Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir
Türkiyə Cənubi Qafqaz regionunda baş verən müxtəlif hadisələrdə Azərbaycanın yanında olmağa, proseslərə adekvat reaksiya verməyə davam edir.
Aprelin 25-də Türkiyə Böyük Millət Məclisi (TBMM) Xarici əlaqələr komitəsinin sədri, ölkənin keçmiş vitse-prezidenti Fuat Oktayın Bakıda keçirilən Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclasında səsləndirdiyi fikirlər də bu baxımdan xüsusi əhəmiyyətə malikdir. O, bəzi məsələlərlə bağlı Ankaranın mövqeyini aydın formada ortaya qoyub. Komitə sədri söyləyib ki, Ankara Ermənistanın Qazaxın işğal altındakı dörd kəndi diplomatik yolla Azərbaycana qaytarmasını alqışlayır.
Xatırladaq ki, 2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Bakı və İrəvan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə Qazax rayonunun dörd kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə olunub. Dünya ictimaiyyəti bu prosesi alqışlayıb və bunu sülhə töhfə kimi qiymətləndirib.
Ümumiyyətlə, rəsmi Ankara bir çox Qərb dövlətlərindən və vasitəçilik iddiasında olan aktorlardan fərqli olaraq İrəvanla Bakı arasında münasibətlərin normallaşmasında və yekun sülh sazişinin imzalanması məsələsində tam səmimidir. Çünki regional sülh və sabitliyin təmin olunması Türkiyənin özü üçün də əhəmiyyətlidir. Üstəgəl, unutmaq olmaz ki, Bakı və Ankara strateji müttəfiqdir və İrəvanla Ankara arasında münasibətlərin normallaşması birbaşa Ermənistan-Azərbaycan münasibətlərinin inkişaf perspektivindən asılıdır.
Hazırkı proseslər onu deməyə əsas verir ki, Ermənistan və Azərbaycan arasında ikitərəfli razılıqların davamı gələcək. Bu da sülh sazişinin imzalanmasını daha da yaxınlaşdırır.
F.Oktayın sözlərinə görə, Zəngəzur dəhlizinin də qısa zaman ərzində açılması vacib və əhəmiyyətlidir:
“Bu xəttin açılması ilə Türkiyə tarixi türk coğrafiyasına bağlanacaq. Bu da türk dünyasının daha da güclənməsi və inkişafına şərait yaradacaq. Bu dəhlizin açılması eyni zamanda Ermənistan üçün də son dərəcə vacibdir. Bununla də bölgədə sülhün əldə olunması təmin oluna bilər”.
İstisna deyil ki, növbəti razılıqlardan biri məhz Zəngəzur dəhlizi ilə bağlı olacaq. Doğrudur, bunu istəməyən və Ermənistana təzyiq göstərən oyunçular heç də az deyil. Amma İrəvan unutmamalıdır ki, onun regiondakı mövcudluğu qonşu ölkələrlə iqtisadi əlaqələrdən xeyli dərəcədə asılıdır. Bu baxımdan Zəngəzur dəhlizinin açılması müstəsna dəyərə malikdir.
Ermənistanın iqtisadi imkanlarının Azərbaycanın mövcud potensialından qat-qat az olduğunu nəzərə alsaq, deməliyik ki, kommunikasiya xətlərinin açılması, doğrudan da, İrəvan üçün həyati əhəmiyyətlidir. Sadəcə olaraq indiki halda Ermənistan baş naziri Nikol Paşinyan və onun komandası siyasi iradə göstərməlidir. Çünki Zəngəzur dəhlizinin açılması ilə Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələri daha da inkişaf edə bilər. Bu isə İrəvanın xüsusilə Rusiya və Qərbin timsalında xarici güclərin təsirindən qorunması deməkdir.
F.Oktay, həmçinin əlavə edib ki, türk dövlətlərinin bir-biri ilə əlaqələrinin gücləndirilməsi və bunun gələcək nəsillərə ötürülməsi əsas hədəflər arasındadır:
“Türk dövlətlərinin sevinci və kədəri hər zaman ortaqdır”.
Azərbaycanın da mövqeyi bu istiqamətdədir. Rəsmi Bakı bunu dəfələrlə bəyan edib. Məsələn, Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində qeyd etmişdi:
“Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Bizim başqa ailəmiz yoxdur”.
Mövcud geosiyasi mənzərə və baş verən proseslər onu deməyə əsas verir ki, həm Bakı, həm də Ankara üçün ən etibarlı qurum məhz TDT-dir. TDT üzvləri arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, hərbi və iqtisadi sahədə əməkdaşlıq da belə düşünməyə əsas verir.
F.Oktayın toxunduğu başqa bir məsələ Azərbaycan-Ermənistan münasibətləri ilə bağlıdır. O qeyd edib ki, Türkiyənin Ermənistanla münasibətləri barədə mütəmadi şəkildə Azərbaycanla məsləhətləşmələr aparılır:
“Türkiyə-Ermənistan sərhədlərinin açılmasının başlıca şərti Qarabağ məsələsinin tamamilə həll olunması və Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsidir. Dolayısı ilə baş verən hadisələr fonunda və sülh sazişinin imzalanması nəticəsində digər məsələlər müzakirə oluna bilər. Ümumilikdə isə Azərbaycan və Ermənistan arasındakı münasibətlər Türkiyə ilə rəsmi İrəvan münasibətlərinə də təsir edir”.
Bu, Ermənistan üçün ciddi ismarışdır. Belə ki, Ankara ilə münasibətlərin inkişafında maraqlı olan Ermənistan hakimiyyəti bilməlidir ki, bu, Azərbaycanın maraqları nəzərə alınmadan mümkün deyil. Odur ki, İrəvan əvvəlcə Bakı ilə münasibətlərin normallaşmasına çalışmalıdır.
İkincisi, F.Oktay dolayısı ilə bir daha diqqətə çatdırıb ki, Ermənistanın havadarlarının dəstəyinə bənd olmasına dəyməz, çünki Türkiyə də Azərbaycanın yanındadır.
“Qarabağ probleminin həll olunması Türkiyə və Azərbaycanı sevindirsə də, digər tərəfdən Fransanı, Avropa İttifaqındakı bəzi ölkələri, ABŞ-ni narahat edir”, – deyən F.Oktay bildirib ki, Ermənistan bundan sonra enerjisini iqtisadi inkişafa yönəltməlidir.
Hazırda Ermənistana sponsorluq və havadarlıq etmək istəyən iki əsas güc var – ABŞ və Fransa. Bu ölkələr ATƏT-in keçmiş Minsk qrupunun iki həmsədri kimi 30 il ərzində Qarabağ münaqişəsinin həllinə heç bir töhfə verməyiblər. Hətta İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə də adıçəkilən oyunçuların müsbət addımlarını görməmişik. Bunu N.Paşinyan və komandası da yaxşı bilir.
Beləliklə, F.Oktay Ermənistana və onun havadarlarına bir daha aydın mesajlar verib, Türkiyənin mövqeyini ortaya qoyub. İrəvan bütün bunlardan dərs çıxarmalıdır.