Bugünkü Brüssel görüşü regiona sülh və təhlükəsizlik mühiti gətirməyəcək

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov bu gün ABŞ, Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Brüsseldə keçirilən üçtərəfli görüşün regiona sülh və təhlükəsizlik mühiti gətirməyəcəyini bildirib.

Deputat açıqlamasında qeyd edib ki, görüş haqlı olaraq Azərbaycan cəmiyyətində narazılıq və narahatlıq doğurub.

“Biz ABŞ və Aİ-nin üçtərəfli müzakirə təşəbbüsünü qınayırıq. Bunu ABŞ və Aİ də çox yaxşı bilirdi”, – parlamentari söyləyib.

Onun sözlərinə görə, bütün reallıqlar fonunda Azərbaycan Prezidenti İlham Əliyevin də tutduğu prinsipial və qətiyyətli mövqe öz rolunu oynayıb:

“Həm ABŞ Dövlət katibi Antoni Blinken, həm də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan liderinə zəng edib. Onlar Azərbaycan Prezidentini inandırmağa çalışırdılar ki, görüşdə ölkəmiz əleyhinə adım atılmayacaq, sırf Ermənistan iqtisadiyyatının gücləndirilməsi və orada demokratiya islahatları ilə bağlı məsələlər müzakirə ediləcək”.

“Türkiyə parlamentinin deputatı və Türkiyə Böyük Millət Məclisinin NATO-dakı nümayəndəsinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən bu gün ABŞ, Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə keçirilən üçtərəfli görüşə toxunan dövlətimizin başçısı bildirib ki, bununla Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır. Hesab edirəm ki, heç bir halda Brüssel görüşü regionda sabitliyin və təhlükəsiz mühitin formalaşmasına xidmət etmir. Əksinə, çox qorxulu və təhlükəli proseslərin katalizator rolunu oynaya bilər”, – E.Nəsirov deyib.

Tərəflərin görüşdən sonrakı açıqlamasına münasibət bildirən deputat qeyd edib ki, orada Ermənistana iqtisadi yardım, Avropa İttifaqı tərəfindən 270 milyon avroluq maddi dəstək ayrılması qərara alınıb, demokratiya və islahatlardan bəhs edilib: “Ancaq görüşün qapalı keçirdiyi nəzərə alsaq, üçtərəfli hərbi paktın, Ermənistana hərbi dəstəyin, güzəştlərin müzakirə edilmədiyinə inana bilmərik. Çünki bu görüşdə inklüzivlik təmin edilməyib. Brüssel görüşünün və aparılan danışıqların regionda hansı qorxulu, təhlükəli və faciəvi prosesləri şərtləndirə biləcəyini indidən proqnozlaşdırmaq mümkündür”.

Parlamentari onu da əlavə edib ki, hadisələrin bundan sonrakı bütün mənfi ssenari üzrə inkişafının məsuliyyəti Ermənistanın və onun havadarlarının üzərindədir: “Azərbaycan bundan sonrakı proseslərdə heç bir məsuliyyət daşınmır. Prezident İlham Əliyev və Mövlud Çavuşoğlunun apardığı danışıqlar da göstərdik ki, yeni reallıqda Azərbaycan-Türkiyə birliyi sarsılmazdır. Biz birliyimizi həmişə gücləndirməliyik, təhlükələr və təhdidlər dostluğumuzu, qardaşlığımızı möhkəmləndirməlidir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password