Paşinyandan sürpriz mesaj: “Artıq bundan əl çəkməliyik”

 

Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə təmsil etdiyi xalqın – ermənilərin qonşu ölkələrə əsassız ərazi iddiaları və miflərindən danışıb.

Qondarma soyqırımı ilə bağlı çıxışında bu iddiaları qeyri-real hesab edən Paşinyan real vətənin indiki Ermənistan olduğunu deyib.

Baş nazir qondarma soyqırımın “travma”sını davam etdirməyin əleyhinə də çıxıb:

“Biz beynəlxalq səviyyədə tanınan dövlət olaraq, çox vaxt narahat halda başqa ölkələrlə, beynəlxalq ictimaiyyətlə münasibət qurur, rəqabət aparırıq və bu səbəbdən bəzən reallıqları və amilləri, tarixi prosesləri, proqnozlaşdırılan üfüqləri düzgün ayıra bilmirik.

“Erməni soyqırımı travması”nı bir miras və ənənə kimi yenidən yaşayaraq yeni sarsıntılar almağımızın səbəbi də bəlkə də budur”.

Paşinyan çıxışında belə bir ritorik sual da verib və üstüörtülü şəkildə qondarma soyqırımı üzərindən Türkiyəyə ərazi iddialarından əl çəkməyə çağırıb:

“Soyqırımı narahatlığı”nı aradan qaldırmaq və onu təhlükə kimi istisna etmək üçün nə etməliyik, nələri etməməliyik? Bunlar bizim siyasi, politologiya, estetik və fəlsəfi fikrimizdə əsas müzakirə mövzusu olmalı olan suallardır, amma “soyqırımı faktı”na bu cür yanaşma bizdə çox rast gəlinmir.

Bu, imperativdir, təcili imperativdir və biz böyük fəlakətlə (qondarma soyqırımı ilə) Birinci Ermənistan Respublikası arasındakı münasibətləri dəyərləndirməli, böyük fəlakət haqda təsəvvürü Ermənistan Respublikasının, milli dövlətçiliyimizin həyati maraqları ilə əlaqələndirməliyik.

“Soyqırımı” bizim üçün itmiş vətən axtarışı (Türkiyəyə ərazi iddiası) kimi daşımalı olduğumuz bir ifadə deyil. Biz (başqa) vətən axtarmaqdan əl çəkməliyik, çünki süd və bal axan o vətəni – vəd edilmiş torpağımızı (indiki Ermənistan) tapmışıq. Bizim üçün “soyqırımı şəhidlərinin xatirəsi” itirilənləri yox, rəqabətli, qanuni, düşünülmüş və yaradıcı siyasəti ilə təkrarı istisna edə bilən Ermənistan Respublikasının simasında tapılan və əsl vətəni simvolizə etməlidir”.

Ermənistan parlamentinin komitə sədri Andranik Köçəryan bundan öncə Paşinyanın qondarma soyqırımı ilə bağlı irəli sürülən rəqəmlərə inanmadığını açıqlamışdı. Onun sözlərinə görə, baş nazir doğru rəqəmlərin üzə çıxarılmasını istəyir.

Köçəryanın açıqlaması Ermənistanın ictimai-siyasi çevrələrində təlaş yaradıb. Çünki arxivlər açılsa, yalanları da üzə çıxacaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password