Leyenin Paşinyanla görüşdə yalanı heyrət doğurdu
Avropa Birliyi növbəti 4 il ərzində Ermənistanın inkişafı üçün 270 milyon avro qrant ayıracaq.
Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Brüsseldə Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Dövlət katibi Entoni Blinklenlə keçirdiyi görüşdən öncə mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, AB Ermənistana inkişaf proqramının işlənib hazırlanmasında kömək etməyə hazırdır və bu vəsait biznesin (xüsusən də kiçik və orta sahibkarlığın) dəstəklənməsi, onların innovasiyalarının inkişafı və xarici bazarlara çıxması üçün ayrılacaq.
Leyen bildirib ki, AB həmçinin regionda iri infrastruktur layihələrinə, o cümlədən Qara dənizin altından sualtı kabel çəkilişinə sərmayə qoymağa hazırdır:
“Bu, yaşıl enerjisinin Avropaya ixracına kömək edəcək. Avropa Birliyi Ermənistanda onun yaradılmasına, eləcə də Ermənistan və Gürcüstanın enerji sistemlərinin birləşdirilməsi potensialının artırılmasına investisiyaları dəstəkləyəcək. Dövlət aparatının inkişafı üçün də texniki dəstək göstəriləcək”.
Leyen Paşinyan hökumətinin demokratik islahatlar aparmağa hazır olmasını alqışlayıb və bildirib ki, tərəflər beynəlxalq ticarət imkanlarını müzakirə etməyə hazırdırlar. Bununla əlaqədar o, Paşinyanın təklif etdiyi “Sülh qovşağı” (“Dünyaların kəsişməsi”) təşəbbüsünü alqışlayıb.
“Biz həmçinin öldürücü silah və texnikanın Rusiya qüvvələrinin əlinə keçməməsi üçün Rusiyaya sanksiyalarımızdan yayınmağa qarşı tədbirləri də alqışlayırıq. Bu, AB və Ermənistanın dəyərlər və maraqlar baxımından daha da yaxınlaşdığını göstərir”, – Avropa Komissiyasının rəhbəri bildirib.
Zəruri olaraq qeyd edək ki, Leyenin Ermənistanın Rusiyaya sanksiyaların dəlinməməsi üçün Ermənistanın guya “mübarizə apardığını” deməsi ağ yalandır. Ermənistan Rusiyanın sanksiyalardan yayınmasıda misilsiz iştirak edən və bundan milyardlar qazanan ölkədir. Təsadüfi deyil ki, Avropa mediası da dəfələrlə bu mövzunu gündəmə gətirərək, Ermənistanın cəzalandırılmasını tələb edir.
Leyenin bütün dünyanın üzünə bu qədər ağ yalanı söyləyə bilməsinin özü təəccüb doğurur.