Zaxarovadan ikibaşlı Qarabağ açıqlaması: “Putin elə söz deməyib”
Qarabağ üzrə üçtərəfli anlaşmalar toplusu aktual olaraq qalır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Sözçü Rusiyanın sülhməramlılarının Qarabağdan çıxarılmasından sonra 10 noyabr bəyanatının qüvvəsini itirib-itirmədiyinə dair suala belə cavab verib:
“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər toplusu aktual olaraq qalır. Rəsmi olaraq tərəflərdən heç biri bu razılaşmalardan imtina etməyib”.
Zaxarova Ermənistanın Rusiya Prezidenti Vladimir Putinin hələ 2020-ci ildə Qarabağın Azərbaycana məxsus olduğunu tanıması tezisini “həyasız təhrif” adlandırıb:
“Bu tezislər vaxtaşırı informasiya məkanına atılır. Rusiya rəhbərliyinin sözləri və hərəkətləri həyasızcasına təhrif olunur”.
Zaxarova xatırladıb ki, 2020-ci ildə Rusiya prezidentinin şəxsi iştirakı nəticəsində münaqişə zonasında atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə bağlı liderlərin üçtərəfli bəyanatı qəbul edilib.
Rusiya rəsmisi Moskvanın o zaman “Qarabağın statusunun müəyyənləşdirilməsi ilə bağlı qərarın gələcək nəsillərə ötürülməsi” (əslində, separatizmin davam etdirilməsi – red.) fikrində olduğu etirafını da dilə gətirib.
Zaxarova qeyd edib ki, Putin heç kimin, hətta Ermənistanın da “Qarabağın müstəqilliyi”ni tanımadığını bildirib. O, Rusiya prezidentindən də sitat gətirib: “Müvafiq olaraq, beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycan Bakı və bütün dünya ictimaiyyətinin Azərbaycanın hesab etdiyi əraziləri geri qaytarır”.
Onun sözlərinə görə, Putin daha sonra “Qarabağın yekun statusu”nun həll olunmadığını da qeyd etmişdi.
Zaxarova Rusiya prezidentinin bütün sitatlarının qeydə alındığını vurğulayıb: “Bəllidir ki, bu saxtakarlıqlar Ermənistan və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır”.
Rusiya rəsmisi 2022-ci ildə məhz Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını xatırladıb və bunu müvafiq sitatlarla da təsdiqləyir.
Zaxarova Ermənistan rəhbərliyinin niyə Qarabağı Azərbaycan ərazisi olaraq tanımasının ona və Rusiyaya qəribə gəlməsinin izahını verməyib. Üstəgəl, israrla sübut etməyə çalışır ki, Putin “Qarabağ Azərbaycan ərazisidir” deməyib. Hesab etmək olar ki, Zaxarova Ermənistanın ittihamlarına cavab verir, olsun, bəs Azərbaycanın bir hissəsi olan Qarabağı hansı səbəbdən mübahisələndirir? Bəlkə onları qıcıqlandıran elə Ermənistanın buranı Azərbaycanın bir hissəsi kimi tanımasıdır?