Sülməramlılar Xocalıda mina təmizləyəcək… – Azərbaycanda qalmaq üçün bəhanə, yoxsa dəstək?
Azərbaycan Minatəmizləmə Agentliyinin direktoru Vüqar Süleymanov dünən mətbuata açıqlamasında deyib ki, Rusiya sülhməramlılarının Xocalıda minatəmizləmə əməliyyatlarına cəlb olunması ilə bağlı layihə var.
Onun sözlərinə görə, rus hərbçilərin prosesdə istirakı planlaşdırılır: “Hazırda həmin minatəmizləyənlərin texniki avadanlıqları, alətləri və itləri akkreditasiya prosesindədir. Aprelin 6-da akkreditasiya yekunlaşacaq. Onlar Xocalıda minatəmizləmə əməliyyatına başlayacaqlar”.
Qeyd edək ki, Rusiya tərəfi bu təklifi ötən ilin sentyabrında – Qarabağda keçirilən antiterror əməliyyatından sonra versə də, rəsmi Bakı ona publik cavab verməmişdi. Ekspertlərə görə, ermənilərin kütləvi köçündən sonra Rusiya bölgədəki sülhməramlılarının qalmasını zəruri edən fəaliyyətlər axtarışına çıxıb. Mediada dərc olunan məlumatlara görə, onların sayı azaldılıb, hərbçilərin və texnikanın bir hissəsi Azərbaycan ərazilərindən çıxarılaraq Ukrayna cəbhəsinə göndərilib.
Artıq 6 aydır rus hərbçilər heç bir işlə məşğul deyil, Xocalıda dislokasiya olunmuş müvəqqəti hərbi hissədə gün keçirməklə xidməti başa vururlar. İşğaldan azad edilmiş ərazilərdə nəzarət tədbirləri Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilir. Artıq bölgələr üzrə ərazi idarəetmə qurumları formalaşdırılıb, paralel olaraq polis, təhlükəsizlik xidməti orqanları normal iş rejimində çalışır.
Vüqar Süleymanovun dediklərindən məlum olur ki, Bakı, nəhayət, Rusiya tərəfinin xahişini nəzərə alaraq onları minatəmizləmə fəaliyyətinə cəlb edib. Bu məqsədlə ölkəyə lazımi avadanlıqlar, itlər gətirilib. Ola bilsin, sülhməramlıların bir hissəsi minatəmizləmə sahəsi üzrə ixtisaslamış mütəxəssislərlə rotasiya edilib. Yaxud hərbçilərin bir qisminə Minatəmizləmə Agentliyində təlimlər keçirilib. Əks halda, onların minaların təmizələnməsi prosesinə cəlb olunması mümkün deyil.
Azərbaycan işğaldan azad edilmiş bölgələrin minalarla çirkləndirilməsini beynəlxalq müstəvilərdə qaldırır və dəstək istəyir. Çünki 30 il ərzində ərazilərimizə milyonlarla mina basdırılıb, müharibədən sonra 350-dən çox vətəndaşımız mina partlayışlarının qurbanı olub. Qarabağın yenidən məskunlaşdırılması üçün başlıca problem torpaqların minalardan təmizlənməsidir. Ermənistanın hərbi əsirlərin müqabilində verdiyi mina xəritələri də effektli deyil, Agentliyin məlumatına görə, baş verən partlayışların 55 faizi bu xəritələrdən kənar yerlərdə olub. Dünən Azərbaycan Prezidentinə zəng edən Avropa Komissiyasının ali rəhbəri Ursula fon der Leyen də Azərbaycana bu sahədə dəstək olacağına söz verib. Xatırladaq ki, Böyük Britaniya, Türkiyə və s. ölkələr, eləcə də BMT işğaldan azad edilən torpaqların minalardan təmizlənməsinə texniki və maliyyə dəstəyi veriblər.
Bu kontekstdə Rusiyanın prosesə cəlb olunması qəribə deyil. Amma Moskvanın sülhməramlılara Qarabağ ərazisində daimi fəaliyyət, missiya, mandat və s. axtarışında olduğunu yada salanda rusların minatəmizləmə dəstəyinin Azərbaycan üçün həssas məsələ olduğu aydın olur.
Vüqar İsmayılovun açıqlamasında qeyd olunan bir məqam narahatlığı bir qədər azaldır. O, bildirib ki, Rusiya hərbçiləri ancaq Xocalı şəhəri ərazisində minatəmizləmə fəaliyyətinə cəlb olunacaqlar. Yəqin ki, onların bu dəstəyi Xocalı ərazisi ilə yekunlaşar və bölgədə uzun müddət qalmaq üçün bəhanəyə çevrilməz.
Politoloq Fərhad Məmmədov şərhində bildirib ki, Rusiya hərbçiləri 2025-ci ilə qədər bölgədə qalacaqlar və onlardan daha səmərəli istifadə etmək üçün minatəmizləmə fəaliyyətinə cəlb etmək nəzərdən keçirilir.
Onların ölkədə uzunmüddətli qalmaları ehtimalına gəlincə, ekspert xatırladır ki, Rusiya sülhməramlıları 2020-ci ildə Qarabağa daxil olarkən vəzifələri tamamilə fərqli idi: “Ona uyğun olaraq da onlar öz infrastrukturunu qurdular. 2023-cü ildə şahid olduq ki, onların fəaliyyət fəlsəfəsi artıq transformasiyaya uğradı və öz məntəqələrinin çoxunu bağlayaraq 2-3 məkanda və Laçın yolu boyunca cəmləşiblər. Onların qalması 2025-ci ildə Azərbaycanın minatəmizləmə işində qazandığı nailiyyətlərdən asılı olacaq. Əlbəttə, nailiyyətlər var, amma minalarla çirkləndirilmiş ərazilərin miqyası çox böyükdür. Diqqət elədinizsə, ABŞ və Avropa İttifaqı minatəmizləmə işində Azərbaycana yardım göstəriləcəyini vəd ediblər. Bu yardımın miqyası böyük olduğu təqdirdə kənar qüvvələrə ehtiyac qalmayacaq”.
Fərhad Məmmədov onu da qeyd edir ki, əgər Rusiya tərəfinin minatəmizləmə işi səmərəli olarsa, o zaman hazırkı formada deyil, çox az saylı yardımçı qüvvələr kimi ərazidə qalıb, Azərbaycana kömək göstərə bilərlər. “Bu, ancaq humanitar məqsədlərlə, hərbçilər, hərbi qurumların nümayəndələri olmadan baş verə bilər”, – o əlavə edib.
Ekspert Xorvatiya və s. ölkələrin minalardan təmizlənməsində kənar ölkələrin humanitar dəstəyini xatırladır və Azərbaycanda da eyni təcrübənin tətbiq olunmasını məqsədəuyğun sayır. /azpolitika.info