Türkiyənin 5 şəhərində iğtişaşa cəhd edildi – General

 

Türkiyədə əvvəldən xarici kəşfiyyat orqanları ilə birlikdə planlaşdırılan və seçki mərhələsində gerçəkləşdirilməyə çalışılan, ancaq uğurlu olmayan, eyni zamanda səsvermə zamanı xalqı üsyana təşviq üçün təxribatlara əl atan PKK yenə öz çirkin əməllərindən əl çəkmir.

Bu sözləri açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz deyib.

General bu iğtişaşların Türkiyənin terrora qarşı mübarizəsini zəiflətmək məqsədi daşıdığını bildirib:

“Vanda əvvəldən ölkənin konstitusional quruluşuna qarşı törətdiyi cinayətlərə görə hüquqi prosedura uyğun şəkildə mandat seçilən bələdiyyə sədrinə yox, bir sonrakı namizədə verildi. PKK isə tərəfdarlarını demokratik haqları axtarmaq bəhanəsi altında küçəyə çıxmaq təlimatı verdi. Buna görə də Van, Batman, Hakkari, Adana və İstanbulda terror təşkilatının tərəfdarları küçələrə axışaraq dövlətə meydan oxumağa cəhd etdilər. Belə məsələlərlə bağlı dövlətimizin böyük təcrübəsi var və bu dəfə də kirli oyun oynamaq istəyənlərin planları boşa çıxacaq. Eyni planlar ölkəmizdə 8 avqust 2015 və 9 mart 2016-ci illərdə həyata keçirilən “Xəndək əməliyyatı” zamanı da gündəmdə idi, amma dövlətimiz o planları hazırlayanları məhv etdi. Bəs bunların məqsədi nədir? Məqsədləri Türkiyədə terrorun qarşısının alınmasına, İraqda mərkəzi hökumətlə birlikdə PKK-nın yox edilməsinə, seçkilərdən sonra keçirilməsi nəzərdə tutulan antiterror əməliyyatına, PKK və YPG terrorçularının birləşməsinə qarşı atılacaq addımlara mane olmaqdır. Buraya Suriyadakı antiterror fəaliyyətlərimiz də daxildir. İnsan hüquqları pərdəsi altında məsum bir görüntü verərək Qərbin diqqətini ölkəmizə çəkmək və küçələri qan gölünə çevirmək istəyirlər. Kirli oyunun arxasında isə 1984-cü ildə PKK-nı quraraq minlərlə şəhid verməyimizə, yüz milyardlarla dollar pulun buraya xərclənməsinə səbəb olan ABŞ və Fransa kimi ölkələr var. Ancaq bütün hallarda bunlara qalib gəlmək üçün dövlətimizin həm hərbi, həm siyasi gücü, eyni zamanda xalqla fikir birliyi, həmrəyliyi var. Türkiyənin son terrorçu yox edilənədək mübarizəsi bitməyəcək”.

Qeyd edək ki, dünən PKK tərəfdarları Türkiyənin Diyarbəkir, Batman, Hakkari, Adana, İstanbul və s. şəhərlərində kütləvi iğtişaşlar törətməyə cəhd ediblər. Polis iğtişaşlara qarışan 89 nəfəri saxlayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password