Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara 30 milyon manatdan çox ƏDV geri qaytarılıb

 

Aprelin 1-nə qədər Azərbaycanda istehlakçılara nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə 7 793 müraciət üzrə 30,4 milyon manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, vətəndaşlardan İnternet Vergi İdarəsində yaradılmış müvafiq portal üzərindən ümumilikdə 14 min 927 müraciət daxil olub.

Eyni zamanda, portal istifadəyə verildiyi tarixdən indiyədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər 1 191 sayda “Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması” təqdim edib ki, bunlardan 761-i təsdiqlənib.

Vətəndaş məmnunluğunun artırılması məqsədilə 2023-cü ilin sentyabr ayından etibarən geri qaytarılan vəsaitlər şəxsin müvəkkil bankda olan virtual “Ədvgerial” hesabına köçürülür. Bununla da əvvəllər adıçəkilən sahədə mövcud olan bir sıra çətinliklər aradan qaldırılıb.

Vətəndaşların müraciətlərinin araşdırılması zamanı imtinaya səbəb olan bir sıra hallar müşahidə edilir. Bunlar, əsasən, son ödəniş tarixindən 90 gün ərzində müraciət olunmaması, ödənişin təyinatında e-qaimənin məlumatlarının göstərilməməsi, ödənişlərin başqa şəxslər tərəfindən həyata keçirilməsi, ödəniş zamanı ƏDV və əsas məbləğlərin ayrılıqda ödənilməməsi ilə bağlıdır.

Bundan başqa, Dövlət Vergi Xidməti mənzil tikintisi ilə məşğul olan şəxslərə də müvafiq məlumat formalarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim olunmasını tövsiyə edir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password