CHP-də Azərbaycana münasibət dəyişdi – “Artıq bundan sonra…”

 

Türkiyənin ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) Azərbaycanla bağlı mövqeyində müsbət dəyişiklik var.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, CHP sədri, Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü Özgür Özəl sözügedən qurumda səsvermə hüququnun təmin edilməsi üçün Azərbaycanı müdafiə edərək, bunun özləri üçün önəmli olduğunu bildirib:

“Görünən budur ki, qardaş ölkənin əsas müxalifət partiyası olan CHP-nin Azərbaycanla bağlı mövqeyində müsbət dəyişiklik baş verir. CHP Türkiyədə keçirilən son bələdiyyə seçkilərində qalib gəlib, siyasi arenada mövqeyini bir qədər gücləndirib. Ekspertlər arasında belə bir fikir var ki, CHP iqtidara gəlsə, Türkiyədən Azərbaycana dəstək zəifləyəcək. CHP-nin ölkəmizi hakim Ədalət və İnkişaf Partiyası (AKP) kimi tam dəstək verməyəcəyinə dair şübhələr mövcuddur. Bunda haqlı məqamlar var.

İkinci Qarabağ Müharibəsində CHP-nin o vaxtkı sədri Kamal Kılıçdaroğlu və partiya funksionerlərinin ölkəmizə ciddi dəstəyinin şahidi olmadıq. Əksinə, CHP-nin bəzi üzvləri “Azərbaycanda nə işimiz var” kimi fikirlər səsləndirdilər. Təsadüfi deyil ki, Məhərrəm İncə CHP-dən gedərkən bu məqama diqqət çəkmişdi. İncənin partiyaya etirazı belə olmuşdu: “Azərbaycanda nə işiniz var” deyənlərlə mənim də işim ola bilməz”.

CHP 44 günlük savaşda AKP yox, heç Millətçi Hərəkat Partiyası (MHP) kimi ölkəmizə dəstək ifadə etmədi. CHP rəhbərliyinin dəyişməsi ilə partiyada Azərbaycanla bağlı müsbət mesajların şahidi oluruq. Hətta yeni CHP sədri Özəl seçiləndə ilk səfərini Azərbaycana edəcəyini açıqlamışdı. Özəlin etiraflarından biri də bu olmuşdu ki, CHP-də Azərbaycana münasibətdə bəzi yanlışlar olub. Təsadüfi deyil ki, Kılıçdaroğlu ötən il CHP lideri kimi qatıldığı seçkilərdə Azərbaycanda etiraz yaradan hərəkətə yol vermişdi. Seçkiqabağı kampaniyada “dəhliz projesi”ni açıqlayan Kılıçdaroğlu Azərbaycanı bundan kənarda saxlamışdı. Gec də olsa, sonradan bu səhvini etiraf etmişdi. Üstəgəl, AŞPA-da Azərbaycan əleyhinə son səsverməyə CHP nümayəndələri də qatılmamışdı”.

Məhəmməd Əsədullazadənin fikrincə, AKP hökuməti və Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanla qurduğu güclü müttəfiqlik əlaqələri CHP-nin mövqeyinə də müsbət təsir edib:

“Türkiyənin güclənməsi fonunda Azərbaycanla qurulan sıx müttəfiqlik əlaqələri CHP-nin yeni rəhbərliyin siyasətində dəyişikliyə səbəb olub. Ərdoğanın prezidentlik dövrü iki qardaş ölkənin münasibətlərində qızıl dövürdür. CHP rəhbərliyi bu reallığı qəbul edir və Azərbaycanla müttəfiqliyin Türkiyənin də milli maraqlarına cavab verdiyinin fərqindədir.

Kılıçdaroğlunun Azərbaycana qarşı qərəzli mövqeyi Ərdoğana qarşı qəzəbi üzərindən formalaşmışdı. Yeni CHP rəhbərliyi Azərbaycan siyasətində ciddi korrektlər etməyə başlayıb və Kılıçdaroğlunun səhvini düzəldir.

Türkiyədə 20 illik oturuşmuş və dövlət siyasəti var, CHP bunu da qəbul edib. CHP uğur qazanmaq istəyirsə, bundan kənara çıxmamalıdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password