Təşəkkür kimə düşür: Məktəbə, yoxsa repetitora?
10 mart 2024-cü ildə keçirilmiş buraxılış imtahanının nəticələrinin 15 – 19 aprel tarixləri ərzində elan olunması nəzərdə tutulur. 14 aprel 2024-cü il tarixində də növbəti imtahan keçiriləcək. Bu il ilk buraxılış imtahanından maksimal balı toplayanların sayının çox olması müşahidə edilir. Yüksək nəticə göstərən şagirdlərin 43 % -i Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrini təmsil edir. Bu cür yüksək nəticəni Şəki və Qəbələdən 6 nəfər, Bakıdan 6 nəfər, Xırdalandan 1 nəfər və Gəncədən cəmi 1 nəfər şagird qazana bilib.
Mütəxəssislərin fikrincə, ölkə üzrə, təhsil haqları 10- 15 min manat olan özəl orta məktəblərin, oturuşmuş ənənələri olan çoxsaylı tanınmış liseylərin şagirdlərindən heç birinin bu nəticəni qazana bilməməsi də diqqət cəlb edəndir.
Dövlət İmtahan Mərkəzinin əvvəlki illərdə təşkil etdiyi bu tip imtahanlarda maksimal 300 bal toplayan nadir hallarda, bir-iki nəfər olurdu. Riyaziyyat imtahanlarında isə əvvəlki illərdə xeyli sayda şagirdlər hətta “0” bal toplayıb.
Qeyd edək ki, bu gün şagirdlərin əksəriyyəti məhz repetitor vasitəsilə imtahanlara hazırlaşırlar. Hətta belə fikirlər də səslənir ki, bir çox şagirdlərin adları kənd məktəblərində yazılmış olsa da özləri Bakıda, yaxud rayonda repetitor yanına gedirlər.
Bu gün şagirdlərin yüksək bal toplaması məktəblərin nəticəsidir, yoxsa repetitorların?
Təhsil üzrə ekspert Vüsal Kərimli bildirib ki, bu, repetitorların nəticəsidir:
“Eləcə də bizim yalnız 300 bal toplayanlar deyil, kifayət qədər 200-dən yuxarı bal toplayanlarımız da var. Biz əsasən ötənilki suallarla builki suallar arasındakı fərqə diqqət yetirməliyik. Orta məktəb məzunlarının nəticələrinin yaxşı olmasına hamımız sevinirik. Ancaq bu sünimi yaradılıb, yoxsa doğrudanmı imtahan suallarının tərtibində fərqlilik var? İmtahan verənlərin əksəriyyəti bildirirdi ki, suallar çox asan idi. Biz buna diqqət yetirməliyik. Necə oldu ki, bu il nəticə yaxşı oldu?
Bunu araşdırmaq lazımdır. Doğrudur, şagirdlərin bir çoxunun adları kənd məktəbindədir, özləri burada, şəhərdə hazırlığa gedirlər. Ancaq mən əsas faktor kimi onu hesab etmirəm. Əsas faktor kimi suallara baxmalıyıq. Əgər bu il şagird 11-ci sinifi bitiribsə, 11 il bundan öncə nələrdə dəyişiklik edilmişdi ki, o, müsbət nəticə verdi? Bunu analiz etmək lazımdır.
DİM imtahan suallarını daha asan edib. Əslində yaxşıdır. Çünki “2022-2026-cı il Starteji Yol Xəritəsi”nə görə, 2026- cı ilə qədər universitetlərdə tələbə sayını 45-50 min nəfərdən 75 minə çatdırılması nəzərə tutulur. Digər tərəfdən müəyyən səbəblərdən bəzi abituriyentlərin Azərbaycanda yox, xaricdə təhsil alıb geri gəldiyini və diplomlarını tanıtmaq üçün müraciət etdiyini nəzərə alsaq, niyə ölkədən vəsait çıxsın,? Elə burada oxusunlar. Məncə, bu məntiqlidir. Düşünürəm ki, bu vəziyyət qısamüddətli xarakter daşıyacaq, uzunmüddətli deyil”.
Ekspertin sözlərinə görə, şagirdlərin bu nəticəsi repetitorlarındır və hələlik onu məktəblərin adına yazmaq olmaz:
“Çünki tədris materialları, kitablar bu gün siniflərdə öyrədiləcək zamanla bağlı yetərli deyil. Burada bəzi məsələlər də var ki, insanların fərdiləşmə məsələsi, psixoloji vəziyyətləri var. Bəziləri daha az insan olan yerdə təhsili yaxşı mənimsəyirlər. Digər tərəfdən də rayonlarda, kəndlərdə şagirdlərin orta məktəbdə, sinifdə şagirdlərin sıxlığı yaşanmır.
Demək, burada məktəbin problemi odur ki, materialı şagirdinə yaxşı mənimsədə bilmir. Hələ ki, bu məsələ açıq olaraq qalır. Ümumilikdə, nəticələri blokdan sonra biləcəyik. Universitetlərə yerlərin sayı artırıldığı üçün qəbulda ciddi problem yaranmayacaq”./cumhuriyet.az