Bakıda tikinti şirkəti ilə sakinlər arasında qalmaqal – Sakinlər ölkə rəhbərliyinə müraciət etdi
“Dövlət qurumları da tikinti şirkətinin qanunsuz fəaliyyətlərinə göz yumur”
Nərimanov rayonunda bir neçə binanı sökərək yerində çoxmənzilli bina inşa etmək istəyən “Gold məkan” MMC tikinti şirkəti ilə yerli sakinlər arasında narazılıq yaranıb. Belə ki, sözügedən şirkət artıq bir neçə aydır ki, Fətəli Xan Xoyski və Faiq Yusifov küçələrinin kəsişməsində iki binanın köçürülməsinə başlayıb.
Əksər sakinlər şirkətin onlara təklif etdiyi məbləğlə razılaşmadığı üçün mənzillərini boşaltmaq istəmirlər. Bildirilir ki, köçürülən sakinlər şirkətin yaratdığı süni maneələr, təhdidlər və ərazidəki dözülməz şərait ucbatından mənzillərini tərk etməli olurlar. Bina sakinləri ərazidə söküntü işləri aparan şirkətin heç bir rəsmi qurumdan icazə almadığını da iddia edirlər. Şikayətçilər, eyni zamanda “Gold məkan” MMC-nin tikdiyi binaların keyfiyyətsiz olduğunu bildirərək, qarşı tərəfin heç bir təklifi ilə razılaşmırlar.
Bu barədə Ağa Neymətulla küçəsi 58, 58/2, 54, Faiq Yusifov küçsi 43/a nömrəli binaların sakinləri ölkə Prezidenti İlham Əliyevə və bir sıra dövlət orqanlıarının rəhbərlərinə müraciət ünvanlayıb. Müraciətin bir surətini də redaksiyamıza təqdim edən sakinlər bildirirlər ki, “Gold məkan” MMC şirkəti artıq 6 aydır ki, sakinlərin narazılığına məhəl qoymadan əraizdə qanunsuz söküntü işləri aparır:“Söküntü işləri ilə əlaqədar 1 oktyabr 2023-cü il tarixdə yaşadığımız binanın önü və ətraf küçələr bağlandı. Biz 2 oktyabr tarixində Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və bir sıra digər qurumlara müraciət etdik. Dövlət Şəhərsalma Komitəsindən və FHN-dən gələn cavab məktubunda bildirildi ki, sözügedən şirkətin ərazidə tikinti-söküntü işləri aparması üçün heç bir icazəsi yoxdur. Məlum oldu ki, Bakı Şəhər İcra Hakimiyyəti bizim binamız da daxil, bu torpağı sözügedən şirkətə icarəyə verib. Lakin həmin sənəddə ərazidə tikinti-söküntü işlərinin aparılmasıyla bağlı heç bir icazə bəndi yoxdur”.
Şikayətçilər bütün aidiyyatı qurumlara müraciət edilməsinə baxmayaraq, sözügedən şirkətlə bağlı heç bir tədbir görülmədiyini deyirlər. Onlar Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra Hakimiyyətinin məsələyə adekvat münasibət bildirmədiyini, şikayətlərinə məhəl qoyulmadığını, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan məktubların heç birinə cavab verilmədiyini deyirlər.
Bina sakinləri üzləşdikləri qanunsuzluqla bağlı Bakı İnzibati Məhkəməsinə, eləcə də Nərimanov Rayon Məhkməsinə müraciət etdiklərini deyirlər:“Bakı İnzibati Məhkəməsinin hakimi Aysev Almazova haqlı tələblərimizə əhəmiyət vermədən qarşı tərəfin xeyrinə qərar çıxardı. Biz işin müvəqqəti dayandırılmasını tələb edirdik. Lakin A. Almazova bunun mümkün olmadığını bildirərək, haqlı tələbimizi rədd etdi. Daha sonra biz Nərimanov Rayon Məhkəməsinə müraciət etdik və məhkəmə martın 12-dən ərazidəki söküntü işlərinin dayandırılmasıyla bağlı qərar çıxardı. Yəni bunun üçün aylarla mübarizə aparmalı olduq. Növbəti məhkəmə prosesləri 8-9 aprel tarixlərində keçiriləcək. Ən azından bu dəfə A. Almazovanın ədalətli qərar çıxaracağına ümid edirik”.
Şikayətçilər hazırda ərazidəki işlərin dayandırıldığını, lakin buna qədər “Gold məkan” MMC-nin bir sıra qanunsuz fəaliyyətlər icra etdiyini bildirirlər:”Bizim məhəllədə 26 ağacı kəsdilər. Şirkət bina sakinlərinə müxtəlif cür təhdidlərlə, hədə-qorxu yolu ilə psixoloji təzyiqlər göstərdi. İndi Bakı Şəhər İcra Hakimiyytindən nümayəndə gəlib hesabat versin ki, burada yaşayış ola-ola necə etibarsız bir şirkətə bu qədər şərait yaradılıb? Həmin icarə sənədində bir sıra bəndlər var. Qeyd olunur ki, kommunikasiyalar bağlanmamalı, həmçinin ərazidəki yaşıllığa ziyan vurulmamaldır. Burada yollar da bağlanıb, ağaclar da doğranıb”.
Şikayətçilər binaları söküləcəyi təqdirdə prsosesin qanuni əsaslarla icra olunmasını tələb edirlər:“Sökülən binalar, həmçinin bizim yaşadığımız bina qəzalı vəziyyətdə deyil. İndi yavaş-yavaş o fikrə gətirib çıxarırlar ki, guya bu binalar hamısı qəzalı vəziyyətdədir və sökülməlidir. Əgər binamız söküləcəksə, müqavilə saxta olmamalıdır, notariusda rəsmi qaydada qeydə alınmalıdır. Ancaq sözügedən şirkət bununla razılaşmır. Onlar 32 ailəni razı sala bilmirlər. Hamı bu şirkətin fəaliyyətindən narazıdır”.
Şikayətçilər məktubun sonunda üzləşdikləri problemlərlə bağlı aidiyyatı qurumlardan kömək istəyir, haqlı etirazlarının nəzərə alınmasını xahiş edirlər.
Qeyd edək ki, yazıda qeyd olunanlarla bağlı adı keçən dövlət qurumları, həmçinin “Gold məkan” MMC-nin də mövqeyini işıqlandırmağa hazırıq. /azpolitika.info