DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb
Dövlət İmtahan Mərkəzi martın 3-ü və 10-da keçirilən buraxılış imtahanlarının nəticələrinə dair bəzi statistik məlumatları açıqlayıb.
Mərkəzdən verilən məlumata görə, imtahanlarda 100 249 şagird (peşə məktəbləri və hərbi liseylər istisna olmaqla) iştirak edib.
Qeyd olunub ki, buraxılış imtahanında iştirak edən ortastatistik şagird tədris dili fənni üzrə 55.53, riyaziyyat fənni üzrə 34.11, xarici dil fənni üzrə 42.72 bal toplayıb və ümumi balı 132.10-a bərabər olub. Əvvəlki illərlə müqayisədə hər üç fənn, xüsusilə tədris dilli fənni üzrə nəticələrin daha da yaxşılaşdığını müşahidə etmək olar.
Bildirilib ki, imtahanda ən yüksək nəticəni Elm və Təhsil Nazirliyi tabeli liseylərin və özəl liseylərin şagirdləri (orta bal 205.96) əldə ediblər. Bölgələr arasında ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayonunun məktəblərinin şagirdləri qazanıblar (müvafiq olaraq 163.22, 157.52, 157.25 bal).
Məlumata görə, martın 3-də keçirilən imtahanda 14, martın 10-da keçirilən imtahanda isə 39 nəfər maksimal olan 300 bal toplayıb. Ancaq hər iki imtahanın məzmununu müqayisə etdikdə mürəkkəblik səviyyəsinin oxşar olduğu müşahidə olunur.
Ümumiyyətlə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda istifadə olunan bütün test tapşırıqları imtahanın mahiyyətinə uyğun olaraq standart alqoritm vasitəsilə eyni prinsip əsasında formalaşdırılır. Uzun illərin elmi-statistik təhlilləri göstərir ki, müxtəlif zonalar üzrə keçirilən imtahanların çətinlik dərəcəsi arasında fərq məqbul statistik xəta payı çərçivəsindən kənara çıxmır. Müşahidələrə əsasən, təəssüf ki, cəmiyyətdə tez-tez imtahan səviyyəsini maksimal bal toplayanların sayına görə müəyyən etmək meyili var və bu hər hansı bir imtahan nəticəsi açıqlananda müəyyən müzakirələrə səbəb olur.
İmtahanın mürəkkəblik səviyyəsini maksimal bal toplayanların sayı ilə qiymətləndirmək elmi nöqteyi-nəzərdən tamamilə səhv yanaşmadır. Məsələn I istiqamət üzrə keçirilən imtahanda 14, II-də isə 39 nəfər 300 bal toplasa da, biz daha böyük intervallar üzrə yüksək bal toplayanların faiz nisbətinə baxsaq görərik ki, I istiqamət üzrə imtahan verənlərin 8%-i, II istiqamət üzrə imtahan verənlərin isə 9%-i 250 və ya daha yuxarı bal toplayıb. Göründüyü kimi nəticələr arasında elə də ciddi bir fərq yoxdur.
Bundan başqa, ənənəvi olaraq imtahan nəticələri yüksək və zəif göstəricilərə malik rayon və məktəblər var. Məsələn Bakı şəhərinin mərkəzi hissəsini əhatə edən Səbail, Nərimanov, Nəsimi rayonlarında, həmçinin Sumqayıtın şəhər məktəblərində təhsil alan şagirdlər II istiqamət üzrə keçirilən imtahanlarda iştirak ediblər. Həmin məktəblərin şagirdlərinin nəticələri də həmişə daha yüksək olur və bu təbii olaraq zonalar üzrə hər hansı müqayisə aparıldıqda müəyyən fərqlərin formalaşmasına təsir göstərir. Hər iki istiqamətə aid imtahan nəticələrinin fənlər üzrə ayrıca təhlili də göstərir ki, orta bal fərqli formalaşıb. Yəni heç də bütün imtahan fənləri üzrə II istiqamət üzrə imtahan verənlərin orta balı yüksək deyil. II istiqamətdə tədris dili və xarici dil, I istiqamətdə isə riyaziyyat fənni üzrə orta bal daha yüksəkdir. Əslində burada da yuxarıda qeyd olunan məktəb şagirdlərinin nəticələrinin müəyyən təsirləri var. Şəhərin mərkəzi hissəsində ənənəvi olaraq xarici dil və tədris dili fənni üzrə nəticələr daha yaxşı olur.
İmtahanlarda yüksək bal toplayanların sayının çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək fikri də doğru deyil. İmtahanın çətinlik dərəcəsi əvvəlcədən necə elan olunursa, elə o səviyyədə də təqdim edilir. Ötənilki imtahanla builki imtahanın məzmununu müqayisə etdikdə, çətinlik səviyyəsinin eyni olduğunu müşahidə etmək olar. Builki nəticələrin artmasına təsir göstərən amillərdən biri pandemiyanın tədris prosesinə təsirinin azalması ilə bağlıdır. Ötən il imtahan verən abituriyentlər pandemiyadan ən çox zərərçəkən nəslin nümayəndələri idi. Çünki 2020-ci ildə pandemiya yeni başlayanda onlar 9-cu sinifdə təhsil alırdılar. Faktiki olaraq 10-11-ci sinifdə pandemiya onlara daha çox təsir göstərmişdi. Növbəti nəslə isə pandemiya bir il daha az təsir göstərib.
Bundan əlavə, bu il Dövlət İmtahan Mərkəzi tərəfindən fənlər üzrə test toplularının yenilənmiş və xüsusilə yazılı cavab tələb edən tapşırıqlarla daha da zənginləşdirilimiş nəşri abituriyentlərə təqdim olunub. Vaxt keçdikcə imtahan iştirakçılarının bu tip testlərlə işləmə vərdişləri yaxşılaşır, həmçinin ildən-ilə həmin tapşırıqları boş qoyma faizləri də aşağı düşür. Ancaq yenə də yazılı cavab tələb edən tapşırıqların cavablandırılma faizi, xüsusilə riyaziyyat fənni üzrə istənilən səviyyədə deyil.
Ümumiyyətlə imtahan nəticələrinin elmi-statistik təhlili mürəkkəb məsələdir və bir çox amillər, göstəricilər nəzərə alınmalıdır. İndiki məqamda ətraflı təhlil aparılmadan və yalnız hər hansı göstərici əsasında fikir irəli sürmək düzgün deyil və imtahanlar haqqında cəmiyyətdə yanlış fikirlərin formalaşmasına səbəb olur.
DİM tərəfindən imtahan nəticələri haqqında geniş miqyaslı təhlillər isə hər il Mərkəz tərəfindən keçirilən imtahanlar başa çatdıqdan sonra aparılır və “Abituriyent” jurnalının 12 saylı buraxılışında ictimaiyyətə təqdim olunur.