İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub
Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib.
Görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin dedi:
-Hörmətli İlham Heydər oğlu.
Əziz dostlar.
Yarım əsr əvvəl – elə bu günlərdə Baykal-Amur Magistral xəttinin tikintisinə başlanıldı. Bu, dünyanın ən böyük dəmir yolu arteriyalarından biridir, gələcəyin əsl yoludur. Təbii ki, bunu icra edənlərin, bu layihəni həyata keçirənlərin çoxu üçün, – o vaxt deyirdilər və indi də bunu təsdiq etmək olar, – BAM bütöv bir nəslin arzularının və romantik istəklərinin simvoludur.
BAM, həmçinin Sovet İttifaqının hər yerindən olan iki milyon gəncin nəhəng əməyinin və cəsarətinin təcəssümüdür. Onlar dünya tarixində tayı-bərabəri olmayan, hər mənada bənzərsiz bir layihə həyata keçirdilər.
Bu gün biz görürük ki, BAM əsasən XXI əsr üçün qlobal logistikanı müəyyən edir. Ölkəmiz Sibirin və Uzaq Şərqin mənimsənilməsi və inkişafı, Sakit Okeana doğru yük daşımalarının genişləndirilməsi üçün çox böyük imkanlar əldə etmişdir. Birbaşa deyə bilərik ki, indiki mərhələdə Şərqə dönüş məhz Baykal-Amur Magistralı sayəsində mümkün olmuşdur.
Görüşümüzün iştirakçılarını BAM-ın tikintisinə başlanması münasibətilə təbrik etmək istərdim. Burada, ilk növbədə, dəmir yolu sənayesinin, tikinti sənayesinin, dəmir yolu qoşunlarının veteranları haqqında danışmaq istərdim. Mən bu münasibətlə sizinlə həm çətinliyi, həm də qələbələri bölüşən, sizinlə hər şeyə sahib olan qohumlarınızı, yaxınlarınızı, dostlarınızı, həmkarlarınızı və xidmət yoldaşlarınızı təbrik etmək istəyirəm. İndi veteranlara müraciət edirəm, orada hər şey vardı, tonqallar ətrafında mahnılar oxunurdu, amma ən əsası, çətin və ağır zəhmət idi.
Göstərdiyiniz əmək şücaətinə, çətin vaxtlarda, keçən əsrin 90-cı illərində həyatınızın amalına sadiq qaldığınıza, əmək kollektivlərini qoruyub saxladığınıza, BAM-ın etibarlı işini təmin etdiyinizə görə hamınızın, sizinlə bərabər çalışan hər kəsin qarşısında baş əyirəm.
Bu gün BAM-da yaşayan və işləyən, qabaqcılların şanlı ənənələrini davam etdirən, bu ən mühüm dəmir yolu xəttinin yenidən qurulmasında, inkişafında və ona xidmət göstərilməsində iştirak edən hər kəsə ən səmimi sözlərimi ifadə etmək istəyirəm.
Bildiyiniz kimi, şücaətli əməyə görə təşəkkür və minnətdarlıq əlaməti olaraq, tikinti və dəmir yolu sənayesi veteranlarının və işçilərinin yüksək dövlət mükafatları ilə təltif edilməsi haqqında Fərman imzalanıb.
BAM-ın tikintisinə başlanmasının yarıməsrlik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevi şəxsən təbrik etməkdən çox məmnunam. Onun atası, – bunu bütün BAM inşaatçıları yaxşı bilir, – Heydər Əlirza oğlu BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Baykal-Amur Magistralının tikintisinə rəhbərlik edir və bu çətin layihənin həyata keçirilməsi üçün əlindən gələni əsirgəmirdi.
Bu işdə ona böyük bilik və təcrübə, idarəçilik istedadı, ən mürəkkəb problemləri həll etmək bacarığı və əlbəttə ki, xüsusi şəxsi keyfiyyətlər, ilk növbədə, çalışdığı insanlara qayğıkeş, hörmətli münasibət kömək etdi və o, bu nəhəng problemləri həll edə bildi. O, özü BAM-ın obyektlərində oldu, inşaatçılar, yeni qəsəbə və şəhərlərin sakinləri ilə söhbət etdi. Necə deyərlər, rahatlıqla ona yaxınlaşa, problemlərini danışa, cari məsələləri müzakirə edə bilərdin.
Bilirəm ki, bizim görüşümüzdə Heydər Əlirza oğlu ilə birlikdə çalışanlar da iştirak edirlər. Sizdən xahiş edərdim ki, mütləq xatirələrinizi bölüşəsiniz, Heydər Əlirza oğlunun həyatınızda oynadığı roldan danışasınız.
Onu da əlavə edim ki, Heydər Əlirza oğlunun dəstəyi ilə azərbaycanlı layihəçilər və inşaatçılar BAM-ın tikintisi zamanı stansiya kompleksləri olan iki qəsəbə – Ulkan və Anqoyanı salıblar və hazırda Xabarovsk diyarında və Yakutiyada Baykal-Amur Magistral xəttinin hissələrinin yenidən qurulması və müasirləşdirilməsində iştirak edirlər.
Rusiya-Azərbaycan əməkdaşlığının digər sahəsi bu gün BAM-ın miqyasına və tarixi əhəmiyyətinə uyğundur. Söhbət “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafından gedir. Əslində, o, Şimal dənizi marşrutunu Fars körfəzi ilə birləşdirir və ya demək olar ki, birləşdirə bilər və birləşdirməlidir.
Həqiqətən ümumittifaq tikinti layihəsinə çevrilən və bütün İttifaq respublikalarının mənafeyinə xidmət edən BAM kimi, “Şimal-Cənub” nəqliyyat dəhlizi də ən geniş beynəlxalq əməkdaşlığın nümunəsinə çevrilməlidir. Söhbət Avrasiya və qlobal Cənub ölkələrinin sürətli iqtisadi və sosial inkişafı məqsədilə yeni logistik marşrutların formalaşdırılmasından gedir.
Bir daha vurğulamaq istərdim, biz bütün maraqlı dövlətləri bu layihədə iştiraka dəvət edirik, gözləyirik ki, bu layihədə BAM inşaatçılarının – ümumi məqsədlərin birləşdirdiyi müxtəlif millətlərdən olan insanların ən yaxşı, zamanın sınanmış dostluq və qarşılıqlı yardım ənənələrindən mütləq istifadə ediləcək.
Biz öz tərəfimizdən tərəfdaşlarımıza Asiya-Sakit okean regionunun sürətlə inkişaf edən bazarlarına çıxış təklif etməyə hazırıq. Bu məqsədlə qabaqcıl texnologiyalar əsasında BAM və Trans-Sibir dəmir yollarının sürətlə modernləşdirilməsi, bütün Şərq poliqonu dəmir yolu xəttinin inkişafı planlarını həyata keçirmək niyyətindəyik.
Bu planların həyata keçirilməsi ölkəmizin birliyinin möhkəmləndirilməsi, siyasi və iqtisadi suverenliyimiz üçün böyük əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Rusiyanın Şərq sərhədlərinə kommunikasiya yollarının yaradılması ideyaları XIX-XX əsrlərin əvvəllərində görkəmli siyasətçilər və ictimai xadimlər tərəfindən irəli sürülüb.
Belə ki, 1908-ci ildə Pyotr Stolıpin o dövrdə həqiqətən parlamentin yuxarı palatası rolunu oynayan Dövlət Şurasının iclasında Amur dəmir yolunun tikintisi layihəsini müdafiə etdi, bunun sayəsində Trans-Sibir dəmir yolu tamamilə ölkəmizin ərazisindən keçdi.
Mən tam əminəm ki, Şərq poliqonunun inkişafı üçün yeni böyük vəzifələrə əsl döyüşçülər, məsələn, BAM komandası nail ola bilər. Bu, məqsədlərinə necə çatmağı bilən güclü xarakterə malik insanların xüsusi birliyidir.
BAM icmasının yaranmasına ürəkdən şadam. O, necə deyərlər, BAM-da iştirak edən hər kəsi – veteranları, Rusiyadan, keçmiş sovet respublikalarından və digər dövlətlərdən olan mütəxəssisləri birləşdirir. BAM inşaatçılarının dostluğunu canlandırmağınız və möhkəmləndirməyiniz, gənclərə insanların taleyindən, bu nəhəng layihənin şərəfli tarixindən danışmağınız və təbii ki, veteranlara yardım göstərməyiniz vacibdir.
BAM inşaatçılarını dəstəkləmək üçün təkcə ictimai səylər deyil, təbii ki, dövlətin konkret addımları da lazımdır. BAM inşaatçıları çox vaxt ağır şəraitdə – müvəqqəti daxmalarda və kazarmalarda yaşayırdılar. İndi, hazırkı mərhələdə bu, şübhəsiz ki, belə olmamalıdır.
Bununla əlaqədar qeyd etmək istərdim ki, Rusiya Federasiyası Hökuməti artıq Baykal-Amur Magistralının Tında, Severobaykalsk, Neryunqri, Komsomolsk-na-Amur kimi əsas şəhərlərinin hərtərəfli sosial-iqtisadi inkişafı planlarını təsdiq edib.
Söhbət onların nəqliyyat infrastrukturunun, mənzil-kommunal təsərrüfatının genişmiqyaslı yenidən qurulmasından və inkişafından, məktəblərin, xəstəxanaların, uşaq bağçalarının, idman obyektlərinin əsaslı təmirindən və tikintisindən gedir. Təbii ki, biz mütləq müasir evlər, yeni yaşayış binaları tikəcək, ümumilikdə bu gün BAM-da yaşayan və işləyənlər üçün layiqli şərait yaradacağıq.
Diqqətinizə görə çox sağ olun.
Sözü məmnuniyyətlə qonağımıza və dostumuza vermək istəyirəm. Buyurun, Azərbaycan Prezidenti İlham Əliyev, söz Sizindir.
x x x
Prezident İlham Əliyev çıxış edərək dedi:
– Möhtərəm Vladimir Vladimiroviç!
Əziz dostlar!
İlk növbədə, Vladimir Vladimiroviç, bugünkü tədbirdə iştirak üçün dəvətinizə görə Sizə təşəkkürümü bildirmək istərdim. Bu gün BAM-ı inşa edənlərin, həyatlarını, gəncliklərini Ümumittifaq tikintisinə həsr edənlərin əhatəsində olmaq mənim üçün böyük şərəfdir.
Habelə Baykal-Amur Magistralının inşasına başlanmasının 50 illiyi münasibətilə bütün inşaatçıları, mütəxəssisləri, bütün BAM-çıları təbrik etmək istərdim.
Vladimir Vladimiroviç qeyd etdi ki, bu tikinti Sovet İttifaqının bütün respublikalarını birləşdirib, bu, həqiqətən də belədir, onun Ümumittifaq tikintisi adlandırılması təsadüfi deyil. Biz, əlbəttə, fəxr edirik ki, Azərbaycan inşaatçıları və mütəxəssisləri də bu tikintidə fəal iştirak ediblər, Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, iki dəmir yolu stansiyasını inşa ediblər.
Əlbəttə, Heydər Əlirza oğlu Əliyevin xatirəsinə dərin ehtirama görə Vladimir Vladimiroviçə xüsusi təşəkkürümü bildirmək istərdim. Biz yaxşı bilirik ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar. Vladimir Vladimiroviç 2001-ci ildə Azərbaycana səfər edib və bu, bizim bu gün birlikdə keçdiyimiz böyük yolun başlanğıcı olub.
Bu gün biz iki ildən artıqdır ki, müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində həyata keçirilən əməkdaşlığımızın bir çox planlarının icra edilməsi məsələlərini müzakirə etdik. Əlbəttə, Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. Çünki o, Moskvada bu binada, Kremldə işlədiyi illərdə sovet dövlətinin və ona tapşırılan sahənin inkişafına rəvac vermək üçün böyük səylər göstərib. Onlardan biri də nəqliyyat sahəsi idi.
Biz, həmçinin BAM-çılara və inşaatçılara, Rusiyanın bütün nəqliyyatçılarına Heydər Əlirza oğlunun xatirəsini əbədiləşdirdiklərinə görə minnətdarıq – Anqoya qəsəbəsindəki vağzal onun adını daşıyır. BAM-çıların da yaxşı bildiyi kimi, o, Bratskdan Vladivostoka və Naxodkaya qədər çətin şəraitdə, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb.
Onu da xatırlayıram ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirə biləcəyi tikintinin miqyasından deyil, ilk növbədə, ən çətin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrdə, yolsuzluq şəraitində həyatlarını riskə atan BAM-çıların fədakarlığından təsirlənmişdi. Çünki bu insanlar demək olar ki, hər gün şücaət göstərərək, möcüzələr yaradaraq, sovet dövlətinin və bu gün isə həm Rusiyanın, həm də qonşu ölkələrin gələcək inkişafının müqəddəratını əvvəlcədən təyin edərək, uzun illər – 50 il və ya daha çox müddət ərzində həm regional, həm də beynəlxalq əməkdaşlığın inkişafı işinə xidmət edəcək unikal infrastruktur nümunəsi yaratmağa müvəffəq olublar.
Heydər Əlirza oğlunun anadan olmasının 100 illiyinin qeyd edilməsinə görə Vladimir Vladimiroviçə və rusiyalı dostlarımıza minnətdarlığımı bildirmək istərdim. Ötən il Azərbaycanda və Rusiyada onun yubileyi xüsusi ehtiramla qeyd edildi. Bu, bizim ümumi tariximizdir, biz bunu çox yüksək qiymətləndiririk.
Bu gün sevindirici haldır ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Bu gün biz, Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, təkcə böyük nəqliyyat layihələri həyata keçirmirik, həm də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edirik, həm iqtisadi, həm siyasi, enerji, humanitar və bir çox digər sahələrdə fəal əməkdaşlıq aparırıq.
“Şimal-Cənub” nəqliyyat dəhlizinə gəldikdə, bu gün Vladimir Vladimiroviçlə bu məsələni bir daha ətraflı müzakirə etdik. Hökumət üzvlərinə müvafiq təlimatlar verilib. Əminəm ki, yaxın vaxtlarda bütün məsələlər razılaşdırılacaq və biz daha bir möhtəşəm layihənin icrasına başlayacağıq.
Bildirməliyəm ki, Azərbaycan ərazisində Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolu mövcuddur. Lakin yükgöndərənlərin tələbatları bizə bu yolun yeni hissələrinin inşa edilməsinin zəruriliyini diktə edir ki, biz bu yolda yük daşımalarını artıra bilək və bununla Şimaldan Hind okeanına unikal nəqliyyat yolunu təmin edək.
Bu tədbirdə iştirak etdiyim üçün bir daha minnətdarlığımı bildirmək, bütün BAM-çıları yubiley münasibətilə təbrik etmək, Azərbaycan, Rusiya və bütün MDB ölkələrinin inşaatçılarına yeni uğurlar və nailiyyətlər arzulamaq istəyirəm.
Təşəkkür edirəm.