“Tarixi görüş”ün fiaskosu… – “90-cı illərdə bundan 10 dəfə artıq dəstək almışdıq”
Paşinyan-Blinken-Fon der Lyayen görüşü ətrafında yaranan səs-küy, Ermənistan hakimiyyətinin apardığı təbliğat ermənilərin ümidlərini doğrultmayıb, əksinə, dərin məyusluğa səbəb olub. Bunu “tarixi görüş” adlandıranlar isə onun həm siyasi, həm də maliyyə-iqtisadi nəticələri baxımından fiaskoya uğradığını etiraf etmək məcburiyyətindədirlər.
“1991-ci ildən başlayaraq, beş il ərzində Ermənistan Qərbdən 10 dəfə daha çox dəstək alıb, nəinki indi vəd ediləndən. Yaxşı, bu, bizim üçün geriləmədir, yoxsa “görünməmiş tarixi dönüş”dür? Məncə cavab aydındır…”
Bunu Ermənistan M“tarixi görüş”illi Tərəqqi Partiyasının koordinatoru, politoloq Levon Zurabyan öz facebook səhifəsində yazıb.
Zurabyan rəsmi rəqəmlərlə göstərib ki, Qərb Ermənistana Levon Ter-Petrosyanın dövründə – 1991-ci ildən başlayaraq, hazırda “qərbpərəst” Paşinyanın dövründə vəd ediləndən qat-qat daha çox yardım edib: “ 9 iyul 2021-ci ildə Avropa İttifaqı növbəti 5 il ərzində Ermənistana 2,6 milyard avro (3,1 milyard dollar) yardım göstərməyə hazır olduğunu bəyan edib.
Aprelin 5-də Paşinyan-Blinken-Fon Der Lyayen görüşü zamanı məlum olub ki, bu qərardan üç il sonra Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları birlikdə Ermənistana müvafiq olaraq cəmi 270 milyon avro və 65 milyon ABŞ dolları verəcəklərini vəd edirlər, özü də dörd il ərzində. Yəni, ümumilikdə yardım təxminən 360 milyon ABŞ dolları təşkil edəcək. Nəticədə, onlar nəinki əvvəllər verdikləri vədləri yerinə yetirməyiblər, həm də vədlərin məbləğini 10 dəfədən çox azaldıblar.
Paşinyan komandasının və onun “qərbyönlü” tərəfdarlarının 1991-ci ildən Ermənistanın “yanlış oriyentasiya” qəbul etdiyini və buna görə də Qərbdən adekvat dəstək almadığını iddia etməsi fonunda bu sual daha maraqlı görünür. Fakt budur ki, 90-cı illərdə, Ter-Petrosyan administrasiyası dövründə Ermənistan Amerika Birləşmiş Ştatlarından və Dünya Bankının vasitəçiliyi ilə birbaşa hökumət yardımı alırdı.
1992-ci ildə müvafiq olaraq 75 milyon və 22 milyon dollar, 1993-cü ildə – 172 milyon və 110 milyon dollar, 1994-cü ildə – 160 milyon və 191 milyon dollar, 1995-ci ildə – 115 milyon və 217 milyon dollar, 1996-cı ildə – 135 milyon və 292 milyon dollar, 1997-ci ildə – 99 milyon dollar və 166 milyon dollar. Bu da Ermənistanın Avropa İttifaqının TACIS proqramı çərçivəsində aldığı 49 milyon avro yardıma əlavə olaraq 1,8 milyard dollar təşkil edir.
90-cı illərdə Ermənistana verilən yardımı 2024-cü ildə verilən vədlə müqayisə etmək üçün nəzərə almaq lazımdır ki, 1993-1997-ci illərdə ABŞ dollarının gücü bugünkü 2 ABŞ dollarına bərabər idi.
Yəni, elan edilən vədlər gerçəkləşsə belə, Qərb növbəti 4 il ərzində Ermənistana 180 milyon dollar yardım edəcək. Nə baş verir?
Yeri gəlmişkən, bu, Qərbin tənqidi deyil. Qərb əlindən gələni edir və bunu məqsədəuyğun hesab edir. Sadəcə olaraq, Qərbin imkanlarını və bizə kömək etmək istəyini çox ayıq şəkildə qiymətləndirmək lazımdır.
Bu, Paşinyan hakimiyyətinə və ona fədakarcasına dəstək verən, öz uğursuzluqlarını ört-basdır etmək və sırf şəxsi maraqları naminə xalqımızı aldadan və dünyada parlaq gələcəyin qızıl dağlarını vəd edən “yalançı qərbpərəstlər”in tənqididir. Rusların və Qərbin Ermənistana qarşı etdiklərinə görə biz yalnız hakimiyyətin siyasətini günahlandırmalıyıq”.
Belə görünür ki, Paşinyan hakimiyyətinin məlum “tarixi ğörüş”lə bağlı böyük maliyyə ümidləri olub. Lakin ərazisində hələ də Rusiya hərbi bazasını saxlayana, Rusiyanın dominantlıq etdiyi hərbi-siyasi və iqtisadi strukturlarındakı varlığını davam etdirən, Kremllə “evcik-evcik” oyunu oynayan Ermənistanın dərhal Qərbdən milyardlıq yardımlar alacağını düşünənlər fiaskoya uğradıqalrını anlamağa başlayırlar… /azpolitika.info