Şərti sərhəddə lokal toqquşma istəyi: İrəvan məkrli planı işə salıb
Hərbi ekspert: “Ermənistanın hərbi təxribatlarının sayı daha da arta bilər ki, bu, yeni eskalasiya riskini artırır”
Ermənistan ordusu Azərbaycanla şərti sərhəddə hərbi gərginliyi və təxribatı artırır. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib ki, aprelin 6-sı saat 18:30-dan 22:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək, Basarkeçər və Gorus rayonlarının Cil, Günəşli və Xoznavar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy, Kəlbəcər və Laçın rayonlarının Əyrivəng, Cəmilli və Hacılar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini ümumilikdə 16 dəfə olmaqla, müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bundan başqa, aprelin 7-si saat 17:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
“Qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”, – deyə Müdafiə Nazirliyindən vurğulanıb.
Bəzi yerli və xarici ekspertlərin qənaətincə, Ermənistanın təxribatları yeni müharibə ilə nəticələnə bilər. Məsələn, rusiyalı politoloq Sergey Markov deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə ABŞ dövlət katibi və Avropa İttifaqının rəhbəri ilə çox uğurlu danışıqlar aparıb: “ABŞ və Avropa İttifaqından Ermənistana kütləvi hərbi yardım elan edilib. Bu, Ermənistanla Azərbaycan arasında yeni müharibəyə səbəb ola bilər. Brüsseldəki görüşdən dərhal sonra Azərbaycanla sərhəddə hərbi gərginlik yaranıb. Paşinyan bu yolla ABŞ və Avropa İttifaqından daha çox hərbi yardım almağa çalışır. Görünür, Ermənistan Ukrayna yolu ilə gedir. Yoxsa Ermənistanı Ukrayna yolu ilə sıxışdırırlar?”.
“Çoxları hesab edir ki, yaxın günlərdə Azərbaycanla Ermənistan arasında yeni kiçik müharibə baş verə bilər. ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda hərbi mövcudluğunu gücləndirmək üçün əsas yaratmağı xahiş ediblər?”, – deyə Markov sual edib.
Azərbaycanlı hərbi ekspert Elxan Şıxəliyev mövzu ilə bağlı sualları cavablandırarkən deyib ki, məsələ atəşkəsin pozulması deyil, ümumiyyətlə, şərti sərhəddə lokal konfliktin, eskalasiyanın yaradılması planlarıdır:
– Əslində bunun anonsu Ermənistan tərəfindən verilmişdi. Ermənistanın Baş naziri Nikol Paşinyan hələ Tavuş bölgəsinə səfəri zamanı şərti sərhədə yaxın kəndlərdə yaşayan ermənilərlə görüşdə “kəndləri boşaltmasaq, həftəsonu müharibə” kimi açıqlama vermişdi. Əslində bununla rəsmi İrəvan həm də Ermənisyanın guya təhlükəsizliyinə təhdid var mesajı verirdi. Baxın, şərti sərhəddə hərbi təxribat Ermənistan tərəfindən törədilir, ərazidə olan Avropa İttifaqının mülki müşahidəçi adı altında monitorinq aparan hərbi missiya atəşin “Azərbaycan tərəfindən açıldığını” dünyaya servis edir. Bu dezinformasiya Ermənistanın xahişi ilə bu formada yayılır.
– Yəni ki, Ermənistan yeni müharibə istəyir?
– Yox, Ermənistan müharibə istəmir. Bunun üçün Ermənistanın hərbi qüdrəti yoxdur. İrəvandakılar da Azərbaycanla yeni müharibə aparmağın mümkün olmadığını yaxşı anlayırlar. Sadəcə görünür, Ermənistan lokal toqquşma istəyindədir. Burada da məqsəd bəllidir. Məlumdur ki, 5 apreldə keçirilən ABŞ-Brüssel-İrəvan sammitinin nəticəsinə əsasən, Ermənistan istəyini ala bilmədi. Düzdür, Qərb Ermənistana maliyyə vəsaiti ayırdığını açıqladı, amma ayrılan vəsait İrəvanın istədiyi qədər deyil. Ermənistan lokal toqquşma ilə göstərmək istəyir ki, “təhlükəsizliyi Azərbaycan tərəfindənm ciddi təhdid altındadır və bunu təmin etmək üçün əlavə vəsaitə ehtiyac var”. Təxminən niyyət bundan ibarətdir. Ermənistan Qərbi inandırmaq istəyir ki, guya Azərbaycan tərəfindən təhlükə var. Bunun üçün də fakt olmalıdır, toqquşma gərəkdir. Necə deyərlər, Azərbaycanı zərbələr endirməyə təhrik edirlər. Bunun üçün də bir gün Naxçıvan, başqa gün Tovuz, sabah da ola bilsin ki, Qazax istiqamətində atəşkəsi pozacaqlar. Ermənistan üçün şərti sərhədin hansı istiqamətində atəşkəsin pozulması önəmli deyil. Önəmli odur ki, toqquşma olsun, İrəvanın Qərbdən maliyyə qoparmaq planı baş tutsun.
– Bu plan baş tutacaqmı?
– Təbii ki, təxribatlar törədilirsə, Azərbaycan Ordusu adekvat cavab vermək məcburiyyətində qalır. Bu zaman Ermənistan Avropa İttifaqının ərazidə olan əslində hərbi olan missiyasının da köməyi ilə öz təxribatını gizlədir, Azərbaycanın atəş açdığını servis edir. Qərbə də deyir ki, “baxın, bizə təhdid var”. Təəssüf ki, Avropa İttifaqının missiyası da Ermənistanın alətinə çevrilir, vəziyyəti İrəvanın istədiyi kimi sənədləşdirib Avropa instututlarına təqdim edir. Hesab edirəm ki, diqqətli olmalıyıq. Çox təhlükəli dönəmə qədəm qoymuşuq. Xüsusilə, Qərb aprelin 5-də Ermənistanı elə cəsarətləndirib ki, artıq Ermənistan üzünü Avropa İttifaqında, NATO-da görür. Təbii, bu eyforiya onların ziyanınadır. Amma biz də ölçülü-biçili addım atmalıyıq.
– Hərbi toqquşmalar realdırmı?
– Hər şey mümkündür. Şərti sərhəddə Ermənistanın hərbi təxribatlarının sayı daha da arta bilər ki, bu, yeni eskalasiya riskini artırır. Əlbəttə, Ermənistan təxribatı ilə nəyisə dəyişə bilməz. Amma siyasi baxımdan ölkəmizə müəyyən təzyiqlərin yaranmasına çalışacaqlar. Məncə, aprelin 5-də Brüsseldə bu məsələlər müzakirə edilib, hansısa qərar da qəbul edilib.
Azərbaycan gedən proseslərin fərqindədir. Hansı güclərin Ermənistanı nələrə təhrik etdiyini yaxşı anlayırıq. Bütün hallarda, nə etsələr də, sonda nəticə Ermənistan üçün vahiməli olacaq./ayna.az