Kremlin Ukrayna ilə bağlı yeni strategiyası: Putinin məqsədi qələbədir

 

Rusiya Xarkovun tutulmasını “real məqsəd” hesab edir, bundan sonra müharibə tədricən bitə bilər.

Beşinci müddətə yenidən Rusiya Prezidenti seçilən və Ukraynaya nifrəti daha da qızışdırmaq üçün “Crocus City Hall”dakı terror hücumundan istifadə edən Vladimir Putin hərbi əməliyyatları gücləndirmək niyyətindədir. Kreml rəhbəri ümid edir ki, Kiyevin Qərbdəki müttəfiqləri sonda ona yardım etməyi dayandıracaq və rus qoşunları döyüş meydanında qalib gələ biləcək.

Ancaq indiyə qədər qoşunlar son dərəcə ləng hərəkət edir və Avdiyevka əməliyyatından sonra rus ordusu Əfqanıstanda 10 illik müharibədə itirdiyindən daha çox əsgər itirib. Əvəzində isə ruslar yalnız bir neçə kəndi işğal edə biliblər.

Kremlin hərbi strategiyası ilə tanış olan dörd nəfər rəsmi “Bloomberg”ə deyib ki, Putin keçən ilin sonunda ABŞ-la müharibənin dondurulması ilə bağlı danışıqlara uğursuz cəhd etdikdən sonra Ukraynada ilkin məqsədlərini həyata keçirmək niyyətindədir.

“Reuters” üç rus mənbəsinə istinadən xəbər verir ki, Putin 2023-cü ilin sonunda Türkiyədə görüşən vasitəçilər vasitəsilə ABŞ-la əlaqə saxlayıb, onun siqnalı Vaşinqtona ötürülüb. Rusiya lideri mövcud mövqelərdə münaqişənin dondurulmasını təklif edib və heç bir işğal olunmuş əraziləri azad etmək niyyətində olmadığını deyib. Vaşinqton isə Ukraynanın iştirak etməyəcəyi danışıqlardan imtina edib.

ABŞ rəsmiləri deyiblər ki, onlar Putinin hərbi əməliyyatların dayandırılmasını müzakirə etməyə ciddi şəkildə hazır olduğuna dair heç bir əlamət görməyiblər. “Reuters” bu barədə fevral ayında yazıb və ABŞ-dakı “Bloomberg” mənbələri də bunu təsdiqləyib.

İndi isə Rusiya atəş gücü və canlı qüvvə baxımından üstünlüyündən istifadə etməyə hazırlaşır. Vəziyyətlə tanış olan müttəfiq ölkələrin rəsmiləri bildiriblər ki, sursat çatışmazlığı səbəbindən Ukrayna artilleriyası Rusiyadan yeddi dəfə az mərmi atır. Ukrayna ordusunun silahları bəzən gündə yalnız bir dəfə atəş açır.

Öz növbəsində, Rusiya Prezident Administrasiyasına məsləhətlər verən Siyasi İnformasiya Mərkəzinin baş direktoru Aleksey Muxin “Blomberg”ə belə deyib: “İndi Putin çox güman ki, vəziyyəti gərginləşdirəcək. Onun məqsədi qələbədir”.

Bu barədə bu yaxınlarda “Meduza” və “Layout” da yazıb. Məlumata görə, Kreml Xarkovun tutulmasını “real məqsəd” hesab edir, bundan sonra müharibə tədricən bitə bilər.

“Vestk” mənbələri isə bildiriblər ki, hakimiyyət Xarkovu mühasirəyə almaq məqsədilə əməliyyata başlamaq üçün ehtiyatda olan hərbçiləri çağırmaqla ən azı 300 min insanı səfərbər etməyi planlaşdırır.

Putinin mart seçkilərindəki “qələbəsindən” sonra Rusiya Ukrayna şəhərlərinə raket hücumlarını gücləndirib. İndiyədək 144 nəfərin ölümü ilə nəticələnən “Crocus City Hall”dakı terror aktından sonra Putin və onun kəşfiyyat xidmətlərinin rəhbərləri heç bir dəlil olmadan Ukraynanı günahlandırmağa başladılar, baxmayaraq ki, İŞİD terror aktına görə məsuliyyəti öz üzərinə götürdü.

“Bloomberg” yazır ki, Kiyevi və onun Qərb müttəfiqlərini konsert zalında qətliamın təşkilatçısı kimi göstərmək cəhdi Kremlin hərbi əməliyyatları gücləndirmək, o cümlədən ehtiyatda olan qüvvələrin mümkün səfərbərliyi üçün tədbirlər görmək üçün zəmin hazırlaması ilə bağlı fərziyyələrə səbəb olub./ayna.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password