Bakı Ermənistandan da rus hərbşilərini çıxarır – “Bəs Qərb hanı?…”
“Aprelin 22-də Rusiya sülhməramlılarının ağır tonnajlı maşın karvanı Laçın yolu ilə Ermənistana doğru hərəkət edib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bunu onunla izah edib ki, Gorus və Sisyanda sülhməramlıların infrastrukturu, şəxsi heyəti var və onun fəaliyyəti dayandırılacaq. Yəni Ermənistan Rusiyanı öz ərazisində Azərbaycanda yerləşən sülhməramlılar üçün infrastrukturla təmin edib. Bu, hələ Paşinyanın Rusiya hərbçilərinin uzun müddət Qarabağda olacağına ümid etdiyi dövrlərdə edilib”.
Bunu politoloq Fərhad Məmmədov “Facebook” səhifəsində yazıb.
“Yəni Paşinyan Rusiyanın Azərbaycanda hərbi mövcudluğu üçün şərait yaradıb, eyni zamanda öz ərazisində onun hərbi mövcudluğunu genişləndirib. Ermənistanın bu addımı ümumilikdə Rusiyanın Cənubi Qafqaz regionunda hərbi imkanlarının artmasına töhfə verib” –deyə, əlavə edib.
Ekspert vurğulayıb ki, Azərbaycan və Rusiya rəhbərliyi arasında sülhməramlıların Qarabağdan çıxarılmasına dair razılaşma İrəvanın bəyan etdiyi, ancaq həyat keçirə bilmədiyi prosesin reallaşmasını təmin edir: “Bununla təkcə Rusiyanın Azərbaycandan hərbi mövcudluğuna son verilir, həm də Rusiyanın Ermənistandakı hərbi imkanları məhdudlaşdırılır. Bu, hələ avqustun 1-də İrəvan hava limanını tərk etməli olacağına ümid bəslənilən onlarla rus sərhədçisi demək deyil, hazırda Ermənistan ərazisindən yüzə qədər rus hərbçisinin və texnikasının çıxarılmasıdır.”
“Digər tərəfdən, məhz Qazaxın sərhəd kəndləri ilə bağlı Azərbaycanla razılaşma Paşinyana Rusiya sərhədçilərinin Voskepardakı məntəqədən çıxarılması ilə bağlı bəyanatla çıxış etməsinə şərait yaradıb. Bu razılaşmadan əvvəl Paşinyan onu dilinə belə gətirməmişdi… Beləliklə, ötən üç il ərzində dediklərimiz işə yarayır. Azərbaycanla münasibətlərin normallaşması Ermənistan rəhbərliyinə daha da suveren olmağa və özünün subyektivliyini artırmağa imkan verir. Buna görə, Qərb Azərbaycana minnətdar olmalıdır!” – deyə, ekspert bildirib.
Məmmədov təəssülə qeyd edir ki, Qərb və Paşinyan 2021-ci ildən bu yana fərqli yol tutdular ki, bu da vəziyyəti daha da çətinləşdirdi, çoxsaylı insan tələfatına səbəb oldu: “Qərbin erməni mərkəzli yanaşması onlarla amansız bir zarafat etdi. Azərbaycanın reallıqlarından, coğrafiyasından, maraqlarından tam məlumatsızlıq Qərbi elə bir vəziyyətə gətirib çıxarıb ki, onlar prosesləri ancaq seyr edirlər… Brezent çəkməli Fransa səfirinin Laçın yolu ilə Azərbaycandan Ermənistana gedən Rusiya karvanını izlədiyi kimi…”
Politoloq regionda mühüm hadisələrin baş verdiyi xatırladır.
“Rusiya sülhməramlılarının Qarabağ və Ermənistandan çıxarılması, sərhədlərin müəyyənləşdirilməsi prosesinin başlanması, sülh müqaviləsi üzrə danışıqların intensivləşməsi gözlənilir. Bəs Qərb hanı?!” – deyə, ekspert sual edir./azpolitika.info