İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?

Pərviz Heydərov yazır…

Statistikaya əsasən, ölkəmizdə 2021-ci ildən başlanan inflyasiya və bahalaşma tendensiyası səngiməkdə davam edir. Bu, sevindirici haldır. Cari ilin birinci rübü ərzində istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0,3% aşağı olduğu halda, qeyri-qida və əhaliyə göstərilən xidmətlər üzrə isə müvafiq şəkildə 1,4% və 2,5% çox olmaqla, 1% təşkil edib.

Martda istehlak qiymətləri indeksi fevralla müqayisədə 0,2%, ötən ilin eyni dövrünə nisbətən isə 0,4% artıb.

Göründüyü kimi rəqəmlərə görə istehlak bazarında vəziyyət üç illik fasilədən sonra normal məcraya qayıdıb. Lakin vətəndaşlar bunu hələ də əyani hiss etmir və təsdiq edə bilmirlər. Çünki 2021-2022-ci illərdəki bahalaşma və inflyasiya dalğası elə “iz qoyub” gedib ki, bir çox məhsulların qiymətləri çox yüksəkdədir. Yuxarıdakı rəqəmlər sadəcə, bahalaşmanın səngidiyini göstərir, ucuzlaşmanı deyil.

Söhbət, ümumi məhsullardan gedir.

Ümumiyyətlə, ölkəmizdə istehlak məhsulları üzrə ciddi deflyasiyanın baş verdiyi heç vaxt qeydə alınmayıb və alınmır da… Belə ki, kənarda qiymət artımları bizə həmişə tez təsir edir, ucuzlaşma isə yox. Sanki istehlak bazarımız yalnız bahalaşmaya adekvat qurulub.

Bunu ötənilki təcrübə də əyani göstərdi. Qlobal bazarlarda ucuzlaşma 2023-cü ilin yanvarından müşahidə olunmağa başlasa da, bizdə inflyasiya ilin sonuna 8,8% təşkil etdi.

Düzdür, sözügedən rəqəm əvvəlki illərdə ikirəqəmli həddə idi. Ancaq, qlobal iqtisadi aktivliyin zəifləməsi, əmtəə, enerji və ərzaq qiymətlərində azalma səviyyəsi fonunda 8,8% heç də aşağı rəqəm deyildi. Çünki ölkəmizə inflyasiya idxalı xeyli dərəcədə məhdudlaşmışdı.

Buna rəğmən, daxildə məcmu tələbin izafi artıma və xərc amillərinin aktivləşməyə meyilli olması yenə cüzi bir səbəb və “bəhanə” axtarırdı ki, hər şey yenidən alovlansın.

Eyni vəziyyət, yenə də qalır. Yeri gəlmişkən, Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13 milyard 474,2 milyon manatlıq, o cümlədən 7 milyard 543,6 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5 milyard 930,6 milyon manatlıq qeyri-ərzaq malları satılıb ki, dövriyyə real ifadədə 3,1% artıb.

Pərakəndə ticarət şəbəkəsində xərclənilən vəsaitin 51,1%-ni bilavasitə ərzaq məhsulları, 4,9%-ni içkilər və tütün məmulatları, 15,1%-ni toxuculuq məhsulları, geyim və ayaqqabılar, 5,4%-ni avtomobil benzini və dizel yanacağı, 4,5%-ni elektrik malları və mebellər, 2,3%-ni əczaçılıq məhsulları və tibbi ləvazimatlar, 1,3%-ni kompüter, telekommunikasiya avadanlıqları və çap məhsulları, 15,4%-ni isə digər qeyri-ərzaq malları təşkil edib.

Göründüyü kimi xərclənilən vəsaitin 50%-dən çoxu ərzağa gedib. Bu, tək tələbin artmasının deyil, həm də ərzaq məhsullarının baha olmasının göstəricisidir.

Qeyd oluna bilər ki, ən çox içkilərlə tütün məmulatlarının qiymətləri yüksəlib. Cari ilin ilk rübünün yekununa görə, tütün məmulatları keçən ilin eyni dövrü ilə müqayisədə 11,7% bahalaşıb ki, mineral sular, sərinləşdirici içkilər və şirələr 3,3%, spirtli içkilər isə 1,3% artıb.

Lakin, ət və ət məhsullarının 4,3%, balıq və balıq məhsullarının 0,9%, süd və süd məhsulları ilə yumurtanın 0,2%, meyvələrin 7,6%, qənd, cem, bal, şokolad və konfetlərin 0,4%, digər kateqoriyalara aid edilməyən ərzaq mallarının 1,7%, həmçinin çay, qəhvə və kakaonun isə 0,2% qiymət yüksəlişinə uğradığı da nəzərə alınmalıdır.

Bir sözlə, ərzaq məhsulları, qiymətlərin bahalaşması zamanı elə bir yüksəliş əldə edib ki, bu sahədə qiymət səviyyəsi hələ də istehlak xərclərinin əsasını təşkil edir. Və ən əsası da, bu sahədə bundan sonra hər hansı ucuzlaşma gözlənilmir. Söhbət, ən yaxın perspektivdən gedir.

Düzdür, ayrı-ayrı ərzaq mallarının dəyərində eniş ola bilər. Ancaq, ümumən ərzaq sahəsində nə qlobal miqyasda, nə də daxili bazarda ciddi qiymət endirimi baş verməyəcək.

Bu isə bir daha ölkəmizin ərzaq sahəsində təhlükəsizliyini daha tez müddətə gücləndirməyi, daxili bazarın bu sahədə asılılığını ən minimum həddə endirməyi, qeyri-neft-qaz sektorunun inkişafında kənd təsərrüfatı məhsulları istehsalına xüsusi diqqət yetirməyi, ən zəruri istehlak malları üzrə kəskin bahaçılığa yol verməməyi tələb edir.

Ümumiyyətlə, Azərbaycan kimi ölkələrdə ərzaq ucuz olmadığı halda, inflyasiya və bahalaşmanın statistikaya əsasən tənəzzülü sadəcə olaraq, alovun söndüyünə işarə sayılmalıdır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password