Uğurlu insan olmaq istəyirsənsə uğurlu insanların etdiyi kimi et

1952-ci ildə ABŞ-ın Yale Universitetində belə bir təcrübə keçirilib. Bir qrup psixoloq həmin ilin məzunlarından öz həyat planlarını addım-addım yazmalarını xahiş edib. Məlum olub ki, məzunların cəmi 3 faizinin dəqiq planı var, digərlərinin hər hansı ciddi planı yoxdur. 20 ildən sonra 1972-ci ildə həmin təcrübədə iştirak edən məzunları
yenidən tapıb onların nə işlə məşğul olduqlarını müəyyən ediblər. Məlum olub ki, dəqiq planı olan 3 faiz məzunun gəlirləri geri qalan 97 faizin cəmi gəlirlərindən daha çoxdur. Təsəvvür edin dəqiq plan eyni universitetdən məzun olmuş eyni savad kateqoriyasına aid insanların həyatında nə qədər böyük fərq olmasına səbəb olub.
Əksəriyyətimizin həyat ritmini sakit və düzgün adlandırmaq olmaz. Vaxt çatışmazlığı, ağır iş rejimi və bunların yaratdığı stress. Bu gərginlik məhsuldarlığı aşağı salır, tez yorulmağa, həyata marağımızın, həvəsimizin azalmağına səbəb olur. Xroniki yorğunluğun qurbanı olmamaq üçün, vaxtın və işlərin idarə edilməsi qaçılmazdır.
Uğurlu insanların hansı xüsusi vərdişləri olur?
– Əvvəla onu bilmək lazımdır ki, uğur təsadüfən qazanılmış bir nəaliyyət deyil. O, fədakarlıq və planlı fəaliyyət tələb edir.
Müvəffəqiyyətli insanları və onların qazandığı uğurların sirrlərini araşdıran bütün yazıların, kitabların ən əsas bəndlərindən biri planlı yaşamaq, həyatlarını planla idarə etmək, qurduqları planlara mütləq şəkildə riayət etmək bacarığının özlərində mütəmadi formalaşdırılmasıdır.
Planlaşdırma nədir?
Planlaşdırma məhsuldarlığın açarıdır. Planlaşdırma əsas məqsədlərin müəyyənləşdirilməsi və nəticəyə nail olmaq üçün fəaliyyət strategiyasını təyin etməkdir. Uğurlu insanlar günə planlaşdırma kimi məqsədyönlü fəaliyyətlərlə başlayır və günü ona bir daha nəzər salmaqla bitirir.
Planlarınızı yazın.
Uğurlu insanlar çox məhsuldardırlar. Onlar çox işləyirlər və ən əsas işlərini vaxtında çatdırırlar, çünki planlaşdırmaya xüsusi vaxt ayırırlar. Gündəlik planlaşdırma məhsuldarlığı artırmaq və vaxtın səmərəli idarə edilməsi üçün çox önəmlidir.
Planlaşdırma həmişə kağız üzərində olmalıdır. Məqsədlər kağız üzərində deyilsə, o zaman onlar mövcud deyil. Vərəq üzərindəki plan yolunuzu itirməyə imkan verməyən bir xəritədir.
Nə edəcəyinizi yazdığınız bir blaknot və ya dəftərin olması həyat xilasedicisidir. Gün ərzində edəcəklərinizi, müddəti ilə birlikdə yazın. Bu tarixləri xatırlamağınıza vaxtın idarə edilməsinə, özünüzü təkmilləşdirməyinizə kömək edəcək. Beləliklə, hər şey gözünüzün önündə olacağı üçün zamanınızı daha asan idarə edə biləcəksiniz.
Planlı bir gün, plansız ən azı 10 günə bərabərdir.
Planlaşdırma bizim nəyimizə lazımdır?
Planlaşdırma etməyən beyni bir dağınıq dolab kimi təsəvvür edin. Səliqəyə salmamışdan əvvəl nəyin harada olduğunu tapmaq çox çətin olur. Bir şey axtarmaq üçün həm vaxtın, həm də enerjin gedir. Amma dolabı səliqəyə salanda
nəinki istədiyini rahat tapırsan, hələ bir, görürsən ki, burada əslində kifayət qədər boş yer də var imiş, sadəcə hər şey səliqəsiz və dağınıq imiş. Həyatımız da belədir. Problemlərimizin çoxunun qaynağı həyatımızı, işlərimizi, büdcəmizi,
məqsədlərimizi planlaşdırmamaqdan yaranır.
Pulunuzu itirin, amma zamanınızı itirməyin.
Uğurlu insanlarda olan, amma bizdə olmayan xüsusiyyətlər hansılardır?
Uğurlu insanlar təmiz və səliqəli masa arxasında işləyirlər. Məhsuldar olmayan və işini planlaşdıra bilməyən insanların ilk öncə stolunun üstundə xaos olur. Sənədləri vaxtında seçməyi, lazımsız olanları tullamağı və təmiz stol arxasında işləməyi vərdişə çevirin. İş vaxtının 30%-i lazımi kağızların axtarışlarına sərf olunur. Vaxtınıza qənaət üçün iş masanızı, həmçinin həyatınızı səliqəyə salın.
İlk əvvəl prioritetlərinizi təyin etməyi öyrənin.
Bu planlaşdırma üçün ən zəruri, olmazsa olmazlardandır. Etməli olduğunuz fəaliyyətləri nəzərdən keçirin və hansıların sizin üçün daha vacib olduğuna qərar verin. Bunu etmək üçün müxtəlif yollar var. Bunlardan biri Eyzenhauer üsuludur. Bu üsul sizə tapşırıqlarınızı 4 müxtəlif kateqoriyaya ayırmağa imkan verir:
təcili və vacib;
təcili olmayan, lakin vacib;
təcili, lakin vacib olmayan (bunu başqasına həvalə edə bilərsiniz);
təcili və ya vacib deyil;
Başqa bir üsul isə 80/20 qaydasıdır. Bu qayda bizə vaxtımızın 80%-ni işimizin 20%-nə sərf etdərək keyfiyyətli və səmərəli işləməyə zəmin yaradır. Deməli, edəcəyiniz işin ən  vacib 20%-ni seçə bilsəniz, çox daha effektiv işləyə bilərsiniz.
Özünüzlə dostlaşın.
Məqsədləriniz və digər məşğuliyyətlər arasında seçim etmək həmişə asan olmur. Müxtəlif səbəblərdən uzaqlaşmaq istəyə bilərsiniz və bəzən bu, həqiqətən də zəhlətökən ola bilər. Bu zaman bir dayanın və uzunmüddətli arzularınız haqqında düşünün! Nə etdiyinizi, niyə etdiyinizi, hansı variantların sizi hədəfinizə aparacağını düşünün və belə davam edin.
Planlaşdırma vaxt qazandırır.
Sürətli olun.
Planlarınız həmişə mükəmməl işləməyə bilər. Unutmayın ki, planlar bu və ya başqa səbəblərdən dəyişə də bilər. Vəziyyətə uyğun olaraq yeni fəaliyyətlərinizi cədvəlinizə uyğunlaşdırmağı bacarmalısınız. Bunun üçün planlaşdırmanızda boş vaxtlar saxlayın.
Hər gün ən azı bir və ya iki saat. Bu ekstremal vəziyyətlər üçün rahat yer ayırmağınıza kömək olacaq. Həm də hər şey yaxşı olanda, özünüzə boş vaxtınız qalacaq.
Kimlərə “planlı insan” deyilir?
Vaxtın səmərəli idarə olunması dövrün ən aktual mövzularındandır. Hər birimiz məşğul olduğumuz istənilən peşəkar və ya həvəskar fəaliyyətimizdə uğur qazanmaq istəyirik. Bütün fəaliyyətlərimizin kökündə uğur qazanmaq hissi durur. Bu, hər hansı bir sahədə qarşımıza qoyduğumuz hədəfə çatmaqdır. Ona görə də, düzgün planlaşdırmağı bacarmaq həm həyatımız, həm də karyeramız üçün əvəzolunmazdır.
Uğurlu insanların planlaşdırılmamış günü olmur.
Planlamanı necə etsək daha produktiv olar?
Ən vacib məsələlərin həllindən başlayın və hər şeyi ardıcıl olaraq edin, yəni müəyyən vaxt ərzində bir məsələnin həlli ilə məşğul olun. Bir işi yarıda qoyaraq, digərinə keçməyin və ona yenidən təkrar-təkrar qayıdaraq, effektivliyinizi ən azı 5 dəfə aşağı salırsınız.

Uğurlu insanlar necə həyat tərzi sürür, onları bizdən fərqləndirən nədir?
1. Uğurlu insanlar günə erkən başlayar, yuxudan tez qalxdığı üçün daha çox zamana sahib olar. Onlar sanki bir günü 24 saatdan çox yaşayır. “Özünə yox de” kitabımda bu mövzuya geniş yer vermişəm. Günə hamıdan tez başlayanların həftədə 7 deyil, 8 günü var və ən əsası o artıq bir günü heç kəsin çatdırmadığı işlərə həsr edə bilirlər.
2. Günün bir hissəsini kitab oxumağa ayırmaq insan nitqini zənginləşdirər və düşüncə tərzinin kamilləşməsinə səbəb olar. Davamlı mütaliə, daha aydın düşünməyə, hadisələrə daha geniş bucaqdan baxa bilməyə və səlis nitqə sahib olmağa kömək edər. Mütaliə beynin idmanı sayılır, hər gün bir az idmanla məşğul olan beyin görün neçə möhkəm olar.
3. Vaxt qızıldır. Ona görə də uğurlu insanlar qızıl vaxtlarını faydasız işlərə və insanlara sərf etməzlər. Planla hərəkət edərlər. Maksimum dərəcədə planlaşdırmadan kənara çıxmazlar.

ABŞ Psixoloqları Assosiasiyasının jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, səhər erkən yuxudan duran insanlar gecələri oyaq qalıb hər hansı işlə məşğul olan insanlardan daha xoşbəxtdir, onlar daha çox uğur qazanır.
Tədqiqat zamanı 700 nəfərdən artıq insan arasında sorğu keçirilmişdir. Seçilmiş bu insanlar səhər tezdən yuxudan oyananda işləməyə daha həvəsli olur, özlərini xoşbəxt,enerjili və sağlam hesab edirlər.

Onlara oxşamaq istərdinizmi?
Onda bu gümrah insanların hər gün günortaya qədər çatdırdıqları işlərə diqqət yetirin:
1. Onlar gün ərzində görəcəkləri işlərin planını axşamdan tərtib edir. Bu işi səhər etsəniz, iş vaxtınızdan gedəcək. Axşamdan qurulmuş plan rahat yatmağa kömək olur.
2. Gecələr bu insanlar yaxşı dincəlir. Çünki artıq sabaha planları hazırdır. Plan işin yarısı deməkdir. Bu isə məhsuldarlığa müsbət təsir edir.
3. Onlar çox yatağı xoşlamır. Biz hər səhər yuxunuzu bir qədər də davam etdirmək üçün özümüzə 10 dəqiqə, sonra yenə 10 dəqiqə götürməklə, yenidən yuxuya gedir və işlərimizi vaxt cəhətdən gerilədəndə onlar artıq bir neçə işini görmüş olur.
Ekspertlərin fikrincə, erkən oyanmaqla, biz öz səhərimizi məhsuldar edə bilərik. Saatı kokret bir vaxta qurun və tez oyanmağa vərdiş edin. Əvvəllər çətin olacaq, bu təbiidir, sonradan buna öyrəşəcək, enerji dolu əhval-ruhiyyə ilə oyanacaqsınız.
Bir yuxu sikli 90 dəqiqədir. Yəni hər 90 dəqiqə dərin , tam yatmaq, səhər gümrah və rahat oyanmağa səbəb olur. Biz səhər yorğan-döşəkdən bir az da gec durmaq üçün hər 5-10 dəqiqədən bir təkrar rejimə basanda beyin növbəti 90 dəqiqəlik dərin yuxunu tamamlamır və yarımcıq yuxu yatdığını düşünür, bu da avtomatik yuxudan yorğun
durmağınmıza və gün ərzində yuxulu, əzgin olmağımıza səbəb olur. Ona görə zəngli saatı qurduğunuz vaxtda oyanın, ertələnən 5-10 dəqiqələr sizə yaxşı heç nə vəd etmir, əksinə günə özünüz qarşısında söz verdiyiniz vaxtda oyanmamaqla 0:1 məğlub başlayırsınız. Artıq planladığınız ilk işdə məğlub oldunuz. Bu demotivasiya gününüzün
sonrakı mərhələlərinə necə təsir edəcək özünüz düşünün.
4. Planlı yaşamağı özünə adət edənlər səhərlər idmanla məşğul olur. Hər səhər yüngül idman hərəkətləri sizi sağlam və daha gümrah edəcək, enerjinizin yüksəlməsinə kömək edəcək. Tədqiqatlar göstərir ki, səhər idmanı ilə məşğul olan insanlar öz vaxtlarından səmərəli istifadə edir, başqalarından daha dözümlü və səbirli olur, problemlərin
həllində iti ağıl nümayiş etdirirlər.
5. Uğurlu insan hər bir işi təyin olunmuş vaxta çatdırır. Bu isə özgüvənin yüksəlməsinə səbəb olur.
6. Uğurlu insan günə əvvəlcə böyük işləri həll etməklə başlayır. Əgər siz gündəlik iş planını axşamdan tərtib etmisinizsə, iş stolunun arxasına keçən kimi işə başlaya bilərsiniz. Çalışın, ən mürəkkəb işlərdən başlayın, günün məhsuldar vaxtını xırda və yorucu işlərə sərf etməyə dəyməz. Uğurlu biznes-konsultant Brayn Tereysinin “O
qurbağanı ye” kitabında qurbağanı gün ərzində etməli olduğunuz ən xoşagəlməz və vacib iş ilə müqayisə edir. Onu sonraya saxlayaraq, lazımsız emosional gərginlik və istənməyən nəticələr yaradırsınız. Çox tərəddüd etmədən və gecikmədən hərəkət etmək lazımdır – sadəcə götürün və edin. Bu sizə gün ərzində gümrahlıq bəxş edəcək. Ən
eybəcər, ən böyük qurbağanı yeyərək gününüzü daha produktiv edəcəksiniz.

Planlı yaşamamağımıza, uğurdan uzaqlaşmamıza nə səbəb olur?
Dövrümüzdə hər kəs gün ərzində güclü informasiya axınının təsirinə məruz qalır. Buna nümunə olaraq: TV proqramlarını, sosial medianı, rəngarəng reklamları və s.-ni nümunə gətirmək olar. Onlar istəsək də, istəməsək də həyatımıza zorla soxulur və fikirlərimizi başqa istiqamətlərə yayındırırlar. Bu informasiya axınının ortasında hansı
fikir və arzularımızın bizim iradəmizlə, hansılarının iradəmizdən kənar formalaşdığını çox vaxt özümüz də anlamırıq. Biz fərqinə varmadığımız informasiya mənbələri tərəfindən yönləndilirik. Dövrümüzün ən böyük vaxt oğrularına qarşı mübarizə aparmaq elə də asan deyil, amma mümkündür. Maksimum dərəcədə diqqətli olmaq lazımdır. Tənbəllik, lazımsız işlər, facebookda, instaqramda və yaxud digər sosial şəbəkələrdə boş-boş gəzmək, serialları əzbərləmək və s. çox asandır, amma uğursuzluğumuzun səbəbini anlayıb onları həyatımızdan çıxartsaq və ya maksimum kənarda tutsaq uğura gedən yolu açmış olarıq.
Bizi əsas məqsədimizdən uzaqlaşdıran, planlaşdırmamızdan kənara çıxmağa vadar edən zaman oğruları ilə necə mübarizə aparmalı?
Öz təcrübəmdən deyəcəyəm. Telefondan gələn bildiriş səslərinə qarşı çıxmaq çox çətindir. Bir, iki, maksimum üçüncü bildiriş səsindən sonra bir də ayılırıq ki, telefon əlimizdədir və biz artıq 1 saatdan çoxdur onunla vaxt keçiririk. O işinin ustasıdır, mahir oğrudur. Vaxtımızı elə şirin, elə incə oğrulayır ki, heç ruhumuz da incimir. İlk öncə telefonda gələn bildiriş səslərinin əksəriyyətini bağladım, buna sosial şəbəkələr, hər hansı shopping səhifələri, mail, mesaj qutusu və s. aiddir. Telefon istəyəndə deyil, mən istəyəndə onu əlimə alıram.
Səhərlərinizi telefonsuz açın. Yəni əksər insanlar yuxudan duran kimi telefona sarılır, gələn mesajları, xəbərləri yoxlayır. Bunu qəti etməyin. Hətta səhərləri telefondan uzaq olmaq məqsədi ilə yuxudan durmaq üçün zəngli saatlardan istifadə edin, qoy səhəriniz telefonun səsi ilə eyil, zəngli saat səsi ilə açılsın, bu həm yuxudan oyanmağa hazırlaşan “mən”inizin ilk təmasının telefonla olmamağına səbəb olacaq, həm də sizdən qabaq o
oyanıb sizi özünə çəkə bilməyəcək. Sonda onu da bilin ki, birdənbirə hər hansı işdə uğur qazanmaq mümkün deyil. Hələ heç kim əziyyətə və zəhmətə qatlaşmadan, zamanını, illərini işinə sərf etmədən uğur əldə etməyib. Uğur anadan gəlmə istedad da deyil. Durmayan, mütəmadi öz üzərində əziyyət çəkən hər kəs o zirvəyə mütləq bir gün çatır. Uğur əzmlə çalışanların göstərdiyi nəticədir.

Məqaləni oxuduğunuz üçün sizə də uğurlar.

NİGAR MAHİ
Şəxşi inkişaf üzrə kouç, “Özünə yox de” kitabının müəllifi, yazar, müəllim

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password