Brüssel görüşündən sonra sərhəddə atılan güllələr: İrəvan “məngənə”də sıxılır
Brüsseldə keçirilən ABŞ-Avropa İttifaqı-Ermənistan görüşü (ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan) Qərbin İrəvanın təhlükəsizliyinə dair vədlərə ehtiyatlı yanaşdığını göstərdi.
Öncəliklə, görüşün üçtərəfli olduğu elan edilib, lakin orada dörd nəfər iştirak edib – Nikol Paşinyan, Antoni Blinken və Ursula fon der Lyayendən başqa, Avropa diplomatiyasının rəhbəri Josep Borrel səhnədə görünüb.
Deməli, görüşün üç tərəfi, dörd iştirakçısı olub və Borrel kimi Ermənistana simpatiya göstərən birinin həmin müzakirələrdəki iştirakı xoş mərama xidmət etmir.
Halbuki, açıq bəyanatlarda əməkdaşlıq sahələri arasında Ermənistana təhlükəsizlik zəmanətləri məsələsi qeyd olunmayıb.
Bu da Azərbaycanla davamlı sülhün olmadığı halda Ermənistan üçün siqnaldır.
Amma ola bilər ki, bağlı qapılar arxasındakı görüşlərdə Ermənistanın gələcək trayektoriyası üçün hərbi aspektlər və silahlanma xətti müzakirə masasına yatırılıb.
Bununla belə, sammitdən sonra verilən bəyanatların ümumi məzmunu belə oldu ki, Ermənistanın demokratik islahatlarına və iqtisadi davamlılığına dəstək məqsədləri müzakirələrin ana xəttini təşkil edib.
Bunun üçün Ermənistana Avropa İttifaqından 330 milyon avro, ABŞ-dən isə 65 milyon dollar dəstək paketi ayrılması qərara alınıb.
Bəlkə də, bu, görüşün əsl mahiyyətinin iqtisadi pərdələrlə örtülməsidir. Hələ görüşdən əvvəl Blinken və fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Bakının narahatlıqlarını sakitləşdirməyə çalışırdılar. Onlar görüşdən sonra verilən bəyanatlarla bunu sübut etmək öhdəliyini göstərməli idilər.
Nisbətən müsbət qarşılanacaq xətt budur ki, Brüssel danışıqlarında Cənubi Qafqazdakı geosiyasi gerçəklik və Azərbaycanın ərazi bütövlüyünün hüquqi şərhi baxımından vacib bir nüans masaya yatırılıb. Bu, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etməsi reallığı ilə barışıq və ermənilərin Qarabağa yenidən köçünün mümkünsüzlüyünə edilən işarələrdir.
Hərçənd ki, Qərbin Ermənistana qoyduğu investisiyanın təhlükəsizliyini mühafizə edəcək ideyaları onun regionda hərbi möhkəmlənməsinə cəhdlərin elanı kimi göstərilə bilər.
Məsələnin bu prizmadan şərhi belə ola bilər ki, Qərb Ermənistanı da qurban verərək regionda Rusiyaya qarşı cəbhələr açmaq missiyasını bəyan edir. Sözsüz ki, bu, regionda təhlükəsizliyi və Azərbaycanın formalaşdırdığı əməkdaşlıq formatlarını zədələməyə gətirib çıxara bilər.
Üçtərəfli görüş günü İlham Əliyevin Türkiyənin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən: “Cənubi Qafqaz üçün cızılan plan gələcəkdə böyük fəlakətə gətirə bilər”, – deməsi həmin fikrin təsdiqi sayıla bilər.
Həmçinin, sammitin mürəkkəbi qurumamış, Azərbaycan-Ermənistan şərti sərhədi boyunca hərbi insidentlər oldu.
Azərbaycan Müdafiə Nazirliyi aprelin 6-da yaydığı məlumatda bildirib ki, Ordumuzun Tovuz, Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.
Bu, üçtərəfli görüşdən vəcdə gələn qüvvələrin Bakı tərəfindən neytrallaşdırılması çağırışını canlandırır.
Bundan savayı, Azərbaycanın strateji müttəfiqi Türkiyə də həmin sammitin regional təhlükəsizliyi təhdid etdiyinə eyham vuran bəyanatla çıxış edib.
Qərbin rəqibi Rusiyaya gəlincə, onun İrəvana qarşı hədələyici mövqeyini bir cümlə ilə belə canlandıra bilərik:
Sammitin yekunu İrəvan üçün daha təhlükəli nəticələr doğuracaq.
Deməli, bir tərəfdən, İrəvanın Brüsseldəki görüşdən gözləntiləri çox olsa da, o, faktiki olaraq Qərb və Rusiyanın mübarizəsinin arasında möhkəm sıxışır.
Başqa yandan, Azərbaycan, Türkiyə və Rusiyanın sammit barədəki mövqeləri görüşün İrəvan üçün kəskin xəbərdarlıq kimi qiymətləndirilməsini ümumiləşdirilə bilər.
Azərbaycan regionda gərginləşən mühitdə Ermənistanı mənşə kimi görməkdə haqlıdır, çünki İrəvan müstəqil qərar verə bilmək iqtidarından uzaqdır və prosesləri sülh gündəliyindən yayındıran mövqelərə keçidlər edir.
Bu, Azərbaycanla Ermənistan arasında açıq qalan məsələlərin başqa alternativ yollarla həllini Bakının masasına qoyacaq. İrəvanın sərhəddəki təxribatları hansı həddə qədər davam etdirməsi Bakının qovluğundakı ssenarinin tətbiq edilmə arealını müəyyənləşdirəcək.