Sərxan Xavəri müdir təyin olundu
AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinə müdir təyin olunub.
Bu barədə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli müvafiq sərəncam imzalayıb.
Bu vəzifəyə filologiya elmləri doktoru, dosent Sərxan Xavəri təyinat alıb.
Qeyd edək ki, Sərxan Abbas oğlu Xavəri 26 may 1973-cü ildə Goranboy rayonunda anadan olub. 1995-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə “XIII-XVI əsrlər Azərbaycan təsəvvüf ədəbiyyatı: təşəkkülü, təkamülü və inkişaf istiqamətləri” mövzusunda filologiya üzrə fəlsəfə doktoru, 2023-cü ildə “Azərbaycan milli mədəniyyət sistemində folklorun funksional strukturu və tipologiyası” mövzusunda filologiya elmləri doktoru dissertasiyaları müdafiə edib.
1998-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası sistemində çalışan Sərxan Xavəri 2006-cı ildən indiyədək AMEA-nın Rəyasət Heyətinin elmi katibi vəzifəsində fəaliyyətini davam etdirib.
Sərxan Xavəri yerli və xarici mətbuatda, o cümlədən indekslənmiş beynəlxalq nüfuza malik elmi jurnallarda 50-yə yaxın elmi məqalənin, 4 monoqrafiyanın müəllifidir.
Filologiya elmləri doktoru Sərxan Xavəri AMEA Rəyasət Heyətinin Fəxri fərmanı, Qarabağ mövzusunda apardığı tədqiqatlara və Uğurlu elmi məruzəyə görə Fəxri diplomlarla təltif edilib. Ailəlidir, iki övladı var.