl İbrahimova onlayn sorğu ünvanladıq. Təəssüf ki, bu günə qədər sorğumuza cavab ala bilmədik. Bizimlə telefon danışığında qurum rəsmisi tenderin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin deyil, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin keçirdiyini və suallarımızı da ikinci ünvana ünvanlamalı olduğumuzu bildirdi(?)
Hörmətli qurum rəsmisinə və bu mövzuda məlumatı az olanlara xatırladaq ki, Azərbaycan Respublikası “Dövlət Satınalmaları Haqqında Qaununu”n 20.1-ci maddəsində göstərilir ki, Satınalma komissiyasının tərkibi bu qnunun 21.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla tək sayda (azı 5 (beş) nəfər) olmaqla, satınalan təşkilatın nümayəndələrindən formalaşdırılır. Satınalma komissiyasının sədrini və üzvlərini satınalan təşkilatın rəhbəri təsdiq edir. Satınalan təşkilatın rəhbəri satınalma komissiyasının sədri ola bilməz.
Təchizatçının Lisenziya və ya icazəsi ilə də bağlı Qanunun 23.3.2-ci maddəsində göstərilir ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduqda, müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması…
Eləcə də digər maddələrdə Təchizatçı ilə bağlı bir sıra tələblər sadalanır: satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması, satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması…
O ki, qaldı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, bu qurum dövlət vəsaitləri hesabına malların, işlərin və xidmətlərin satın alınması sahəsində dövlət siyasətini həyata keçirir. Başqa sözlə dövlət satınalmalarında nəzarət funksiyasına shibdir… Müsabiqəyə səlahiyyəti çərçivəsində nəzarət edir və hansısa qanun pozuntusu olduğu halda müvafiq addımlar atır.
***
Digər ilginc bir faktor isə “TEKSTIL TƏMINAT MH” MMC ilə bağlıdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yüksək məbləğdə dövlətin pulunu etibar etdiyi bu şirkətin internet üzərindən hüç bir əlaqə vasitəsinə rast olmaq mümkün olmadı(?) Hansı ki, bu sayaq şirkətlərin fəaliyyətlərindən bəhs olunan saytlarının, əlaqə vasitələrinin, telefon nömrələrinin olması vacibdir. Ən azı ona gərə ki, belə məqamlarda hansısa şübhələrə yol açılmasın… Dəqiqləşdirilməmiş hansısa məlumat ictimailəşməsin.
Digər media orqanlarında yer alan məlumatlara görə, “TEKSTIL TƏMINAT MH” MMC 13 fevral 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 AZN-dir. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəsəbli küçəsi 2, ev 49, mənzil 55-də yerləşir. Şirkətin qanuni təmsilçisi Quliyev Pünhan Raib oğludur.
“Tekstil Təminat MH” MMC dövlət qeydiyyatına alınanda qanuni təmsilçisi Məmmədov Müdabir Həmdulla oğlu olub. 2021-ci ilin aprelində şirkətin qanuni təmsilçisi dəyişib. Müdabir Məmmədov oğlu Cavanşir Məmmədovla əvəzlənib. 2022-ci ilin noyabrında isə Cavanşir Məmmədovu Cəfərli Həsən Yelmar oğlu əvəzləyib.
2023-cü ilin martında şirkətin qanuni təmsilçisi növbəti dəfə dəyişib. Bu dəfə reyestr məlumatlarına Pünhan Quliyevin adı qeyd edilib.
Məlumata görə, Müdabir Məmmədovun başqa şirkəti də var. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında onun adı həm də “Modernstyle” MMC-nin qanuni təmsilçisi kimi qeyd edilib. Maraqlıdır ki, bu şirkətin də nizamnamə kapitalı 5 AZN-dir. Şirkətin hüquqi ünvanı isə Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev128/34, mənzil 2-də yerləşir.
Digər şəxslər barəsində isə açıq mənbələrdə heç bir məlumat yoxdur./yenixeber.org