“Rusiyanın Qarabağdan çıxması o demək deyil ki…” – Markedonov
Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi Rusiyanın Qafqaz geosiyasi oyunundan çıxması demək deyil. Cənubi Qafqaz Avrasiya, xüsusən də Moskva üçün son dərəcə önəmlidir.
Bunu rusiyalı politoloq Sergey Markedonov deyib.
Analitik hesab edir ki, Rusiyanın Cənubi Qafqazda vəziyyəti heç o qədər də ümidsiz deyil:
“2020-ci ilin noyabrında Azərbaycan hərbi qələbə qazandı. Bununla belə, proses natamam idi. Qarabağda tanınmamış dövlət (keçmiş separatçı rejim – red.) kiçildilmiş formada da olsa qaldı, bununla yanaşı, Xankəndi ilə (separatçılarla) İrəvan arasında təmasların mümkünlüyü də vardı.
Rusiya status məsələsinin həllini daha münasib vaxta təxirə salmaqda maraqlı idi. Bakı bununla razılaşmadı, Moskva o zaman Qafqaz problemlərinin həllinə daha çox fokuslanmışdı. Amma vəziyyət dəyişməyə başladı. Azərbaycan addım-addım irəliləyir, öz taktikasını həyata keçirirdi. Məlum oldu ki, İrəvan “birləşməyə” (separatçılarla siyasi birlik) dəstək verməkdə maraqlı deyil və Moskva üçün digər prioritetlər aktuallaşıb.
Əlbəttə, söhbət Ukraynadan gedir. Rusiya ilə Qərb arasında qarşıdurmanın kəskinləşməsi ilə Moskvanın Bakı və Ankaradan asılılığı artdı, Ermənistan isə əksinə, xarici siyasətini şaxələndirməyə çalışmağa başladı. Bu kontekstdə 2023-cü ilin sentyabrında ən qısa Üçüncü Qarabağ Müharibəsi (antiterror tədbirləri) baş verdi.
Bu, yeni regional geosiyasi mənzərənin formalaşmasına gətirib çıxardı. Qarabağın erməni əhalisinin sayının azalması (Ermənistana getdilər) isə Rusiyanın bu regionda mövcudluğunu zaman məsələsinə çevirdi. Ötən ilyarımlıq hadisələr göstərdi ki, məsələnin Bakının xeyrinə həlli Ermənistanla Azərbaycana sülh gətirmədi, əvvəllər Qarabağın kölgəsində qalan məqamlar (sərhəd, anklavlar, nəqliyyat dəhlizləri və sair – red.) ortaya çıxdı. Bunlar Rusiyanın iştirakı olmadan həll olunacaq”.