Fransa səfirini geri çağırır, ermənilər sevinir… – Parisin avantürist addımı nəyə xidmət edir?
Fransa Azərbaycandakı səfirini geri çağırmaqla növbəti dəfə nə vaxtilə “mərhum” Minsk Qrupunun həmsədri, nə neytral vasitəçi, nə də Avropanın, beynəlxalq birliyin hörmət ediləcək təmsilçilərindən biri kimi çıxış etməyə layiq olmadığını göstərdi.
Səfirin Parisə çağırılması hazırda Ermənistan mətbuatının ən əsas gündəm mövzularından biri, bəlkə də birincisidir. Həm hakimiyyət, həm də müxalifət Makronun bu davranışından olduqca məmnundurlar və az qala bunu Ermənistanın böyük qələbəsi kimi qələmə verirlər. Erməni mətbuatı qeyd edir ki, Makron səfir Ann Boylonu qəbul edib. Fransa Xarici İşlər Nazirliyinin bəyanatında Azərbaycan “son aylarda iki ölkə arasında münasibətlərə xələl gətirən birtərəfli hərəkətləri” davam etdirməkdə ittiham olunur. Erməni mətbuatı yazır ki, Azərbaycan son vaxtlar dəfələrlə Fransaya qarşı ittihamlar səsləndirib, eyni zamanda Parisin Ermənistanı dəstəklədiyini qeyd edib. Qeyd olunur ki, səfirin geri çağırılıması Parisin İrəvanla sıx əməkdaşlığının və onun mövqeyini müdafiə etməsinin daha bir təzahürüdür və sair.
Ancaq daha çox maraqlı olan Fransanın zatən saysız-hesabsız daxili və xarici siyasətlə bağlı problemləri, Yaxın Şərqdə və Ukraynadakı münaqişə fonunda məhz Bakı ilə münasibətləri daha da kəskinləşdirmək istəyidir. Görünür, Cənubi Qafqaza soxulmağa çalışan Fransa bu cür addımların onun bölgədəki geosiyasi maraqlarına uyğun olduğunu düşünür və qəbul etmək istəmir ki, Cənubi Qafqazın ən böyük və aparıcı ölkəsi olan Azərbaycan bölgənin ən kiçik, zəif və dalan ölkəsi olan Ermənistanla müqayisədə daha ciddi strateji əhəmiyyətə malikdir və Ermənistana girmək hələ Cənubi Qafqaza girmək, orada söz sahibi olmaq demək deyil…
Məsələnin bir də beynəlxalq münasibətlər və davranış prinsipləri tərəfi var. Məsələ ondadır ki, Fransanın Azərbaycanla bağlı bütün “problemləri” məhz Ermənistan üzərindən formalaşan əsassız, qondarma problemlərdir və sırf Parisin ermənipərəst siyasətindən qaynaqlanır. İki ölkə arasında birbaşa hərbi, diplomatik yaxud hər hansı digər münaqişə yaradacaq heç bir səbəb olmayıb. Ancaq, məsələn, son zamanlar Paris ilə Moskva arasında açıq, hətta birbaşa hərbi toqquşmaya gətirib çıxara biləcək gərginlik yaşanmaqdadır. Makron öz qoşunlarını Ukraynaya göndərməklə hədələyir, Rusiyanın ünvanına kəskin bəyanatlar səsləndirir və münasibətlər nüvə qarşıdurmasını belə gündəmə gətirmək dərəcəsində gərilib. Ancaq buna baxmayaraq, Fransa Azərbaycandan fərqli olaraq Rusiyadakı səfirini geri çağırmır. Bunun özü də Parisin Azərbaycana münasibətdə nə qədər cılız, iküzlü və riyakar siyasət yürütdüyünün daha bir nümunəsi sayıla bilər…
Əlbəttə ki, Fransanın bu avantürasının ermənilərin sevincinə səbəb olacağı gözlənilən idi. Çünki bu toplum artıq əsrlər boyu himayədar axtarışında olan, bu cür çürük və əsassız jestləri böyük bir qələbə kimi təqdim edərək sevinən, ən sonda isə Qarabağ savaşında olduğu kimi acı məğlubiyyət alaraq, peşmançılıq, vay-şüvən qoparmağa öyrəşmiş toplumdur. Ona görə də burada qeyri-adi heç nə yoxdur və bir növ tarix təkrarlanır. Fransa səfirinin müvəqqəti olaraq geri çağırılması isə Parisin ermənilər tərəfə atdığı növbəti “sümük”dən başqa bir şey deyil…