İran-İsrail müharibəsinin Azərbaycana təsiri: Zərbə təhlükəsi var
Bölgədə gərginliyin artması, Azərbaycanın şimal və cənub qonşularının aktiv hərbi əməliyyatlarda iştirakı proseslərin axarına mənfi təsir edir. Bu xüsusda İsrail-İran qarşıdurması Azərbaycan üçün də arzuolunan deyil. İsrail Azərbaycanla müttəfiq ölkədir. Ölkəmizə hərbi-siyasi müstəvidə İsrailin dəstəyi mövcuddur.
Bunu Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O qeyd edib ki, İran Azərbaycana qarşı siyasət yürüdərək Ermənistanı dəstəkləsə də qonşu dövlətdir:
“Qonşuluqda hər hansı bir müharibənin çıxması ölkəmizin maraqlarına uyğun deyil. İranda çoxlu sayda soydaşlarımızın olması fonunda bu, arzuolunmazdır”.
Partiya sədrinə görə, bölgənin müharibə riski altında olması Azərbaycan üçün də təhlükədir:
“Bu hər iki tərəf üçün də eyni yanaşmanı tələb edir. Məhz bu xüsusda Azərbaycan İran-İsrail qarşıdurmasının bir an öncə dayanmasının tərəfdarıdır”.
Fazil Mustafa hesab edir ki, ölkəmiz tərəflərin dialoq yolu ilə müəyyən diplomatik vasitələri işə salmaqla məsələlərin həllində daha çox maraqlıdır:
“Ümid edirik ki, məsələlər məhz bu istiqamətdə inkişaf edəcək. Çünki bütün hallarda bölgədə yeni müharibənin başlaması Azərbaycana da zərbəsi dəyəcək mahiyyətdə ola bilər”.