Hesablama Palatası ötən il audit nəticəsində aşkarlanmış nöqsanların həcmini açıqlayıb
Hesablama Palatasının audit və analitik fəaliyyət üzrə dövlət maliyyəsinin idarəedilməsində ümumi nöqsan məbləği 1 milyard 971,9 milyon manat müəyyən edilib.
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bugünkü iclasında Palatanın 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
O ümumi nöqsan məbləğini bir neçə qrupda təsnifləşdirib.
İlk qrup büdcə zərərdir. Hesablama Palatasının Kollegiyası tərəfindən büdcəyə zərərin 103,2 milyon manat olduğu hesablanıb. Bu məbləğ – artıq və əsassız xərclər, görülməmiş iş və xidmətlər, alınmamış mallar, hesablanmamış və ödənilməmiş vergilər, ilkin təsdiqedici xərc sənədlərinin saxtalaşdırılması, dövlət satınalmalarındakı müxtəlif xarakterli qanunsuzluqlar və büdcə vəsaitlərinin düzgün idarəedilməməsidən ibarətdir.
“Nəzarət tədbirləri ilə büdcəyə zərərdən əlavə, digər maliyyə pozuntuları da qeydə alınıb ki, bu pozuntuların məbləği 459,3 milyon manata bərabər olub. Bu məbləğə VBT-yə əməl olunmaması, satınalma prosedurlarının tətbiq edilməməsi, mal və xidmət alışının orta bazar qiymətindən baha əldə edilməsi nəticəsində dövlət vəsaitinə qənaət olunmaması, ilin sonunda qalığın büdcəyə silinməməsi və s. pozuntular aid edilib”, – V. Gülməmmədov vurğulayıb.
Növbəti qrup maliyyə hesabatlarındakı təhriflərlə bağlıdır ki, bu da 1 milyard 252,5 milyon manat həcmindədir.
Sonuncu qrupa səmərəsiz xərcləri aid edilib. “Hazırda ölkə qanunvericiliyində bu anlayışa rast gəlinmir. Biz beynəlxalq təcrübəyə istinad etməklə səmərəsiz xərcləri hesablamağa çalışmışıq. Başa çatdırılmış auditlərlə əhatə olunan qurumlar tərəfindən ümumilikdə 156,8 milyon manat məbləğində səmərəsiz xərclərə yol verildiyi müəyyən edilib. Bu, qurumun fəaliyyətinin nəticəsi, iqtisadi qənaətliliyi və vəsaitlərin effektiv idarəedilməsi ilə bağlıdır”, – Palatanın rəhbəri qeyd edib.