Paşinyan gizlinləri açır – “Bu, “erməni kimliyi”ni siləcək”

Keçmişi unutmaq və tarixi hadisələri danmaq olmaz. Bu gün tarixi həqiqətlərin üzə çıxarılmasına, gizli arxiv sənədlərinin araşdırılmasına, görkəmli tarixçilərin və antik alimlərin fundamental əsərlərində göstərilən faktların dünya ictimaiyyətinə çatdırılmasına çox böyük ehtiyac var. Dünyaya özünü “məzlum xalq” kimi tanıtmağa çalışan ermənilərin hər yerdə geniş təbliğat apararaq “erməni soyqırımı”nın tanınmasına ciddi cəhd etmişlər və bu gün də bu yolda yorulmadan çalışırlar. Amma real faktlar, sənədlər, yazışmalar, əlyazmalar, şahidlərin ifadələri və aparılan tədqiqatlar əslində ermənilərin iddia etdiyi kimi belə bir “soyqırımı”nın olmadığını sübut edir.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyanın “soyqırımı” ilə bağlı araşdırma aparacağı haqda yayılan məlumatı şərh edən AMEA-nın əməkdaşı, dosent Zaur Əliyev deyib.

Zaur Əliyev bildirib ki, Amerika, Fransa, İngiltərə, Almaniya və digər ölkələrin arxivlərində uzun müddət axtarışlar aparıb, yüzlərlə sənəd, fotofakt, yazışmaların surətləri və digər sənədləri əldə edib, amma “erməni soyqırımı”na aid heç bir materiala rast gəlməyib:

“Ermənilər də bilir ki, Birinci Dünya müharibəsindən sonra, ingilislər 1917-1919-cu illər arasında ermənilərin siyahıya alınmasını aparıblar. Bu siyahıya alınmada indiyə qədər kimsənin bilmədiyi nəticələr ortaya çıxıb. Siyahıya alınmanın nəticəsində məlum olub ki, 1919-cu ildə Osmanlı torpaqlarında yaşayan ermənilərin sayı 1 milyon 602 min nəfər olub. Buradan belə bir nəticə çıxır ki, “soyqırımı” olan yerdə əhalinin sayı 102 min necə artıb? Bu, necə ola bilər? O dövr tamam tədqiq edilib və ingilis arxivlərindən əldə edilən sənədlər, rəqəmlər “erməni soyqırımı”nı qəti şəkildə rədd edir. Çox maraqlı faktlardan biri də odur ki, xarici ölkələrin arxivlərində ciddi mühafizə edilən materiallarından aydın olur ki, Türkiyə hökumətinin sürgün qərarı cəmi 500 min ermənini əhatə edib. Ermənilərin soyqırımı iddialarına əsasən guya 1915-ci ildə Osmanlı dövlətinin köçürmə siyasəti nəticəsində 1,5 milyon (əvvəllər 150, 200, 300 min, sonra isə 600 min deyirdilər) erməni ölüb. Bu yalançı iddianı əsaslandırmaq üçün ermənilər müxtəlif xarakterli “sənədlər” hazırlayıb, faktları saxtalaşdıraraq fikirlər uydurublar. Avropa, Amerika, Türkiyə və dünyanın bir çox alimləri həmin faktların yalan və uydurma olduğunu elmi dəlillərlə sübut ediblər.

Məlumdur ki, ermənilərə ən böyük dəstəyi Fransa verir. Orada qanunla da “erməni soyqırımı” tanınır. Ancaq bu tanınma Türkiyə və Azərbaycana siyasi təsir etmək üçün edilir. Əslində isə Fransada tanınan neçə-neçə tarixçi arxiv sənədlərini incələyiblər. 2005-ci ildə Fransada “19 tarixçi alim aldadıcı qanunlara etiraz edir” başlığı ilə çıxışlar ediblər. Həmin müraciətlərdə tarixçi alimlər bildiriblər ki, müxtəlif illərdə ölkə parlamentində qəbul olunan və tarixi gerçəklikləri yox, siyasi mənafeləri əks etdirən bir sıra qanunlar aldadıcı xarakter daşıdığı üçün ləğv edilməlidir. Onlar bildiriblər ki, ölkə parlamenti həmin qanunları qəbul edərkən tarixçi alimlərin fikirlərini öyrənməyiblər. Ona görə də onu pisləyiblər. Müraciətdə vurğulanır ki, Fransa hökuməti və parlamenti tarixlə bağlı hər hansı qanun qəbul edərkən tarixçi alimlərin fikirlərini diqqətlə öyrənməli və onların mövqeyini nəzərə almalıdır. Artıq dünya tarixi həqiqətləri görür və anlayır. Ona görə də ermənilər arxiv sənədlərinin və əsl faktların ortaya çıxmasından qorxurlar.

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü olmuş, Ohayo ştatından seçilmiş Jan Şmidt hələ uzun müddət öncə bu fikirlə gündəmə gəlib: “1915-ci il hadisələrini soyqırımı kimi qiymətləndirmək doğru deyil və bu problemin birdəfəlik həlli üçün mütəxəssislərdən ibarət müstəqil beynəlxalq komissiyanın yaradılması fikrini dəstəkləyirəm”. Nə oldu sonra? Ermənilər dərhal lobbilərini işə salıb komissiya yaradılmasına mane oldular. Niyə? Çünki sənədlər onların yalanlarını üzə çıxaracaqdı”.

Onun sözlərinə görə, soyqırımı əfsanəsi onların erməni olmalarının əsas dəlili sayılmaqla, toplumu bir arada saxlamaq üçün yeganə vasitədir:

“Buna görə də Paşinyana ciddi təyziqlər ediləcək. Çünki bu faktlar ortaya çıxsa, ümumerməni məsələsi daha qalmayacaq və ermənilərin “soyqırımı” adı ilə diasporlardan yığılan pullar dayanacaq. Nəticədə “erməni kimliyi” silinəcək”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password